Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1072/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “mənzilin dəyərinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin dəyərinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 68295 manat əmlakın dəyəri, 23898 manat dəymiş zərər olmaqla, cəmi 92193 (doxsan iki min yüz doxsan üç) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasında, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 43,5 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə İddiaçı tərəfindən dəyəri tam ödənilərək mülkiyyət hüququ əldə edilmişdir. Cavabdeh MMC tərəfindən 22 yanvar 2014-cü il tarixdə qeyri-yaşayış sahəsinin pay dəyərinin tam ödənilməsi barədə Maliyyə Arayışı verilmişdir. Lakin bu günə kimi həmin qeyri-yaşayış sahəsi subyektiv hüququ olan şəxsə təhvil verilməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə qeyri-yaşayış sahəsinin təhvil verilməsi gecikdirilmişdir. Cavabdeh "xxxx" MMC –yə qarşı “ mənzilin təhvili, mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh "xxxx" MMC ilə “əmlakın təhvili, mülkiyyət hüququnun tanınması” tələbinə dair davam edən məhkəmə çəkişmələri zamanı Cavabdeh MMC tərəfindən mübahisələndirilən əmlakın İddiaçı öncə X3 adlı şəxsə xx.xx.2009-cu il tarixli müqavilə ilə satıldığı və əmlakın həmin şəxsin adına rəsmiləşdirildiyi bildirilmişdir. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəkil sorğusu ilə müraciət edilmiş, 01 sentyabr 2021-ci il tarixli, ********* saylı cavab məktubu ilə Cavabdeh MMC tərəfindən təqdim edilən 1 saylı binada olan mənzillərin siyahısında X1 adının qeyd edildiyi bildirilmişdir. Xətai rayon Məhkəməsinin 2(011)-2929/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bu səbəbdən iddia predmentini dəyişərək müstəqil şəkildə cavabdehə qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Cavabdeh MMC mübahisələndirilən əmlakın dəyəri olan və iddiaçı tərəfindən 22 yanvar 2014-cü il tarixlialqı-satqı müqaviləsi əsasında ödənilmiş 68295 ( altmış səkkiz min iki yüz doxsan beş) manat pul məbləğindən iddiaçını məhrum etməklə ona külli miqdarda zərər vurmuşdur. Belə ki, X5 faiz dərəcəsi 2018-ci ildə 10- 9.75%, 2019-cu ildə 9.25-7.5% arasında dəyişmiş, 2020-ci il tarixdə 7.25-6.25% arasında dəyişmişdir. Qeyd olunan faiz dərəcələrinin ən aşağı həddini götürməklə 68295 X 5%= 3414 manat X 7 il= 23898 (iyirmi üç min səkkiz yüz doxsan səkkiz) manat dəymiş zərər hesablanır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2014-cü il tarixli alqı-satqı Müqaviləsindən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasında, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 43,5 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi alıcı İddiaçı satılması, sonuncu isə həmin mənzili qəbul etməyi öhdəsinə götürür. Bunun müqabilində alıcı satıcıya hər m2-nə 1570 manat olmaqla, cəmi 68295 manat ödənilməsi müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli Maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasında, 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 43,5 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin pay dəyərinin tam ödənilmiş və onun Cavabdeh MMC-yə borcu yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2929/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və X2 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və əmlakın təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 09/4290 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 68295 manat pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanan faiz ümumilikdə 24092,96 manat müəyyən edilir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya müqavilə predmeti olan qeyri-yaşayış sahəsi təqdim edilməmişdir. Qeyd olunan qeyriyaşayış sahəsi X1 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bu səbəbdən də iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbi üzrə tələb edilən borc məbləği iddiaçı tərəfindən cavabdehə alınması nəzərədə tutulan qeyri-yaşayış sahəsinin dəyəri ilə tənzimlənir. Qeyd olunan qeyri-yaşayış sahəsinin dəyərinin tam şəkildə ödənilməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin dəyərini cavabdehə ödəmiş, cavabdeh isə həmin qeyri-yaşayış sahəsini başqa şəxsin xüsusi mülkiyyətinə verərək iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. İddiaçı eyni zamanda qeyri-yaşayış sahəsi üzrə cavabdehə ödənilmiş məbləğin iddiaçıda saxlanılması halını əldən çıxılmış fayda olaraq dəymiş zərər olaraq cavabdehdən tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.3-cü maddəsinə əsasən isə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 09 iyul tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndiəlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyində 68295 manat pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanan faiz ümumilikdə 24092,96 manat olması qeyd olunmuşdur. İddia tələbi üzrə tələb olunan zərər miqdarı 23898 manat olduğundan məhkəmə qeyd olunan miqdarda iddiaçıya vurulmuş zərərin cavabdehdən tutulmasını zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş dövlət rüsumunu məhkəmə iddiaçının özünə aid edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 68295 manat əmlakın dəyəri, 23898 manat dəymiş zərər olmaqla, cəmi 92193 (doxsan iki min yüz doxsan üç) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin Cavabdeh MMC-dən 68295 (altmış səkkiz min iki yüz doxsan beş) manat əmlakın dəyəri, 23898 (iyirmi üç min səkkiz yüz doxsan səkkiz) manat dəymiş zərər olmaqla, cəmi 92193 (doxsan iki min yüz doxsan üç) manat məbləğində pulun tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1072/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1072/2022
15.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver