Məhkəmə qərarları › İş №e-2(004)-895/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-895/2025

07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-895/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərtər RQİİ-nin Yevlax XS üzrə rəis müavini S.Vəliyev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində nəql olunan orta təzyiqli PE-110 mm daşıyıcı polietilen qaz borusunu, qazıntı işləri apararkən "xxxx" MMC-yə məxsus ekskovator-nəqliyyat vasitəsilə zədələmişdir. Hadisə zamanı qaz kəməri əyilib deformasiyaya uğramış, boruda 9mm/8mm iki yerdə dəliklər açılmışdır. Zədələnmə zamanı qaz kəmərində təzyiq 600 mbar həcmində təşkil etmiş və saat 11:05-dən 11:45-dək havaya təbii qaz axını baş vermişdir. Qəzanın nəticələri barədə tərtib olunmuş akt təmir bərpa işləri qurtarandan sonra XS-nin inzibati binasında qeydə alınmışdır.

2. Qaz kəmərinin zədələnməsi zamanı qaz itkisinin hesablanması barədə xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, itirilmiş qazın dəyəri cəmi 433,8 manat təşkil edir.

3. Yevlax st. XPŞ-nin İstintaq və Təhqiqat qrupunun təhqitatçısı polis mayoru Anar Rəhimovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, toplanmış material ilə cinayət işinin başlanması rədd edilmiş, Tərtər X2 İdarəsinin Yevlax Xidmət Sahəsinə dəymiş 433,8 manat maddi ziyanla bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir.

4. Araşıdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, Yuxarı Qarxun kəndi ərazisində qazıntı işləri aparılarkən Qaz Xidməti Sahəsinin Gülağa adlı əməkdaşı ilə əlaqə saxlanılmış, sonuncu qaz xəttinin zədələnmiş yerdən təxminən 50 metr kənar tərəfdən keçməsi barədə məlumat vermiş, buna görə də həmin ərazidən boru keçmədiyinə əmin olub, qazıntı işlərinə başlamışlar.

5. "xxxx" QSC tərəfindən sorğuya cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli, EN-435/25 nömrəli məktubdan görünür ki, Cavabdeh "xxxx" QSC-də xx.xx.2023xx.xx.2023-cü il tarix aralığında mühəndis vəzifəsində çalışmış, eyni zamanda xx.xx.2023cü il tarixdə Yevlax rayonu yuxarı Qarxun kənd ərazisində qazıntı işlərinə nəzarət etmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 433,80 manat məbləğdə zərər və 30,40 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 464,20 manat məbləğdə pulun cavabddehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, cavabdeh "xxxx" şirkətinin mühəndisi olaraq Yevlax rayonu üzrə rəhbərlik etdiyi lahiyə çərçivəsində internet kabellərinin çəkilməsi zamanı xx.xx.2023-cü il tarixdə Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisində qazıntı işləri aparan zamanı İddiaçı Tərtər X2 İdarəsinin balasında olan PE-110 mm-lik qaz kəmərini zədələyərək yararsız hala salmışdır. Hadisə nəticəsində 433,80 manat məbləğdə ziyan dəymişdir. Qeyd olunan faktla bağlı İddiaçı Tərtər X2 İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis şöbəsinə müraciət olunmuşdur. Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün rədd edilmiş və aidiyyatı məhkəməyə mülki qaydada müraciət olunması tövsiyyə olunmuşdur.

b) iddiaya etiraz

8. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

9. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında isə iddia tələbini qəbul etməyərək, göstərmişdir ki, o, şirkətin mühəndisi olaraq qazıntı işlərinin özünə yox, kabellər çəkildikdən sonrakı doldurma işlərinə nəzarət etmişdir. Polis şöbəsində ona görə o izahat vermişdir ki, həmin vaxt şirkəti təmsil edəcək başqa şəxs yox idi. Eyni zamanda iddiaçının zərəri şirkətin özündən tələb etməsi daha doğru olardı.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. ... Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.”

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

16. İşdəki sübutlarla müəyyən edilir ki, cavabdeh "xxxx" şirkətinin mühəndisi olaraq Yevlax rayonu üzrə rəhbərlik etdiyi lahiyə çərçivəsində internet kabellərinin çəkilməsi zamanı xx.xx.2023-cü il tarixdə Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisində qazıntı işləri aparan zaman İddiaçı Tərtər X2 İdarəsinin balasında olan PE-110 mmlik qaz kəmərini zədəliyərək yararsız hala salmışdır. Hadisə nəticəsində 433,80 manat məbləğində ziyan dəymişdir. Qeyd olunan faktla bağlı İddiaçı Tərtər X2 İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis şöbəsinə müraciət olunmuşdur.

17. Məhkəmə işdəki sübutlara qiymət verərək qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün zəruri şərtlər iş üzrə ödənilir. Belə ki, cavabdeh tərəfindən təqsirli olaraq hüquqazidd əməl törədilmiş, törədilmiş əməl nəticəsində başqa şəxsə - hazırkı halda iddiaçıya zərər vurulmuşdur və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə mövcuddur.

18. Məhkəmə cavabdeh tərəfin dəlillərinə münasibətdə isə qeyd edir ki, onun hadisə vaxtı qazıntı işlərinə nəzarət etməsi həmin vaxt işçisi olduğu şirkətin məhkəmə sorğusuna verdiyi cavabla təsdiq olunur.

19. Bundan əlavə, hüquqi və ya fiziki şəxsin öz işçisinin vurduğu zərərə görə daşıdığı məsuliyyət təqsirsiz məsuliyyətdir və zərərin əvəzinin ödənilməsi ilə bağlı işəgötürənə qarşı tələb olduğu halda ondan zərərin əvəzi tutula bilər.

20. Zərərə uğramış şəxs isə birbaşa zərər vuran şəxsin özünə - təqsirli olaraq məsuliyyət daşıyan şəxsə qarşı da tələblə çıxış edə bilər ki, bu halda zərərin əvəzinin ödənilməsini tələb etməkdə zərərə uğramış şəxsin sərbəst seçimi mövcuddur.

21. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 433,80 manat məbləğdə zərər və 30,40 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 464,20 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 433,80 manat məbləğdə zərər və 30,40 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 464,20 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar