Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-965/2023 12.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20060,42 manat məbləğində əsas borcun, 8243,54 manat məbləğində faiz borcunun, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 717,03 manat faiz borcunun cəmi 29020,99 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 177 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti «Lexus GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada tutularaq LPO "xxxx" ASC-nin ləğvedicisi X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli 11/0454/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 33000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 24 dekabr 2018-ci il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AR DİN BDYPİ Qİİ-nin AD 295287 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus «Lexus GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 24 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********162 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 29020,99 manat təşkil edir. Bundan 20060,42 manat əsas, 8243,54 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 717,03 manat borcu təşkil edir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ididia ərizəsinin məzmununa uyun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iddianı qismən, yəni ekspert rəyinə uyğun qəbul etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 24% ödəmək şərti ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 33000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 24 dekabr 2021-ci il tarixədək hər ay 1277,42 manat ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan və borclu Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı İpoteka müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən ipoteka qoyan-borcalan Cavabdeh1 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan “LEXUS GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobili ipoteka saxlayan İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predimeti 67000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 138439 nömrəli 21 avqust 2018-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, LEXUS GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC-nin xeyrinə yüklülüyü daşınar əmlakın rəsmi reyestrində 21 avqust 2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh1 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit və İpoteka müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyi təqdirdə borcun tutulması və tələbin ipoteka predimetinə yönəldilməsi üçün məhkəməyə müraciət edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 20 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə 20060,42 manat əsas, 8243,54 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanan 717,03 manat faiz borcu olmaqla, cəmi 29020,99 manat borcu yaranmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 31 may 2022-ci il tarixli bildirişindən görünür ki, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün müraciət etmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 9/1456 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 20405,90 manat, faiz borcu 0 manat olmaqla, cəmi borcu 20405,90 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə ipoteka qoyan və borclu Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı tarixli kredit və eyni tarixli ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçının yaranmış əsas və faiz borcu tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən cavabdehin 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsinə əsasən 20060,42 manat əsas, 8243,54 manat faiz borcu və gecikdirilmiş vaxt üçün hesblanan 717,03 manat faiz borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 10 may 2023-cü il tarixli, 9/1456 nömrəli ekspert rəyindən görünür ki, 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 20405,90 manat, faiz borcu 0 manat olmaqla, cəmi borcu 20405,90 manat müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Bununla belə məhkəmə hesab edir ki, ekspert rəyində 24 dekabr 2018ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan əsas borcunun məbləği 20405,90 manat müəyyən edilsə də, iddiaçı tələbində 20060,42 manat əsas borcun tutulmasını tələb etdiyindən, əsas borc iddiaçının tələbinə uyğun olaraq 20060,42 manat məbləğində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən, Cavabdeh1 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə müqavilə müddəti üzrə ödənilməmiş faiz borcu olmadığından, iddia tələbi 8243,54 manat faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra etmədiyindən, iddiaçı 24 dekabr 2018-ci il tarixli, 11/0454/KBK saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 717,03 manat məbləğində faiz məbləğinin tutulmasını tələb etməkdə haqlıdır və iddia təmin hissədə də təmin edilməlidir. Məhkəmə digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh2 zaminliyinə xitam verildiyindən o, kredit müqaviləsi üzrə alınmış məbləğin ödənilməsi üçün məsuliyyət daşımır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 arasında 24 dekabr 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 24 faiz olmaqla 33 000 manat məbləğində kredit verilmiş, eyni tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən isə, Cavabdeh2 həmin kredit müqaviləsi əsasında Cavabdeh1 öz öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndində də göstərilmişdir ki, zaminlik müqaviləsi kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 4.1-ci bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “zaminlik müqaviləsi kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh2 ilə bağlanılmış 24 dekabr 2018-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 36 ay müddətində, yəni 24 dekabr 2021-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı təşkilat zamin Cavabdeh2 qarşı 24 dekabr 2022-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçı tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun : 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 20060,42 (iyirmi min altmış manat qırx iki qəpik) manat əsas borc və geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 717,03 (yeddi yüz on yeddi manat üç qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 20777,45 (iyirmi min yeddi yüz yetmiş yeddi manat qırx beş qəpik) manat pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Tutma Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş “LEXUS GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə realizə edilməlidir. Satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 20777,45 (iyirmi min yeddi yüz yetmiş yeddi manat qırx beş qəpik) manat pul İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, artıq qalan vəsait mülkiyyətçi X3 qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq şəkildə işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,72 (bir yüz iyirmi altı manat yetmiş iki qəpik) manat pul Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 50,28 (əlli manat iyirmi səkkiz qəpik) manat (177-126,72=50,28) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 (iki yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 20060,42 (iyirmi min altmış manat qırx iki qəpik) manat əsas borc və geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 717,03 (yeddi yüz on yeddi manat üç qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 20777,45 (iyirmi min yeddi yüz yetmiş yeddi manat qırx beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,72 (bir yüz iyirmi altı manat yetmiş iki qəpik) manat pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 50,28 (əlli manat iyirmi səkkiz qəpik) manat (177-126,72=50,28) iddiaçıya aid edilsin. Tutma - Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş “LEXUS GS350” minik markalı, 99HC999 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Avtomobil açıq hərrac yolu ilə realizə edilsin. Satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 20777,45 (iyirmi min yeddi yüz yetmiş yeddi manat qırx beş qəpik) manat pul İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi X3 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 (iki yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-965/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-965/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver