Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-960/2022 15.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 İnqilab oğlu və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 İnqilab oğlu və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9650 manat əsas, 10565,48 manat faiz, 8661,13 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 1392,26 manat faiz borcu və iş üzrə ödənilmiş 180,81 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 İnqilab oğlu və Cavabdeh2 tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli, 051T07170058 nömrəli istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Əməliyyat İdarəsi filialı tərəfindən Cavabdeh1 İnqilab oğluna 18 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqaviləni pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2017-ci il tarixli, 051T07170058 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının lğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Daha sonra Cavabdeh1 İnqilab oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 İnqilab oğlu və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınmasını xahiş etmişdir. Daha sonra digər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 İnqilab oğlu və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək iddianın Cavabdeh2 qarşı hissəsdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, məhkəməyə Cavabdeh1 İnqilab oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət etmişlər. Keçən proseslərdə iddia müddəti ilə bağlı ərizə vermişlər. Lakin sənədlər iddia müddətinin bitməsinə xeyli vaxt qalmış sistemə yüklənmişdir. Sənədlər xx.xx.2021-ci il tarixində sistemə yüklənmişdir. İddia müddəti isə daha sonra bitir. Tələbləri 9650 manat əsas borcun, 10565 manat 48 qəpik faiz borcunun, 8661 manat 13 qəpik cərimənin və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 1392 manat 26 qəpik faiz borcunun ödənilməsindən ibarətdir. İddialarının təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, Cavabdeh2 ilə bağlı məsələdə iddia təmin olunmamalıdır. Ona görə ki, ona aid hissədə iddia müddəti keçmişdir. Digər hissədə isə onlar iddianın təmin olunmasına etiraz etmirlər. Belə ki, məhkəmədən iddianın Cavabdeh2 aid hissəsinin təmin olunmaması ilə bağlı qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 İnqilab oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 051T07170058 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 İnqilab oğluna 18 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 10000 məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh1 İnqilab oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 051T07170058 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İnqilab oğlunun banka olan borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 9650 manat, faiz borcu üzrə 10565,48 manat, cərimə borcu üzrə 8661,13 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 1392,26 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 9/2012 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 İnqilab oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 051T07170058 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 İnqilab oğlunun banka olan borcu xx.xx.2019-cu il tarixə əsas borcu 9750 manat, faiz borcu 3158,90 manat, həmçinin müqavilə müddəti bitdikdən sonra yəni, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış borc 1372,77 manat təşkil edir. İş materiallarında olan Dəmirbank” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 051T07170058 nömrəli zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1. maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır:. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, tələb digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, zaminlik müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Müvafiq kredit razılaşması üzrə icra müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ilk dəfə zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən xx.xx.2017-cı il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Zaminlik müqaviləsi üzrə zaminliyə xitam verildiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, bank zamin Cavabdeh2 qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 qarşı iddia tələbi ona aid hissədə rədd edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İnqilab oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 9/2012 nömrəli ekspert rəyi nəzərə alınmaqla Cavabdeh1 İnqilab oğlundan 9650 (doqquz min altı yüz əlli) manat əsas borc, 3158,90 (üç min yüz əlli səkkiz manat doxsan qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 1372,77 (min üç yüz yetmiş iki manat yetmiş yeddi qəpik) manat, ümumilikdə 14.681,67 (on dörd min altı yüz səksən bir manat altmış yeddi qəpik) manat pul vəsaiti tutularaq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 8661,13 manat məbləğində deyil, 500 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 180,81 manat məbləğində deyil 134 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 İnqilab oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 İnqilab oğlundan 9650 (doqquz min altı yüz əlli) manat əsas borc, 3158,90 (üç min yüz əlli səkkiz manat doxsan qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 1372,77 (min üç yüz yetmiş iki manat yetmiş yeddi qəpik) manat, ümumilikdə 14.681,67 (on dörd min altı yüz səksən bir manat altmış yeddi qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 134 (yüz otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 İnqilab oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-960/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-960/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver