Məhkəmə qərarları › İş №e-2(004)-987/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-987/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-987/2023 03.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BK № 875/f-21-10 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 24802,35 AZN (iyirmi dörd min səkkiz yüz iki manat 35 qəp.) əsas, 3240,84 AZN (üç min iki yüz qırx manat 84 qəp.) faiz, 2821,24 AZN (iki min səkkiz yüz iyirmi bir manat 24 qəp.) cərimə borcu olmaqla, cəmi borcu 30864,43 AZN (otuz min səkkiz yüz altmış dörd manat 43 qəp.) məbləğində borcun və tərəflərindən ödənilmiş 182,60 AZN (bir yüz səksən iki manat 60 qəp.) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BK № 875/f-21-10 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21 %, 05 ay güzəşt müddəti olmaqla, 6 ay müddətinə 25222 AZN (iyirmi beş min iki yüz iyirmi iki manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 24802,35 AZN (iyirmi dörd min səkkiz yüz iki manat 35 qəp.) əsas, 3240,84 AZN (üç min iki yüz qırx manat 84 qəp.) faiz, 2821,24 AZN (iki min səkkiz yüz iyirmi bir manat 24 qəp.) cərimə borcu olmaqla, cəmi borcu 30864,43 AZN (otuz min səkkiz yüz altmış dörd manat 43 qəp.) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BK № 875/f-21-10 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 42 % olmaqla cərimə faizi ödəyir. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılıb iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu və faktiki ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BK № 875/f-21-10 nömrəli kredit kredit müqaviləsinə əsasən bank cavabdehə 06 ay müddətinə illik 21 % olmaqla 05 ay güzəşt müddəti olmaqla 25222 manat məbləğində kredit vermişdir. İddiaçı, Cavabdeh banka olan borcundan cəmi 495 manat məbləğində pul ödəməsini, cavabdehin müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 24802,35 AZN (iyirmi dörd min səkkiz yüz iki manat 35 qəp.) əsas, 3240,84 AZN (üç min iki yüz qırx manat 84 qəp.) faiz, 2821,24 AZN (iki min səkkiz yüz iyirmi bir manat 24 qəp.) cərimə borcu olmaqla, cəmi 30864,43 AZN (otuz min səkkiz yüz altmış dörd manat 43 qəp.) borcun yaranmasını iddia edir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 9/2285 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Cavabdeh xx.xx.2022-ci il (müqavilə müddəti bitən tarixə) banka əsas borc üzrə 28187,09 manat, faiz borcu üzrə 852 manat, xx.xx.2022-ci il (son ödəniş tarixinə) əsas borc üzrə 23452,04 manat, faiz borcu üzrə 0 manat borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə iddia tələbinin Cavabdeh 24802,35 AZN (iyirmi dörd min səkkiz yüz iki manat 35 qəp.) əsas, 3240,84 AZN (üç min iki yüz qırx manat 84 qəp.) faiz, 2821,24 AZN (iki min səkkiz yüz iyirmi bir manat 24 qəp.) cərimə borcu olmaqla, cəmi 30864,43 AZN (otuz min səkkiz yüz altmış dörd manat 43 qəp.) məbləğində borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 9/2285 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Cavabdeh xx.xx.2022-ci il (son ödəniş tarixinə) əsas borc üzrə 23452,04 manat olduğu, faiz borcunun isə olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 2821,24 manat cərimə (dəbbə pulu) onun əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 1500 manat məbləğədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 23452,04 (iyirmi üç min dörd yüz əlli iki manat 04 qəpik) manat, 1500 (bir min beş yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 24952,04 (iyirmi dörd min doqquz yüz əlli iki manat 04 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 182,60 (yüz səksən iki manat 60 qəpik) manat məbləğində dövlət rüsumunun 147,62 (yüz qırx yeddi manat 62 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan 34,98 (otuz dörd manat 98 qəpik) manatı isə İddiaçı ASC-nin özünə aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 19,16 (on doqquz manat 16 qəpik) manatı İddiaçı ASC-dən, 80,84 (səksən manat 84 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BK № 875/f-21-10 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 23452,04 (iyirmi üç min dörd yüz əlli iki manat 04 qəpik) manat, 1500 (bir min beş yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 24952,04 (iyirmi dörd min doqquz yüz əlli iki manat 04 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 182,60 (yüz səksən iki manat 60 qəpik) manat məbləğində dövlət rüsumunun 147,62 (yüz qırx yeddi manat 62 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin, qalan 34,98 (otuz dörd manat 98 qəpik) manatı isə İddiaçı ASC-nin özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 19,16 (on doqquz manat 16 qəpik) manatı İddiaçı ASC-dən, 80,84 (səksən manat 84 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar