Məhkəmə qərarları › İş №e-2(005)-1045/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-1045/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1045/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: pul tələbi; maddi ziyan) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi,Cavabdeh borca görə 4.500 (dörd min beş yüz ) manat, maddi zərərə görə 500 (beş yüz manat) pul vəsaitinin və ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilməsi; Hər hansı mülki və ya vəzifəli şəxsin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4. maddəsinə əsasən, bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün prokurorluğa göndərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı (xx.xx.1953,AA*******, fin xxxxxxx) bildirir ki, Cavabdeh (xx.xx.1979, AA*******) ona külli miqdarda pul borcludur. Digər borcları barədə məhkəmələrdə iddiaları əsasında qüvvəsini almış qətnamələri var, lakin o qətnamələrdən sonra da ondan borc pul almış və sonuncular barədə iddia qaldırmamasını xahiş edirdi, lakin artıq səbri çatmır. Ümumi təxmini cavabdehin iddiaçıya 19.500-19.600 manat pul borcludur, 12.600 manat və 2.500 manat ödənilməsi barədə qətnamələri var. Ona görə də 4.500 manat qalıq borc üzrə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmışdır. Borcları ondan əsasən uşağının müalicəsi üçün alırdı amma sonra bilinib ki,başqa məqsədlər üçün borc alıb. Hər bir halda ondan götürdüyü borcları qaytarmalıdır. Sübut olaraq cavabdehin imzası olan ərizə və yoldaşının borcları olması barədə səs yazısı vardır.İddiaçı tərəfindən qeydiyyatda olduğu ünvana pretenziyalar göndərilmiş və telefon nömrələrinə xəbərdarlıq etməyi barədə sms mesajı göndərmişdir . b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək,iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O qeyd etdi ki,işlədiyi müddətdə gəliri yaxşı olub və cavabdeh ondan iki dəfə borc almışdır. O,yoldaşının xəstəliyinə görə ondan borc pul almışdır. Daha sonra təkrar ondan borc pul almışdır. Əvvəlki qətnamələrin də icrasından yayınır. Hazırda ona olan borcu cavabdeh qaytarmır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o iddiaçının qonşusudur. Cavabdeh isə komendatdır. Cavabdeh İddiaçı 20000 manata yaxın borcu olduğunu və qaytarmadağını qeyd etdi. İcra orqanı tərəfindən iki dəfə 500 manat olmaqla cərimələndiyini qeyd etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Eminov Feliks ifadəsində bildirmişdir ki, o iddiaçının qonşusudur. O qeyd etdi ki,cavabdeh və iddiaçı arasında borc pul ilə bağlı söhbət zamanı o buna şahidlik edib və cavabdehin İddiaçı 20000 manat borcu vardır. Cavabdeh İddiaçı borcun qaytaracağını bildirsə də qaytarmamışdır və iddiaçıdan onu bu barədə məhkəməyə müraciət etməməsini xahiş etmişdir. Mülki işin materialları Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2602/2022 saylı qətnaməsi ilə Cavabdeh 12600 (on iki min altı yüz) manat pulun və iş üzrə ödənilmiş 130 (yüz otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-385/2023 saylı qətnaməsi ilə Cavabdeh 2500 (iki min beş yüz) manat pul və iş üzrə ödənilmiş 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-259/2023 saylı qərardadın surətindən görünür ki, təqdimat təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2602/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin və Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “icra ödənişinin alınması barədə” qərarlarının icrasını təmin etmək məqsədilə ilə borclu Cavabdeh mülkiyyətində olan “Qaz 33021 yük" markalı, 10- LS-246 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərar verilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-378/2023 saylı qərardadın surətindən görünür ki, təqdimat təmin edilmiş,Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2602/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-385/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 3644/2023 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəli 05 dekabr 2023-cü il tarixdən saat 11:00dan hesablanması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanan pretenziya məktubundan görünür ki, Cavabdeh ümumilikdə İddiaçı 19.500 manat borcu olduğu və 4.500 manat borcun 1 iş günü ərzində qaytarılmasını tələb etmiş,əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh təərfindən yazılan ərizənin surətindən görünür ki,xx.xx.2023-cü il tarixdə o, İddiaçı 2000 manat borc pul almışdır və bütün borclarını xx.xx.2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh ərizəni öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 65 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 5 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 882.1-ci maddəsinə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3-cü maddəsinə əsasən, bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İşə baxan məhkəmənin mövqeyi: Beləliklə, aşağıdakılar hazırkı işin mübahisəsiz halıdır: 1.Tərəflər arasında borc münasibətlərinin olması; 2.Borcun təsdiqinə dair xx.xx.2023-cü il tarixli tarixli ərizənin Cavabdeh tərəfindən imzalanması; İddiaçı cavabdehin ona 4,500 manat borcu olduğunu bildirir, bunun təsdiqinə dair xx.xx.2023-cü il tarixli tarixli ərizəni məhkəməyə təqdim edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4.500 (dörd min beş yüz) manat borc, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu tutulmalıdır. Borcun etirafı barədə ərizənin məzmunu ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Beləliklə, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin növü olan borc və borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə daha sonra qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmasa da, borc münasibətləri yaranmışdır. Bu halı iddiaçı tərəfin izahatları ilə yanaşı təqdim etdiyi şahid ifadələri iddiaçının tələbinin əsaslandığı halların doğruluğunu təsdiq edir. Belə ki, məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Eyni zamanda şahid pulun verilməsi anını bilavasitə görmüşdür. Göstərilən hallar, eləcə də, şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün onun ifadələrinin mötəbər olmasına dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4500 manat məbləğində borc, 500 manat məbləğində maddi ziyanın əvəzi tutulmalıdır. Məhkəmə xüsusi qərardadın çıxarılması ilə bağlı vəsatətə münasibət bildirərək qeyd edir ki, mülki iş üzrə hər hansı cinayətin əlamətləri aşkar edilmədiyinə görə məhkəmə xüsusi qərarın çıxarılmasına zərurət görməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1 və 241.4-cü maddələrinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4.500 (dörd min beş yüz) manat borc, 500 manat məbləğində maddi ziyanın əvəzi tutulsun. Mülki iş üzrə ödənilmiş 65 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar