Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1080/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə 117000 ABŞ dolları pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə arasında xx.xx.2022-ci il tarixli, 3M-969 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Borc verən” “Borc alana” 125000 ABŞ dolları məbləğində pul borc vermişdir. Həmin Müqavilənin 2-ci bəndinə görə “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” bütövlükdə və ya hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə görə “Borc verən” bu müqavilənin 1-ci bəndində göstərilən borc məbləğini Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə əsasən (1 ABŞ dolları-1.70 manat) notariusun bankda açılan depozit hesabı vasitəsi ilə “Borc alana” ödəmişdir. Müqavilənin 4-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Bağlanmış müqavilə üzrə o üzərinə götürdüyü öhdəliyə əməl edərək cavabdehə 125000 ABŞ dolları pulu borc şəklində versə də, cavabdeh üzərinə düşən öhdəliyi müqavilədə qeyd edilən müddətə icra etməmişdir. Cavabdeh tərəfindən alınmış pulun bir hissəsi, yəni 8000 ABŞ dolları qaytarılmış, 117000 ABŞ dolları isə bu günədək qaytarılmamışdır. İddia tələbinin eyni zamanda digər Cavabdeh1 yönəldilməsinin əsası kimi qeyd edir ki, Cavabdeh1 Cavabdeh2 arvadıdır. Yəni mübahisə predmeti olan müqavilə üzrə alınmış borc Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahları dövründə yaranmış öhdəlikdir. Borc verimiş pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Tərəfindən dəfələrlə pulun ödənilməyən hissəsinin geri qaytarılması tələb edilsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, müqavilə bağlandıqdan sonra qeyd edilən borc üzrə iki dəfə 20000 ABŞ dolları olmaqla, 40000 ABŞ dolları ödəniş edilmişdir. Odur ki, qeyd edilən məbləğləri nəzərə alaraq, iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, Cavabdeh2 ilk növbədə onun dostudur. Çox yaxın münasibətləri var və dostluqdan başqa Cavabdeh2 sürücüsüdür. 2018-ci ildən başlayaraq dəfələrlə Cavabdeh2 tərəfindən göndərilmiş fərqli məbləğlərdə pulları iddiaçıya aparıb vermişdir. Bir müddət əvvəl, o Cavabdeh2 ilə iddiaçının yaşadığı məhəlləyə getmiş və onun yanında Cavabdeh2 20000 ABŞ dolları sayıb İddiaçı vermişdir. Bundan bir həftə - on gün sonra, cavabdeh ilə yenidən iddiaçının yaşadığı məhəlləyə getmiş, lakin pulu götürməyə iddiaçının oğlu düşmüşdür. Cavabdeh2 iddiaçının oğluna 34000 manat məbləğində pul vermişdir. Onlar yolda gedərkən, iddiaçı, Cavabdeh2 zəng edərək, pulun ona ABŞ dolları şəklində lazım olduğundan, həmin pulun ABŞ dollarında verilməsini bildirmişdir. Cavabdeh2 ilə birlikdə gedərək, pulu ABŞ dollarına çevirib iddiaçıya vermişlər. İş materiallarına əlavə edilmiş: Bakı Şəhəri 5 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh2 125000 ABŞ dolları məbləğində pul borc verir. Tərəflərin razılığına əsasən “borc alan” krediti xx.xx.2022-ci il tarixədək “borc verənə” Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə əsasən (1 ABŞ dolları-1.70 manat) qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər; Bakı Şəhəri 5 saylı notariat ofisinin 3M-969 saylı notariat işində olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə mədaxil edərək AZ44MUGA**********00001AZM27 nömrəli depozit hesaba 212500 manat məbləğində pul qoymuşdur; Bakı Şəhəri 5 saylı notariat ofisinin 3M-969 saylı notariat işində olan notarius tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı notarial qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 212500 manat məbləğində pulun müqavilə təsdiq edildikdən sonra məktub əsasında Cavabdeh2 verilməsi üçün bankda olan AZ44MUGA**********00001AZM27 nömrəli depozit hesaba qəbul edilməsi xahiş edilmişdir. Həmçinin həmin məbləğ xx.xx.2022-ci il tarixinədək hissə-hissə depozit hesabı vasitəsilə İddiaçı ödənilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixində tərəfər notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlamış, müqaviləyə əsasən “Borc verən” İddiaçı “Borclu” Cavabdeh2 125000 ABŞ dolları məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcu müvafiq olaraq xx.xx.2022-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı qeyd edilən borcdan 8000 ABŞ dollar məbləğində ödənişin aparıldığını bildirərək, qalan 117000 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş edir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyini yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Belə ki, “Borc verən” İddiaçı tərəfindən “Borclu” Cavabdeh2 125000 ABŞ dolları məbləğində pulun verilməsi tərəflər arasında yazılı şəkildə bağlanmış borc müqaviləsi, həmçinin kassa qəbzi ilə öz təsdiqini tapmışdır. Borcun qaytarılmasını sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh iddia tələbini təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 müqavilədən sonra cavabdeh tərəfindən borc üzrə ümumilikdə 40000 ABŞ dolları ödəniş etməsi ilə bağlı izahatına, həmin halın təsdiq edilməsi üçün təqdim edilmiş şahid ifadəsinə münasibətdə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə təqdim edilmiş şahidin ifadəsini möhtəbər sübut kimi qəbul etmir. Belə ki, təqdim edilmiş şahid öz ifadəsində Cavabdeh2 ilə yaxın dost olduğunu və həmçinin sonuncunun sürücüsü işləməsini qeyd etmişdir. Bunlar isə şahidin cavabdehin xeyrinə ifadə verməsini istisna etmir və bunu nəzərə alaraq, məhkəmə şahid ifadəsini möhtəbər sübut kimi qiymətləndirmir. Cavabdeh isə öz etirazının əsası kimi digər möhtəbər sübut təqdim edə bilməmiş, iddiaçı tərəf isə həmin halı etiraf etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyinə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, müqavilənin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə iddianın borcun eyni zamanda digər Cavabdeh1 da tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, borc müqaviləsi İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, Cavabdeh1 həmin müqavilə üzrə tərəf olmamış və heç bir öhdəlik götürməmişdir. İddiaçı kreditin birgə nikah müddətində götürülməsi səbəbdən borclunun arvadı-Cavabdeh1 cavabdeh qismində göstərmişdir. Lakin götürülmüş borc məbləğinin Cavabdeh1 aid olmasına, həmin məbləğin ailə ehtiyyacları üçün götürülməsinə dair sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, Cavabdeh2 müqavilə üzrə öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cavabdeh2 tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə 125000 ABŞ dolları borc yaranmış və həmin borcdan 8000 ABŞ dolları ödənilməsi iddiaçı tərəfindən bildirilmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi tələb edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1080/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1080/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver