Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-102/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin çatışmayan sahəsinə görə pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22100 manat az verilmiş sahəyə görə ziyanın və 157 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 20 noyabr 2021-ci il tarixində Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, X5 küçəsi, Xan Şüşinski, M.Sənani ünvanında inşa edilən “X6” yaşayış kompleksində, C binası, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 53 kv.m olan 1 otaqlı, 47 saylı mənzil üçün hər kv.m üçün 1700 AZN olmaqla ümumi 90100 AZN cavabdehə ödəniş edərək mənzil almışdır. 20 noyabr 2021-ci ildə iddiaçıya cavabdeh tərəfindən aşağıdakı məzmunda maliyyə arayışı verilmişdir: ünvan 2 ünvanında inşa edilən “X6” yaşayış kompleksində, C binası, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 53 kv.m olan 1 otaqlı, 47 saylı mənzilin pay dəyəri İddiaçı (Ş/V: AA*******, 2021-11-05 tarixdə ASAN1 tərəfindən verilib, ünvan 3 ünvanda qeydiyyatdadır) tərəfindən hər kv.m üçün 1700 AZN olmaqla, (53 kv.m x1700 AZN) ümumi 90100 AZN tam ödənilmişdir, borcu yoxdur. 01 avqust 2022-ci il tarixində İddiaçı Cavabdeh üzvlərinin X1 Çıxarış təqdim edilərək göstərilmişdir ki, vətəndaş Rəsulov X3 üzv qəbul olunmaqla, ünvan 4 ünvanında inşa edilən C binası, 9-cu mərtəbə, 47 nömrəli, 1 otaqlı, ümumi sahəsi 53 kv.m olan mənzilin payçısı olması təsdiq edilmişdir. Həmçinin həmin tarixdə iddiaçıya təkrarən 01 avqust tarixində yenidən maliyyə arayışı da təqdim edilmiş və Kooperativə borcunun olmadığı qeyd edilmişdir. Həmin mənzilə 29 avqust 2022-ci il tarixində iddiaçının adına ƏMDX DƏDK RPHŞ Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi: ********** olan Çıxarış əldə edilmişdir. Həmin çıxarışda mənzilin ümumi sahəsi 40.6 kv.m göstərilmişdir. Mənzilin Texniki Pasportunda mənzilin otaqlarının sahəsi: Dəhliz-4,2 kv.m, Yaşayış otağı – 20.8 kv.m, mətbəx-11,6 kv.m, Sanitar qovşağı – 2.5 kv.m, Balkon -1,5 kv.m göstərilmişdir. Bundan sonra məlum olmuşdur ki, iddiaçıya mənzil 13 kv.m sahə az təqdim edilmişdir. Beləliklə, 1 kv.m görə iddiaçının ödədiyi 1700 manatdan olmaqla cəmi 22100 manat iddiaçıya maddi ziyan vurulmuşdur. Əlavə olaraq qeyd etmek istərdi ki, tərəflər arasında 20 noyabr 2021-ci ildə 203 nömrəli müqavilə imzalanmış kimi göstərilmiş, lakin bu müqavilə iddiaçı tərəfindən fiziki olaraq imzalanmamış və bu müqavilənin bir nüsxəsi iddiaçıya təqdim edilməmişdir. İddiaçıya 20 noyabr 2021-ci il tarixli 203 nömrəli müqavilənin 1 nömrəli Əlavəsi yalnız imzaladılaraq təqdim edilmişdir. Həmin 1 saylı Əlavədə mənzildən istifadə olunması qaydaları tənzimlənir. Cavabdeh tərəfindən yalnız maliyyə arayışı iddiaçıya təqdim edilmişdir. Cavabdehlər hündür mərtəbəli yaşayış evi inşa edərək sakinlərə mənzil satışı ilə bağlı peşəkar fəaliyyətlə məşğul olurlar. Analoji müqavilələri mütəmadi olaraq tərtib edir və müştərilərə təklif edirlər. Mənzilin sahəsinin hansı qaydada hesablanması ilə bağlı dəqiq məlumatları onlar müqavilə tərəfinə təklif edirlər. Ona görə tərəflər mənzilin sahəsinin Tikinti və Şərhərsalma qanunvericiliyindən fərqli qaydada hesablamağa qərar vermişdirsə bu barədə müqaviləyə müvafiq qeydlər etməlidirlər, əks təqdirdə sahələrin hesablanması həmin qaydaların təsiri altına düşür. Ona görə müqaviləyə xüsusi olaraq qaydaların salınmamasının iddiaçının ziyanına şərh edilməsi tamamilə əsassızdır. Bundan başqa, yaşayış sahəsinin alınması ilə bağlı oturuşmuş praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahənin Tikinti və Şərhərsalma qanunvericiliyinə uyğun deyil, başqa qaydada hesablanması və.s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı hazır binadan mənzil almışdır. Bu zaman ona maliyyə arayışı və 1 saylı əlavə təqdim edilmiş, həmin əlavəni imzalamışdır. Mənzil ona təqdim edildiyindən və maliyyə arayışı verildiyindən, iddiaçı əsas müqavilənin verilməsini tələb etməmiş, ümumiyyətlə bu məsələ ağlına gəlməmişdir. Sonradan məhkəmə iclasında cavabdehin nümayəndəsi fərqli maliyyə arayışı təqdim etmişdir, həmin maliyyə arayışında guya mənzilin sahəsinin hesablanma qaydası nəzərdə tutulmuşdur. Halbuki iddiaçıya sadə maliyyə arayışı verilmişdir, DƏDRX-ə təqdim etmək üçün də sonradan yenə həmin sadə maliyyə arayışını vermişlər. Cavabdehin təqdim etdiyi müqaviləyə gəlincə isə həmin müqavilə iddiaçı tərəfindən imzalanmamışdır, hətta imzalanmış olsa belə ona təqdim edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, müqavilənin hər səhifəsi imzalanmamışdır, bu isə o deməkdir ki, cavabdeh istənilən müddəanı sonradan müqaviləyə əlavə edib məhkəməyə təqdim edə bilər. Müqavilə təqdim edilmişdirsə bunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, müqavilədə və maliyyə arayışında mənzilin sahəsinin hesablanması ilə bağlı xüsusi şərtlər nəzərdə tutulmuşdur. DƏDRX-ə təqdim etmək üçün ona fərqli sadə maliyyə arayışı verilmişdir. Digər maliyyə arayışında isə həmin şərt öz əksini tapmışdır. Müqavilə və maliyyə arayışı iddiaçıya təqdim edilmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -203 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə 1 saylı əlavənin surətindən görünür ki, "xxxx" MTK ilə X4 Bakı şəhəri, M.Sənani küçəsində yerləşən “X6” adlı binada yerləşən mənzildən, qeyri-yaşayış sahəsindən və ümumi istifadədə olan sahələrdən istifadə olunmasına dair müqavilə bağlamışlar; -xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 5 ünvanında inşa edilən “X6” yaşayış kompleksində, “C” binası, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 53 m2 olan 1 otaqlı, 47 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən hər kv.m üçün 1700 AZN olmaqla, (53 kv.m Xİ700 AZN) ümumi 90100 AZN tam ödənilmişdir, borcu yoxdur; -Cavabdeh MTK üzvlərinin X1 xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, vətəndaş Rəsulov X3 üzv qəbul olunmaqla, ünvan 4 ünvanında inşa olunan “C” binası, 9 mərtəbədə, 47 nömrəli, 1 otaqlı, ümumi sahəsi 53 kv.m olan mənzilin payçısı olması təsdiq edilmişdir; -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, b 153, 155, 171, 173, 175, m.47 (yeni qaydalarla: AZ 1007, ünvan 7 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır; -xx.xx.2022-ci il tarixli, AR ƏMDK yanında DƏDRX-ə təqdim edilmək üçün hazırlanmış maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 173 ünvanında inşa olunan “C” binası, 9 mərtəbədə, 47 nömrəli, 1 otaqlı, ümumi sahəsi 53 kv.m mənzilin pay dəyəri tam ödənilmişdir və kooperativə borcu yoxdur; - İddiaçı tərəfindən Cavabdeh MTK-ya göndərilmiş pretenziya məktubuna əsasən o, 13 kv.m üçün artıq ödənilmiş 22100 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7929 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"na əsasən, Bakı şəhəri Nərimanov rayonu, Möhsün Sənani küçəsi b.153,171,173,175 ünavanında yerləşən 47 saylı mənzilin ümumi sahəsi 40,6 kv.m, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 44,0 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin divarlarının və arakəsmələrinin dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 53,0 kv.m. müəyyən edilmişdir. Ekspertiza xərci 50 manat təşkil edir; İddia ərizəsindən görünür ki, İddiaçı 157 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ünvan 5 ünvanında inşa edilən “X6” yaşayış kompleksində, “C” binası, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 53 kv.m. olan 1 otaqlı, 47 saylı mənzilə dair müqavilə bağlanmışdır. İddiaçı mənzilin dəyərini tam ödəmiş və onun müqavilə üzrə borcu qalmamışdır. Hazırda iddiaçı, ona verilən mənzilin müqavilədə göstərildiyindən daha kiçik sahəyə malik olduğunu və çatışmayan 13 kv.m sahəyə görə, 1 kv.metrinin qiyməti 1700 manatdan olmaqla, cəmi 22100 manat artıq ödədiyi məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Bağlanmış müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, daşınmaz əmlakın sifarişi barədə müqavilənin şərtlərinə əsasən icraçı mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Lakin müqavilədə mənzilin hesablanmasının xüsusi qaydası, qanunvericiliklə müəyyən edilmiş qaydadan fərqli hesablanması nəzərdə tutula bilər. Bu zaman müqavilə azadlığı prinsipi əsas götürülməklə müqavilə şərtləri tətbiq edilir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilədə mənzilin sahəsinin hesablanmasının xüsusi qaydasının müəyyən edilib-edilməməsi məsələsi mübahisəlidir. Belə ki, iddiaçı müqavilənin ona təqdim edilməməsinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənin mötəbər sübut olmamasına, hər səhifəsinin imzalanmamasına, istənilən vaxt cavabdeh tərəfindən həmin müqaviləyə dəyişiklik edilməsinin mümkünlüyünə istinad edir. Cavabdeh isə müqavilənin iddiaçıya təqdim edildiyinə, maliyyə arayışı və müqavilədə mənzilin sahəsinin hesablanması ilə bağlı xüsusi şərt nəzərdə tutulduğuna istinad edərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir, belə ki, özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi mühüm əhəmiyyət kəsb edir. İddiaçının təqdim etdiyi və məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, maliyyə arayışı sadə formada tərtib edilmiş və həmin maliyyə arayışında mənzilin sahəsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sadə formalı maliyyə arayışı xx.xx.2021-ci il tarixlidir. Hər iki tərəfin izahatına əsasən çıxarış əldə etmək üçün MTK tərəfindən iddiaçıya yeni maliyyə arayışı verilmiş, həmin maliyyə arayışı isə 01 avqust 2022-ci il tarixlidir. Müxtəlif tarixlərdə tərtib edilmiş hər iki maliyyə arayışı sadə formalı olmaqla, mənzilin sahəsi ilə bağlı hər hansı müddəanı özündə əks etdirmir. Cavabdehin nümayəndəsi isə DƏDRX-ə təqdim etmək üçün iddiaçıya sadə maliyyə arayışının verildiyini, əsas maliyyə arayışında mənzilin sahəsi ilə bağlı şərtin nəzərdə tutulduğunu bildirmişdir. Həqiqətən də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışında “Qeyd-2: Payçıya veriləcək mənzilin ümumi sahəsinə mənzilin bütün divarlarının oturacaq sahələri, yaşayış otaqları, dəhlizlər, eyvanlar, şaxta, yük yeri və sanitar qovşaq sahələri, mətbəx, balkon və digər bütün köməkçi sahə daxildir və oxdan-oxa hesablanır” yazısı öz əksini tapmışdır. Lakin məhkəmə qeyd edir ki, həmin şərt müqavilənin mühüm şərti olduğundan maliyyə arayışında deyil, müqavilədə hər iki tərəfin xüsusi razılaşdırılması yolu ilə təsdiq edilməlidir. Belə ki, maliyyə arayışı yalnız pulun ödənilib-ödənilmədiyini özündə əks etdirən hüquqi sənəddir. Bu baxımdan həmin şərtin malliyyə arayışında əksini tapıbtapmamasının hər hansı əhəmiyyəti yoxdur. Buna baxmayaraq hər bir halda qeyd olunmalıdır ki, eyni tarixdə, xx.xx.2021-ci il tarixdə MTK tərəfindən iki fərqli maliyyə arayışı tərtib olunmuşdur, ən azından məhkəməyə təqdim olunmuşdur. Həmin maliyyə arayışlarından sadə formada olanı iddiaçı tərəfindən, mənzilin sahəsi ilə bağlı qeyd olan arayış isə cavabdeh tərəfindən təqdim edilmişdir. Bu baxımdan məhkəmə iddiaçıya mənzilin sahəsi ilə bağlı müddəanın nəzərdə tutulduğu maliyyə arayışının təqdim edildiyini ağlabatan hesab etmir. Müqavilə ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçı müqavilənin ona təqdim edilmədiyini, yalnız müqaviləyə 1 saylı əlavənin, maliyyə arayışı və protokoldan çıxarışın təqdim edildiyini, mənzilin açarları verildiyindən əlavə sənəd istəmədiyini bildirir. Cavabdeh isə müqavilənin qarşı tərəfə təqdim edildiyini, lakin bununla bağlı hər hansı sübut olmadığını, müqavilədə mənzilin sahəsi barədə xüsusi şərt nəzərdə tutulduğunu qeyd edir. Həqiqətən də cavabdeh tərəfindən təqdim edilmiş müqavilənin 1.2-ci bəndində mənzilin sahəsinin hesablanması qaydası ilə bağlı xüsusi şərt əks olunmuşdur. Lakin iddiaçının müqavilənin ona təqdim olunmadığını bildirməsini, cavabdehin isə müqaviləni təqdim etdiyini sübut edə bilməməsini, bu halda iddiaçının bildirdiyi kimi müqavilənin hər səhifəsi imzalanmadığından və müqavilənin digər nüsxəsi iddiaçıda olmadığından müqavilə şərtlərinin eyniliyinin müəyyənləşdirilməsinin mümkün olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən qeyri-müəyyənlik mənzil tələbatlarını ödəmək üçün müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsə müraciət edən istehlakçının xeyrinə həll edilməlidir. Nəzərə alınmalıdır ki, bu cür mübahisələr həll edilərkən ilk növbədə mülki qanunvericiliyin ümumi məqsəd və prinsipləri, eyni zamanda müvafiq münasibətləri tənzimləyən normaların məqsədləri, əqd, onun etibarlılıq şərtləri, ikitərəfli əqd kimi müqavilə, müqavilə azadlığı, müqavilənin standart və qeyri-standart şərtləri əlaqəli şəkildə nəzərdən keçirilməlidir. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun (MM-in 418-ci maddəsi). Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM-in 419-cu maddə). Xüsusilə istehlak yönümlü standart şərtli müqavilələrdə fiziki şəxs iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Hazırki işdə isə cavabdeh tərəfindən təqdim edilmiş müqavilədə mənzilin sahəsi ilə bağlı şərtin mühüm şərt olmasına baxmayaraq, həmin şərtin həqiqətən də iddiaçı ilə razılaşdırıldığını, müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyini, mühüm şərt barəsində qanunla müəyyən edilmiş formada razılığa gəlindiyini, müqavilənin surətinin iddiaçıya təqdim edildiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə xüsusilə nəzərə alır ki, əgər həmin şərt iddiaçı ilə bağlanmış müqavilədə həqiqətən də nəzərdə tutulmuş olsaydı, bu zaman MTK tərəfindən eyni tarixli iki fərqli maliyyə arayışlarının tərtib edilərək məhkəməyə təqdim edilməsinə ehtiyac duyulmazdı. Belə ki, cavabdehin nümayəndəsi iddiaçıya təqdim edilmiş maliyyə arayışında xüsusi şərtin nəzərdə tutulduğunu qeyd etsə də, iş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya müqavilə bağlanarkən sadə maliyyə arayışı verilmiş, cavabdeh isə eyni tarixli fərqli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə işin hallarına, tərəflərin təqdim etdikləri sübutlara və məhkəmə iclasında verdikləri izahatlara birlikdə hüquqi qiymət verərək hesab edir ki, mövcud qeyrimüəyyənlik iddiaçının xeyrinə həll edilməlidir. Cavabdeh əksini sübuta yetirə bilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, tərəflər mənzilin sahəsinə dair müqavilənin mühüm şərti barəsində qanunla müəyyən edilmiş qaydada razılığa gəlməmiş, müqavilənin bir nüsxəsi iddiaçıya təqdim edilməmişdir. İddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verilibverilməməsini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"na əsasən, Bakı şəhəri Nərimanov rayonu, Möhsün Sənani küçəsi b.153,171,173,175 ünavanında yerləşən 47 saylı mənzilin ümumi sahəsi 40,6 kv.m, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 44,0 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq azaltma əmsalları tətbiq edilməklə mənzilin sahəsinin hesablanması hüquq müəyyən edici sənədlərin verilməsi zamanı nəzərə alınır, lakin həmin sahələr tərəflər arasında bağlanmış müqavilə üzrə tikilməli olan mənzilin tərkib hissəsi olduğundan müqavilə üzrə mənzil təhvil verilərkən onların sahəsi tam nəzərə alınmalıdır. Bu baxımdan, məhkəmə qeyd edilən qanunvericilik normalarının tələblərini və mövcud məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, ekspert rəyinə uyğun olaraq, mənzilin faktiki sahəsi 44 kv.m., azaltma əmsalları tətbiq olunmadan müqavilədə nəzərdə tutulmuş mənzilin sahəsi ilə mənzilin faktiki sahəsi arasında fərq isə 9 kv.m. təşkil edir. Hazırda iddiaçı öhdəliyin qüsurlu icra edildiyinə istinad etdiyindən, öhdəliyin tam və qüsursuz icra olunduğunu sübut etmək yükü bilavasitə cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bu halı təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, ekspert rəyi ilə həqiqətən də mənzilin ümumi (faktiki) sahəsi ilə müqavilədə nəzərdə tutulan sahəsinin ölçüləri arasında fərq olduğu müəyyən edilmişdir. Göründüyü kimi, mənzilin sahəsinin və həcminin hesablanması zamanı cavabdeh tərəfindən yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur, podratın nəticələri qüsurludur, yəni cavabdehin icra etdiyi podrat, tərəflər arasında bağlanmış müqavilədə şərtləndirilmiş mənzilin sahəsinə uyğun gəlmir. Məmulatın qüsuru nəticəsində muzdun azaldılması qaydasını nəzərdə tutan Mülki Məcəllənin 766-cı maddəsinin məzmununa uyğun olaraq icra qüsurlu olduqda, qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azaldıla bilər. Bu konteksdən çıxış edən məhkəmə hesab edir ki, cavabdeh MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Mübahisəli mənzilə fiziki baxış keçirilərək tərtib edilmiş ekspert rəyindən də göründüyü kimi cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə nəzərdə tutulan sahə arasında 9 (53-44) kv.metr fərq mövcuddur və iddiaçıya dəymiş zərərin məbləği həmin ölçü üzərindən hesablanmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh MTK arasında olan müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 1700 manat müəyyən edilmiş və həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halını təşkil etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 9 kv.metr sahə üzrə hər kv.metr üçün 1700 manat hesablamaqla (9 x 1700) cəmi 15300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hisssədə təmin edilməməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı müqavilə üzrə öhdəliyini tam şəkildə həyata keçirdiyindən müqavilə üzrə qarşı tərəflə razılaşdırılmış həcmdə mənzili əldə etmək hüququ yaranmışdır. Bu səbəbdən iddiaçıya əslində verilməli olan mənzil sahəsi üzrə ödədiyi puldan verilən mənzilə görə ödəməli olduğu pulun fərqi çıxılaraq cavabdeh tərəfindən ödənilməlidir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.3-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan təhvil verilmiş mənzilin çatışmayan sahəsinə görə 15300 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 157 manat pulun 109 manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativindən təhvil verilmiş mənzilin çatışmayan sahəsinə görə 15300 (on beş min üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 157 manat pulun 109 (bir yüz doqquz) manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-102/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-102/2024
12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver