Məhkəmə qərarları › İş №e-2(004)-884/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-884/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-884/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi; cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 5974,96 manat məbləğində kredit borcu, 1059,17 manat məbləğində faiz borcu və 290,10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7324 (yeddi min üç yüz iyirmi dörd) manat 23 (iyirmi üç) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 93,24 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 003L**********23 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 003R********** saylı kredit razılaşması əsasında 28 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 003R**********SC saylı, xx.xx.2021-ci il tarixli 003R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 4025,04 manat ödəmiş, onun 5974,96 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişlər ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 174 gün üçün hesablanmış faiz borcu 1059.17 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 174 gün üçün hesablanmış cərimə 290,1 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, vətəndaş banka müraciət edəndə ki, ödənişdə müəyyən çətinlikləri var, krediti ödəyə bilmir, yubanmalar olur, bu zaman bank tərəfindən müddət uzadılır və əlavə sazişlər bağlanılır. Cavabdeh2 ilə ən axırıncı saziş xx.xx.2021-ci il tarixdə bağlanılmış və 16 iyun 2023-cü il tarixdə son ödəmə tarixi idi. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, borcu ödəməkdən heç vaxt yayınmamışdır. Hər ay 550 manatdan krediti ödəmiş, ailəsində onkoloji xəstə olduğundan bir az müəyyən maddi problemlər yaranmışdır. O, banka müraciət etmişdir ki, aylıq ödənişi aşağı salsınlar və o, hər ay 300 manat ödəsin. Lakin bank bildirmişdir ki, məbləği aşağı sala bilmirlər və məhkəməyə müraciət edəcəklər. O, 04 ildir ki, bu bankdan kredit götürür və həmişə krediti ödəyib. Yaxşı müştəri olmasaydı, bank dörd dəfə ona kredit verməzdi. Hal-hazırda imkanı olmadığından krediti ödəyə bilmir. Cavabdeh2 iddia tələbinin təmin olunacağı təqdirdə, məhkəmədən pulun ondan birdəfəlik yox, hissə-hissə tutulmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə tərəfindən elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 003R********** saylı kredit razılaşması əsasında 28 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüş, daha sonra kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 4025,04 manat ödəmiş, onun əsas borc üzrə 5974,96 manat, məbləğində kredit borcu qalmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1 və 445.2.1, 470.1, 472.1 və 472.3-cü maddələrinə əsasən və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə belə hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin AccessBank» QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən müştərək qaydada İddiaçı QSCnin xeyrinə 290,10 manat məbləğində cərimə borcunun tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003R********** nömrəli razılaşma və ona əlavə edilmiş sazişlər ləğv edilməli; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 5974,96 (beş min doqquz yüz yetmiş dörd manat 96 qəpik) manat əsas, faiz borcu üzrə 1059,17 (bir min əlli doqquz manat 17 qəpik) manat, 290,10 (iki yüz doxsan manat 10 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7324,23 (yeddi min üç yüz iyirmi dörd manat 35 qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 93,24 (doxsan üç manat 24 qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003R********** nömrəli razılaşma və ona əlavə edilmiş saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 5974,96 (beş min doqquz yüz yetmiş dörd manat 96 qəpik) manat əsas, faiz borcu üzrə 1059,17 (bir min əlli doqquz manat 17 qəpik) manat, 290,10 (iki yüz doxsan manat 10 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 7324,23 (yeddi min üç yüz iyirmi dörd manat 35 qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 93,24 (doxsan üç manat 24 qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar