Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-934/2023 23.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2012ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə 11.524,87 manat əsas borc, 1.124,83 manat faiz borcu, 9.451,02 manat cərimə borcu, 4.284,8 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26.385,52 manat borc və 169,169 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması və tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Optima” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda isə qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddəti ötürüldüyündən iddianın təmin olunmamasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 izahat verərək bildirir ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən, bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 17.620 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan “Kia Optima” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 11.524,87 manat əsas borc, 1.124,83 manat faiz borcu, 9.451,02 manat cərimə borcu, 4284,8 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26.385,52 manat borcu qalmışdır. Bununla da bankın – ipoteka saxlayanın tutmanı ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. Suala cavab olaraq bildirir ki, kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2015-ci il tarixdə olmuşdur. Faiz borcu kredit müqaviləsinin qüvvədə olma müddətinə hesablanmışdır. Məhkəməyə ilk dəfə 2018-ci il tarixdə müraciət edilmiş, lakin iddiaçı tərəf iştirak etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. 2018-ci ildə iddiaçı iddia ərizəsinə baxılmasının təzələnməsi ilə bağlı müraciət etmiş, nəticə ilə bağlı qərardadı isə gec əldə etdiklərindən mübahisələndirilməmişdir. Odur ki, göstərilənlərə əsasən iddia müddətinin ötürülməmiş hesab edilərək tələbin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, onun adından bağlanmasına baxmayaraq müqavilə üzrə qeyd olunan krediti özü götürməmişdir. Hətta onun sürücülük vəsiqəsi və nəqliyyat vasitəsi belə yoxdur. Həmçinin iddiaçı 3 illik iddia müddətini də ötürmüşdür. Suala cavab olaraq bildirir ki, banka gedərək kredit müqaviləsini imzalamışdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarında olan iddiaçının istinad etdiyi "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsinə əsasən "xxxx" KB QSC Cavabdeh 36 ay müddətinə illik 20% faiz dərəcəsi ilə 17620 manat məbləğində kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə faizləri ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı ipoteka müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan “Kia Optima” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********462 saylı maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə 11524,87 manat əsas borc, 1124,83 manat faiz borcu, 9451,02 manat cərimə borcu, 4284,8 manat gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26385,52 manat məbləğində borcu yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi və həmin kredit müqaviləsinin icrasının təminatı olaraq ipoteka müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və Cavabdeh bank qarşısında öhdəliyini pozmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4946/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qeyd edir ki, bankın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı "xxxx" KB QSC ilə Cavabdeh arasında müqavilə xx.xx.2012-ci ildə bağlanmışdır. Müqavilə müddəti 36 ay – xx.xx.2015-ci ildə bitmişdir. İddiaçı 2018-ci ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-4946/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı məhkəməyə ağlabatan müddətdə müraciət etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Həmin vaxtdan 3 üç ildən artıq müddət keçmiş, bu müddət ərzində bank tərəfindən borcla bağlı hər hansı tədbir görülməmişdir. Ona görə də göstərilən müddət ağlabatan hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, Bank Standart” KB QSC-nin Cavabdeh qarşı xx.xx.2012-ci il tarixli, 1xx/xx/8505/12 saylı kredit müqaviləsi üzrə 11524,87 manat əsas borc, 1124,83 manat faiz borcu, 9451,02 manat cərimə borcu, 4284,8 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz borcu olmaqla, ümumilikdə 26385,52 manat borc və 169,169 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması və tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Optima” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda isə qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə iddia tələbi müddət ötürüldüyündən təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-934/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-934/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver