Məhkəmə qərarları › İş №e-2(005)-106/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-106/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-106/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1331,23 manat əsas, 1998,95 manat faiz, 1791,36 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 181,62 manat faiz borcu və iş üzrə ödənilmiş 73,04 manat dövlət rüsumu olmaqla, cəmi 5303,16 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 21,5% dərəcəsi ilə ödəmək şərtilə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 290011954/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli 01 saylı əlavə sazişə əsasən kreditorun borcalana verdiyi qalıq məbləği bu sazişin qüvvəyə mindiyi tarixə konvertasiya edilməklə 4507 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi qalıq məbləğ 3892,66 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı LPO İddiaçı ASC məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin və ona olan əlavənin surətindən görünür ki, “Kreditor” “Borcalana” 24 ay müddətinə, illik 21.5 % hesablanmaqla 4700 dollar məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 290011954/ZM saylı kredit müqaviləsinin və ona olan əlavənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır (4-cü bənd); - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə sazişin surətindən görünür ki, müqaviləyə əsasən Kreditorun Borcalana 4700 USD məbləğində verdiyi kreditin qalıq məbləği bu Sazişin qüvvəyə mindiyi tarixə Mərkəzi Bankın mövcud məzənnəsinə uyğun olaraq konvertasiya edilməklə 4507 manat təşkil edir. Kredit xx.xx.2018-cı il tarixədək verilir; - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı zaminlik müqaviləsinə əlavə sazişin surətindən görünür ki, bu əlavə saziş qalıq məbləğin 25%-ni (926.84 Usd) miqdarında hissəsinin borcalan tərəfindən əvvəlcədən ödənilməsi şərtilə qüvvəyə minir və tərəflərin bu saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır; - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə əlavə sazişin surətindən görünür ki, kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3892,66 manat təşkil edir. Kreditin illik faiz dərəcəsi 22 faizlə hesablanır; - xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli KM022T08160016S01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış əsas borc 1331,23 manat, cərimə borcu 1791,36 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 181,62 manat olmaqla, 5303,16 manat təşkil edir; - Hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh1 hesabına xx.xx.2015-ci il tarixdə 4700 dollar pul köçürülmüşdür; - Hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh1 hesabına 19.04.19-cu il tarixdə fərmana əsasən kompensasiya ödənişi olaraq 2484,14 manat pul köçürülmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3734 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə olan kredit borcu xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə - 1.331,23 manat; faiz borcu üzrə-1.555,51 manat, 06 fevral 2020-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5 % ilə hesablanmaqla Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) - əsas borc üzrə 1.331,23 manat; faiz borcu üzrə 1739,48 manat müəyyən edilmişdir. Eksperiza xərci 145 manat təşkil edir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 73,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. LPO İddiaçı ASC borcalan Cavabdeh1 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin qeyd edilən öhdəlik Cavabdeh2 ilə bağlanan zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə dollarla olan borcun restrukturizasiyası tələbilə Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddiası mümkün sayılmamışdır. Hazırda iddiaçı öhdəliyin icra edilməməsinə istinad edərək, borcun məhkəmə qaydasında tutulmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi isə faizlərin əsassız olaraq yüksək hesablanmasına istinad edərək iddiaya etiraz etmişdir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Cavabdeh1 tərəfindən “məcburi restrukturizasiya” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6306/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası mümkün sayılmamışdır. Qeyd edilən qərardadda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli Fərmanında bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyyə edilmişdir (5.1.). Həmin Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 10-cu bəndində Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Fərmanın qeyd edilən müddəalarından görünür ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə restrukturizasiya müqavilələrinin bağlanması kreditor banklarla borcalanların arasında həll edilməli olan məsələlərdir. Həmin məsələlər isə mülki-hüquqi münasibətlərdən yaranır. Eyni zamanda Fərmanda “məcburi restrukturizasiya” anlayışı yoxdur. Hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı isə banklarla borcalanlar arasında bağlanmış müqavilələri “məcburi restrukturizasiya” etmək kimi bir səlahiyyətə malik deyildir. Yəni iddia ona cavab verməli olan inzibati orqana qarşı verilməmiş, eyni zamanda iddiaçı mülki-hüquqi müqavilədən irəli gələn tələblə inzibati məhkəməyə müraciət etmişdir”. Adıçəkilən fərmanda, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin xx.xx.2019-cu il tarixədək qəbulu nəzərdə tutulmuşdur. Cavabdehin iddiası inzibati məhkəmə tərəfindən mümkünsüz sayılsa da, müvafiq tələblə ümumi məhkəməyə müraciət edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etsə də, qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən borc alan Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Əsas və faiz borcunun məbləğinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3734 saylı, xx.xx.2023cü il tarixli rəyi ilə Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə olan kredit borcu xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 1.331,23 manat, faiz borcu üzrə 1.555,51 manat olaraq müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia faiz borcu hissəsində qismən təmin edilməli, əsas borca görə 1.331,23 manat, faiz borcuna görə 1.555,51 manat məbləğində pul Cavabdeh1 tutulmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə cavabdehdən tələb olunan cərimə borcuna münasibətdə qeyd edir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 70 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə ekspert rəyinin nəticə hissəsində göstərilməsə də, məzmununda illik beş faiz ilə hesablanmış faiz borcunun 183,97 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh1 gecikdirilmiş vaxt üçün (xx.xx.2022-ci il tarixədək) illik beş faiz olmaqla 181,62 manat məbləğində pul tutulmalıdır. Belə ki, İddia tələbinin zaminə yönəldilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinin məzmununa uyğun olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 477.0.1 və 477.0.4-cü maddələrinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyə xitam verilməsi ilə bağlı qeyd olunmalıdır ki, zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də ondan ibarətdir ki, zamin bir qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması, qeyri-müəyyən müddətə məsuliyyət daşımasının qarşısının alınması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin mövcudluğu müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Hazırki mülki iş materiallarından görünür ki, kreditor ilə borc alan arasında 06 fevral 2017-ci il tarixdə əlavə saziş imzalanmış və kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Lakin həmin əlavə saziş zamin tərəfindən imzalanmamışdır. Həmin sazişə əsasən zaminin razılığı olmadan müqavilənin müddəti uzadılmış, bu isə zaminin məsuliyyətinin artmasına səbəb olmuşdur. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələblərinə əsasən isə, həmin tarixdən zaminliyə xitam verilmiş hesab olunmalıdır. Hər bir halda nəzərə alınmalıdır ki, zaminlə sonuncu müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış və tərəflərin saziş üzrə öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə qaldığı müəyyən edilmişdir. Lakin həmin şərt etibarsız olmaqla qanunvericilik tələblərinə ziddir. Bu zaman zaminliyin qüvvədə olma müddəti 1 il götürülməlidir. Qeyd olunanlar baxımından hazırki iş üzrə zaminliyə xitam verildiyindən, borcun zamin Cavabdeh2 münasibətdə tələb edilməsi mülki qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən normaları ilə ziddiyyət təşkil edir. Beləliklə, zamin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmışdır və həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıya bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 kredit müqaviləsi üzrə borcun tutulması hissəsində əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1331,23 manat əsas borc, 1555,51 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 181,62 manat faiz, 70 manat cərimə borcu olmaqla, cəmi 3138,36 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 73,04 manat pulun 43 manatı tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun 84 manatı Cavabdeh1, 61 manatı isə iddiaçı LPO İddiaçı ASC-dən tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1331,23 manat əsas borc, 1555,51 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 181,62 manat faiz borcu, 70 manat cərimə borcu olmaqla, cəmi 3138,36 (üç min yüz otuz səkkiz manat, otuz altı qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 73,04 manat pulun 43 (qırx üç) manatı tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 145 manat pulun 86 (səksən altı) manatı Cavabdeh1, 59 (əlli doqquz) manatı isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaadılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar