Məhkəmə qərarları › İş №e-2(004)-961/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-961/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-961/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə pulun tutulması) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01/2001/DİK nömrəli kredit müqaviləsindən görünür ki, kreditor (Bank) müqavilənin şərtlərinə uyğun olaraq göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə Kredit alanın mülkiyyətinə verir və kredit alan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunan müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.

2. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə verilən kreditin ümumi məbləği 5000 manat təşkil edir. Müqavilənin 6.10-cu bəndinə əsasən, kredit 36 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır; Müqavilənin 6.11-ci bəndinə əsasən, kreditdən istifadəyə görə borcalan illik 27,31% ödəyir; Müqavilənin 3.1.4-cü maddəsinə əsasən, kreditor aşağıdakı hallarda bu müqavilə üzrə borcların (əsas borc, faiz borcu, dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər: - 3.1.4.1. Borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda; - 3.1.4.2. Borcalan tərəfindən faizlərin yaxud onların bir hissəsinin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda.

3. Müqaviləyə əlavədən görünür ki, ödəniş məbləği hər ay 198,80 manat, sonuncu ay 198,77 manat olmaqla razılaşdırılmışdır.

4. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, kredit məbləği borcalan tərəfindən təhvil alınmışdır.

5. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 01/2001/DİK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 3240 manat, faiz borcu 949,08 manat, gecikdirilmiş vaxt üçün 367,55 manat faiz borcu olmaqla, cəmi 4556,73 manat borcu yaranmışdır.

6. İddiaçı tərəfindən borclu Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqla əsas borcu 3240 manat, faiz borcu 949,08 manat, gecikdirilmiş vaxt üçün 367,65 manat faiz borcu olmaqla, cəmi 4556,73 manat məbləğdə borc məbləğinin tam ödənilməsi tələb olunmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

7. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə əsas borc 3240 manat, faiz borcu 949,08 manat, gecikdirilmiş vaxt üçün 367,55 manat faiz borcu olmaqla, cəmi 4556,73 manat məbləğində vəsaitin və ödənilmiş 65,57 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddianın əsaslarına görə, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01/2001/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-21-3476 nömrəli xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 4556,73 manat təşkil edir. Bundan 3240 manat əsas, 949,08 manat faiz və Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 367,65 manat faiz borcu təşkil edir.

b) iddiaya etiraz

9. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

14. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

15. Borcun əsası olan kredit müqaviləsi, müqaviləyə əlavə olan ödəniş qrafiki və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01/2001/DİK nömrəli müqaviləyə əsasən LPO "xxxx" ASC kredit alana 36 ay müddətinə, illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir.

16. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozmuş, iddiaçı isə qalıq əsas borc 3240 manat, faiz borcu 949,08 manat, gecikdirilmiş vaxt üçün 367,55 manat faiz borcu olmaqla, cəmi 4556,73 manat borcu tələb etmişdir.

17. Odur ki, həm müqavilə üzrə əsas borc, həm müqavilə üzrə faiz borcu, həm də gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu cavabdehdən tutulmalıdır.

18. Belə ki, nəzərə almaq lazımdır ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

19. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

20. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 65,57 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, faiz və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. 3240 manat əsas borcu, 949,08 manat faiz borcu, 367,65 manat gecikdirilmiş vaxt üçün faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,57 manat olmaqla olmaqla, cəmi 4622,30 manat pul Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar