Məhkəmə qərarları › İş №e-2(004)-952/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-952/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-952/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürən üçüncü şəxs X1, Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, (16ay x 300), 4800 (dörd min səkkiz yüz) manat məbləğin maddi zərər kimi Cavabdeh Kavi qızından tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış kirayə müqaviləsinin müddəti bitənə qədər qüvvədə qalması barədə və ya kirayə müqaviləsi ləğv edildikdə həmin müqavilənin 7.1-ci bəndinə əsasən iddia tələbindəki maddi ziyanla olan hissəni və cavabdeh şəxsə 2024-cü ilin dekabr ayında nağd şəkildə ödədiyi 3720 manat məbləğin ona qaytarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında üçüncü şəxs “REAL ƏMLAK” daşınmaz əmlak agentliyinin iştirakı ilə 17 aprel 2024-cü il tarixli, 105 nömrəli “Daşınmaz əmlakın kirayəyə verilməsi haqqında” icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh Kavi qızı (“İcarəyə verən”) ona məxsus Bakı şəhəri, Yasamal rayonu, X5 78 V küçəsi, mənzil 316 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsini İddiaçı (“İcarəçiyə”) icarəyə vermişdir. Müqavilənin 3.1-ci maddəsinə əsasən həmin mənzilə görə kirayə haqqı 600 manat məbləğində nəzərdə tutulmuşdur. Lakin, sözügedən mənzilə görə tərəfindən hər ay 620 manat məbləğ ödənilmişdir. Müqavilənin 5.1-ci maddəsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış 17 aprel 2024-cü il tarixli, 105 nömrəli “Daşınmaz əmlakın kirayəyə verilməsi haqqında” icarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixinədək razılaşdırılmışdır. Cavabdeh müqavilə şərtlərini birtərəfli olaraq pozmuş və onu xeyli ziyana salmışdır. Hal-hazırda özünə ev tapa bilmir. Müqavilənin müddəti müəyyənləşdirildiyi halda cavabdeh şəxs heç bir əsas olmadan müqavilə şərtlərini vaxtından əvvəl pozur və müqavilə münasibətlərinə də vaxtından əvvəl xitam verilməsini istəyir. Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, X5 ərazisində yerləşən 2 otaqlı yaşayış sahələrinin icarə qiyməti 800-900 manat aralığında təşkil edir. Cavabdeh şəxs heç bir əsas olmadan müqavilə şərtlərini vaxtından əvvəl pozduğuna və müqavilə münasibətlərinə də vaxtından əvvəl xitam verilməsini istədiyinə görə, o, icarəyə yaşadığı yaşayış sahəsindən 300 manat məbləğində artıq ödəyərək yenidən 900 manat məbləğində icarəyə yaşayış sahəsi götürməlidir. Cavabdeh Kavi qızı 2 (iki) il müddətinə aralarında bağlanmış icarə müqaviləsinin şərtlərini birtərəfli olaraq pozaraq onu xeyli ziyana saldığına görə, hal-hazırda mən özünə ev tapa bilmədiyimə görə 17 aprel 2024-cü il tarixli, 105 nömrəli “Daşınmaz əmlakın kirayəyə verilməsi haqqında” icarə müqaviləsinin 7.1-ci maddəsinə əsasən, “Bu müqavilədə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır (AR Mülki Məcəlləsi 784, 786.1)”əsasən 16 ay müddətini, hazırda həmin ərazidə yerləşən 2 otaqlı yaşayış sahəsinin qiymətinin 900 manat olmağını və aradakı 300 manat fərqi nəzərə alaraq (16 ay x 300) cavabdeh şəxs ona hazırda 4800 (dörd min səkkiz yüz) manat məbləğində madd iziyan vurmuşdur. Daha sonra, Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçı tərəfindən mənzil baxımsız olmuş, evdə müxtəlif ev heyvanları saxlanılmışdır. Bundan başqa evdə razılaşdırılmış şəxslərin xaricində müxtəlif şəxslər də yaşamağa başlamışdır. Müxtəlif saatlarda gecə və gündüz mənzilə müxtəlif tanımadığı şəxslər gəlməyə başlamışdır. Bundan başqa aşağı qonşunun şikayəti əsasında mənzilə baxış keçirilmişdir. İddiaçının istifadə etdiyi mənzildən aşağı mənzilə su axıdılmışdır. Bütün bunlardan göründüyü kimi iddia ərizəsi əsassızdır. Daha sonra, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq X2 təhvil verilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzil X1 mülkiyyətindədir. İddia ərizəsi əsassızdır. Belə ki, iddiaçı tərəfindən mənzil baxımsız olmuş, evdə müxtəlif ev heyvanları saxlanılmışdır. Bundan başqa evdə razılaşdırılmış şəxslərin xaricində müxtəlif şəxslər də yaşamağa başlamışdır. Müxtəlif saatlarda gecə və gündüz mənzilə müxtəlif tanımadığı şəxslər gəlməyə başlamışdır. Bundan başqa aşağı qonşunun şikayəti əsasında mənzilə baxış keçirilmişdir. İddiaçının istifadə etdiyi mənzildən aşağı mənzilə su axıdılmışdır. Bütün bunlardan göründüyü kimi iddia ərizəsi əsassızdır. Bundan başqa iddiaçıya mənzildən çıxmasının təklif edilməsinə baxmayaraq mənzili boşaltmamışdır və bəzi kommunal borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını qəbul etmir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Pulu atasının və başqa bir şəxsin yanında ödəmişdir. Dekabr ayında da karta ödəniş etmişdir. 3000 manat nağd pulu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsə ödəmişdir. Dekabr ayında ödəniş edilməsi ilə bağlı qəbzi təqdim edəcəkdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını müdafiə edir. Həmin mənzilə çoxsaylı şəxslər gəlib-getmiş, mənzilin aşağısında yerləşən mənzilə isə su axıntısı olmuşdur. Tərəflər arasında narazılıq yarandığı halda, iddiaçının əlbəəl ödəniş etməsi inandırıcı deyil və bu barədə heç bir sübut yoxdur. Müqavilə imzalanmamışdır və heç bir hüquqi qüvvəsi yoxdur. Evin mülkiyyətçisi X3r. İddiaçının hazırki iddia ilə müraciət etməkdə məqsədi mənzilin gec boşaldılmasıdır. İddianın rədd, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Sonuncu ödəniş 03 noyabr 2024-cü il tarixdə olmuşdur. Onlar iddiaçı ilə həmin mənzildə iki nəfərin yaşayacağı barədə razılığa gəlmişlər. Lakin sonradan həmin mənzildə iddiaçının atası da yaşamağa başlamışdır. Bundan başqa, iddiaçı həmin mənzildə onun etirazına baxmayaraq, ev heyvanı da saxlamışdır. 18 noyabr 2024-cü il tarixdə mənzilin boşaldılmasını tələb etmişdir. İddianın rədd edilməsini xahiş edir. Noyabr ayında noyabr ayı üçün ödəniş edilmişdir. Ödənişlər karta ödənilmişdir. Artıq 2 aydan çoxdur ki ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X4 izahatında bildirmişdir ki, iddiasını müdafiə edir. İddia tələbimin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçını ilk dəfədir ki, görür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının iddiası rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Kavi qızı ilə İddiaçı arasında bağlanmış Daşınmaz əmlakın kirayəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən kirayə verən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzili kirayəçiyə kirayə verir. Kirayəçi həmin mənzili özünün yaşayışı məqsədilə istifadə edir. Kirayə verilmiş mənzilin aylıq kirayə haqqı 600 manat təşkil edir. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək qüvvədədir. İş materiallarında olan Azrbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Kavi qızı və İddiaçı Daşınmaz əmlakın kirayəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixdə razılaşma əldə etmişlər. Sözügedən razılaşmaya əsasən Cavabdeh Kavi qızının əri X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzil İddiaçı kirayəyə verilmişdir. İş materiallarında olan Cavabdeh Kavi qızı ilə İddiaçı arasında bağlanmış Daşınmaz əmlakın kirayəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünən odur ki, tərəflər aralarında olan əmlak kirayəsi müqaviləsinin şərlərini özündə əks etdirən müqaviləni tərtib etsələr də, müqavilə həmin şəxlər tərəfindən imzalanmamaışdır. Buna baxmayaraq tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından və məhkəmə araşdırmasının digər hallarından da bəlli olur ki, tərəflər arasında əmlak kirayəsinə dair razılaşmanın olması işin mübahisəsiz halıdır. İddiaçı iddia edir ki, əmlak kirayə müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək qüvvədə olmaq şərtilə bağlanmış, lakin sözügedən müavilə iddiaçı tərəfindən vaxtından əvvəl xitam edildiyindən ona maddi ziyan dəymişdir. Bu baxımdan o cavabdehdən həm vaxtından əvvəl müqaviləyə xitam verildiyi üçün ona dəymiş 4800 manat məbləğində maddi zərəri, eyni zamanda müqavilənin qüvvədə olacağı müddət üçün qabaqcadan 2024-cü ilin dekabr ayında nağd şəkildə ödədiyi 3720 manat məbləğin ona qaytarılmasını xahiş edir. Bununla yanaşı mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh Kavi qızının əri X4 da müstəqil tələb irəli sürərək İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq X2 təhvil verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Cavabdeh Kavi qızı və İddiaçı Daşınmaz əmlakın kirayəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilə imzalanmasa belə tərəflər arasında əmlak kirayəsi müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin mövcud olması işin mübahisəsiz halıdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etmədiyindən Cavabdeh Kavi qızı və mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh Kavi qızının əri X4 müqaviləyə birtərəfli qaydada xitam verilmə ilə bağlı iradə ifadələrini qarşı tərəfə bildirmişlər. İddiaçı isə iddiasının hüquqi əsasını təşkil edən faktları təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, iddiaçı əmlak kirayə müqaviləsinin müqavilədə nəzərdə tutulmuş müddətdən əvvəl xitam verilməsi ilə bağlı madi zərərə məruz qaldığını iddia edir və həmin zərərin eyni zamanda əvvəlcədən ödədiyi kirayə haqqının ona qaytarılmasını tələb edir. Buna baxmayaraq, iddiaçı iddiasını əsaslı edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı əmlak kirayəsi ilə bağlı cavabdehə və ya əmlakın mülkiyyətçisinə pulun ödənilməsini təsdiq edən qəbz və ya hər hansı bir başqa sübutu təqdim edə bilməmişdir. Eyni zamanda, əmlak kirayəsi müqaviləsinə məhz onların təqsiri üzündən xitam verildiyini sübuta yetirə bilməmişdir. Yalnızca sözügedən fakt öz təsdiqini tapa biləcəyi təqdirdə əmlak kirayəsi müqaviləsinin vaxtından əvvəl pozulması ilə bağlı zərəri iddiaçı yəni kirayəçi kirayə verəndən tələb edə bilərdi. Hazırki halda isə bu fakt öz təsdini tapmamışdır. Cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu iddia etdikdə bunu sübut etməyə borcludur. Yekun olaraq, İddiaçı iddiası üzrə əmlak kirayəsi müqaviləsinin vaxtından əvvəl xitam edilməsi nəticəsində ona zərər vurulması, eyni zamanda müqavilənin razılaşdırılmış müddət ərzində qüvvədə olacağı müddət üçün onun tərəfindən kirayə haqqının qabaqacadan tam şəkildə ödənilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, onun iddiası təmin edilə bilməz. Məhkəmə həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiasına münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qanunidir və əsaslıdır. Belə ki, əmlak kirayəsi müqaviləsi üzrə tərəf olan İddiaçı müqavilənin şərtlərini pozmuş, bunun nəticəsində də müqavilənin digər tərəfləri olan Cavabdeh Kavi qızının və əmlakın mülkiyyətçisi olan X1 müqaviləyə birtərəfli qaydada xitam vermək səlahiyyəti yaranmışdır. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından, işin hallarından müəyyən olunmuşdur ki, İddiaçı mənzilin kirayəsi ilə bağlı kirayə haqqını sonuncu dəfə noyabr ayında ödəmiş, dekabr və yanvar aylarında mənzilə görə kirayə haqqını ödəməmişdir. Hazırki halda müqaviləyə xitam verildiyindən mülkiyyətçinin hüququ vardır ki, mülkiyyətindən kirayəçinin çıxarılmasını tələb etsin. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası isə təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və həmin mənzil boşaldılaraq X2 təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, müstəqil tələb üzrə ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs X2 aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən 316 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılsın və həmin mənzil boşaldılaraq X2 təhvil verilsin. Müstəqil tələb üzrə ödənilmiş dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs X2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar