Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-994/2025 23.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə pulun tutulması) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən bank - "xxxx" KB ASC bank xidmətlərini özündə cəmləşdirən ümumi ofertanı təklif edir. Ofertanın 5.1-ci bəndinə əsasən, “Bank” “Borcalan”a mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 28 (iyirmi səkkiz) faiz dərəcəsinədək bir neçə dəfə 4000 (dörd min) manatadək (dörd min manat daxil olmaqla) və 36 ayadək kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ofertanın 17.10-cu bəndinə əsasən, “Müştəri” kreditin və/ və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank”, borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-nin bir günə olan məbləği miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər.
2. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən müəyyən olunur ki, cavabdeh xx.xx.2021-ci il tarixli oferta ilə tanış olmuş və şərtləri qəbul edərək razılaşmışdır.
3. xx.xx.2024-cü il tarixli bildirişə əsasən müəyyən edilir ki, bank tərəfindən 28% şərti ilə 4000 manat məbləğdə kredit limiti açılmışdır.
4. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli bildiriş ilə cavabdehin xx.xx.2024-cü il tarixli 506nkNARb/24 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 3827,27 manat əsas, 540,54 manat faiz, 1,68 manat cərimə borcu olmaqla, ümumilikdə 4369,49 manat yaranmış borcu 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətdə ləğv etmək təklif olunmuşdur.
5. Bildiriş xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir.
6. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 506nkNARb/24 nömrəli kredit müqaviləsi üzrə 3827,27 manat əsas, 746,56 manat faiz və 40,80 manat cərimə borcu olmaqla, cəmi 4614,63 manat borcu vardır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
7. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinəə 3827,27 manat əsas, 746,56 manat faiz, 40,8 manat cərimə borcu olmaqla, cəmi 4614,63 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 66,15 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, Cavabdeh xx.xx.2021-ci il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi iləcavabdehə 36 ay müddətinə, illik 28% olmaqla 4000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 3827,27 manat əsas, 746,56 manat faiz, 40,80 manat cərimə borcu olmaqla, cəmi 4614,63 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmışmübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
b) iddiaya etiraz
9. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: ““Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. ... Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. ... Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.”
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
14. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
15. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
16. Borcun əsası olan ümumi oferta, ofertaya əsasən açılmış kredit limiti və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 506nkNARb/24 nömrəli müqaviləyə əsasən "xxxx" KB ASC kredit alana 36 ay müddətinə, illik 28% dərəcəsi ilə 4000 manat məbləğində kredit limiti açmışdır.
17. Hazırda iddiaçı cavabdehdən öhdəliyini pozması nəticəsində 3827,27 manat əsas, 746,56 manat faiz və 40,80 manat cərimə borcu olmaqla, cəmi 4614,63 manat borcu tələb edir.
18. Məhkəmə hesab edir ki, əsas borc məbləği olan 3827,27 manat cavabdehdən tutulmalı, faiz və cərimə məbləğinin tutulması hissəsində isə iddia tələbi qismən təmin edilməlidir.
19. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə uyğun olaraq müəyyən olunur ki, iddaiçı iş materiallarında olan bütün borc məbləğinin qaytarılması barədə bildirişin cavabdehə çatdırılması ilə müqaviləni məhkəmədən kənar qaydada, xx.xx.2024-cü il tarixdə ləğv etmişdir. Belə olan halda isə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri) və müqaviləyə istinadən hesablanmış cəriməni tələb edə bilər ki, sözügedən bildirişdən müəyyən olunan odur ki, ləğv anına qədər hesablanmış faiz 540,54 manat, cərimə məbləği isə 1,68 manat məbləğdədir.
20. Odur ki, faiz və cərimə məbləği bildirişdə qeyd olunan, ləğv anına hesablanmış həddə tutulmalıdır.
21. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə münasib hissəsi – 63,69 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, faiz və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. 3827,27 manat əsas, 540,54 manat faiz, 1,68 manat cərimə borcu olmaqla, ümumilikdə 4369,49 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63,69 manat olmaqla, ümumilikdə 4433,18 manat pul Cavabdeh tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə