Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-107/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh ASC-nə (Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs olaraq) qarşı “kredit müqaviləsi üzrə müəyyən edilmiş zaminliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə (Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs olaraq) qarşı “kredit müqaviləsi üzrə müəyyən edilmiş zaminliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə Cavabdeh ASC-nin Mərdəkan filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK-32103-67-3 saylı kredit müqaviləsi xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu ildə Maraqlı şəxs1 ilə Cavabdeh ASC Mərdəkan filialı ilə MK- 32103-67-3 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsində zamin qismində X1 və İddiaçı göstərilmişdir. Hal hazırda səhhətinlə bağlı öhdəlikləri icra edə bilmir, müayinələr nəticəsində müəyyən olunmuşdur ki, mədəaltı vəzin və qaraciyərin ölçüsünü böyümüş, habelə ürəyimdə qüsurlar aşkarlanmışdır. Öhdəliklərin icrası zamanı baş verə biləcək situasiyalardan biri də sağlamlıqla bağlıdır. Sağlamlığının məhdudlaşması, iş qabiliyyətimin aşağı düşməsi vəziyyətində hal-hazırda yaranmış borcu ödəmə qabiliyyətinə malik deyildir. Bununla bağlı iddiaçı tərəfindən Cavabdeh ASC-yə ərizə ilə müraciət edilmişdir. Bundan başqa, göstərilən kredit müqaviləsi üzrə zamin durmaq istəyən Maraqlı şəxs2da zamin kimi əvəzlənməsi barədə banka ərizə yazmışdır. Həmin ərizədə Maraqlı şəxs2 tam əmək qabiliyyətinə olduğunu göstərmiş və ödənişləri vaxtı vaxtında icra edib qalıq borcu ödəyəcəyini bildirmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərdən biri də borclu tərəfin zaminin dəyişdirilməsi ilə bağlıdır. Maraqlı şəxs1 banka yazdığı ərizədə onun zamin kimi Maraqlı şəxs2 ilə əvəzlənməsini xahiş etmişdir. Maraqlı şəxs2 zəruri sənədlər sayılan iş yerindən əmək haqqı barədə arayışı da təqdim etmişdir. Zaminin əvəz olunmasına dair sənədlər tam qaydasındadır. İddiaçı qeyd olunan müqavilə və razılaşma üzrə zaminliyə xitam verilməsi ilə bağlı cavabdehə müraciət edilsə də, müsbət nəticəsi olmamışdır. Belə ki, Cavabdeh ASC tərəfindən verilmiş cavab məktubunda qeyd edilmişdir ki, “ müvafiq kredit öhdəliyi lazımınca icra edilmədiyindən (gecikdirildiyindən), aidiyyəti struktur bölmə tərəfindən onun zaminliyinə xitam verilməsi (dəyişdirilməsi) məqsədəuyğun hesab edilməmişdir. Cavab tərəfindən verilmiş cavabı əsassız hesab edərək, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. `Zaminliklə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Zaminliyə xitam verilməsinin əsaslarından biri də kreditorun və borclunun zaminliyinin dəyişdirilməsi ilə bağlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsi barədə qətanamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli (xx.xx.2019-cu il tarixli MK/32103/67/3 saylı “Kredit müqaviləsi” üzrə kredit borcunun restrukturizasiyasına dair) razılaşmadan görünür ki, bir tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2005-ci il tarixli, 247 saylı lisenziyası və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh ASC "Mərdəkan" filialının direktoru v.i.e. Cəfərli R.A. şəxsində, bundan sonra «Bank» adlanacaq və digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maraqlı şəxs1 şəxsində, bundan sonra «Kredit alan» adlanacaq, digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı X2 qizi şəxsində bundan sonra «Zamin» adlanacaq, digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı İddiaçı şəxsində bundan sonra «Zamin» adlanacaq, Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlərinin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsinə dəstək məqsədilə, 06 fevral 2019-cu il tarixli, MK/32103/67/3 saylı “Kredit müqaviləsi” üzrə kredit borcunun restrukturizasiyasına dair bu Razılaşmanı (bundan sonra «Razılaşma» adlandırılacaq) aşağıdakı şərtlər əsasında bağlamışlar. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən kredit müddəti "04" fevral 2022-ci il tarixindən etibarən 6 (altı) ay müddətinə uzadılır və bu müddət ərzində kredit müqaviləsi” üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən Kredit müqaviləsi” üzrə "06" mart 2020-ci il tarixindən etibarən 6 (altı ) ay müddətinə, aşağıda qeyd olunan qaydada güzəşt müddəti tətbiq edilir. Həmin Razılaşmanın 2.1-ci bəndinə əsasən kredit borcunun restruktuıizasiya edildiyi tarixdə «Kredit alan»nın həmin tarixə olan cari əsas borcunun «Ödəniş cədvəli» üzrə qeyd edilmiş qalıq əsas borcundan az olduğu aydan sonrakı aydan başlayaraq restrukturizasiya edilən tarixədək olan aylar üzrə «Kredit alan»dan əsas borc məbləği tələb olunmur. Həmin tarixədək hesablanmış və ödənilməmiş faiz borcu isə xüsusi hesabda dondurularaq saxlanılır və güzəşt müddətinin bu hissəsində «Kredit alan»dan tələb edilmir. Həmin Razılaşmanın 2.2-ci bəndinə əsasən kredit borcunun restrukturizasiya edildiyi tarixdən sonrakı aylar üzrə güzəşt müddətinin sonuncu ayına qədər (həmin ay da daxil olmaqla) «Kredit alan»dan əsas borc məbləği tələb edilmir və yalnız faiz borcunun ödənilməsi tələb edilir. İş materiallarına əlavə edilmiş, Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 251 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən kredit öhdəliyini lazımınca icra edilmədiyindən aidiyyətı struktur bölmə tərəfindən onun zaminliyinə xitam verilməsi məqsədəuyğun hesab edilmədiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Maraqlı şəxs1 hesabından çıxarışdan görünür ki, sonuncunun Cavabdeh ASC-yə cəmi kredit borcu 1014.81 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ASC "Mərdəkan" filialı Maraqlı şəxs1 arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçının zamin olaraq müvafiq öhdəlik götürmüşdür. İddiaçı səhətinin pisləşməsi ilə əlaqədar olaraq zaminlik öhdəliklərini yerinə yetirə bilmədiyindən zaminliyə xitam verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina edərək, kredit üzrə öhdəliklərini vaxtında yerinə yetirilmədiyini əsas gətirmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli MK/32103/67/3 saylı “Kredit müqaviləsi” və xx.xx.2020-ci il tarixli (xx.xx.2019-cu il tarixli MK/32103/67/3 saylı “Kredit müqaviləsi” üzrə kredit borcunun restrukturizasiyasına dair) razılaşma müqaviləsi üzrə onun zaminlik ohdəliyinə xitam verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanunvericilikdə belə hal nəzərdə tutulmamışdır. İddiaçı qeyd edir ki, zaminlik müqaviləsi üzrə öhdəlikərini səhətinin pisləşməsi səbəbindən yerinə yetirə bilmir. Halbu ki, öz iradəsi ilə zaminlik müqaviləsi bağlamış və əsas borclu bank qarşısında olan öhdəliklərini icra və ya lazımi dərəcə icra etmədiyi təqdirdə hüquqi məsuliyyətin ölçüsü də məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, İddiaçı cavabdehlər Cavabdeh ASC-nə (Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs olaraq) qarşı “kredit müqaviləsi üzrə müəyyən edilmiş zaminliyə xitam verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh ASC-nə (Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs olaraq) qarşı “kredit müqaviləsi üzrə müəyyən edilmiş zaminliyə xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-107/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-107/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver