Məhkəmə qərarları › İş №e-2(005)-109/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-109/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-109/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı (açar sözlər: yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2, Cavabdeh Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7820,96 manat məbləğində vurulmuş maddi ziyanın və 98,21 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus “Lexux ES 350” markalı, 10NR002 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Z.B.Əhmədbəyov küçəsində yolun sağ kənarında park edilmiş şəkildə dayanmışdır. Həmin gün təxminən saat 08:50 radələrində ərazidə olan körpünün altından gələn “Nissan” markalı, 90JM555 dövlət qeydiyyat nişanlı avtomobil yolun ara məsafəsi qaydalarını pozaraq aşağı hissədən - park edilmiş (iddiaçıya məxsus) avtomobilə doğru hərəkətdə olan “Lexus” markalı, 90MC880 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən sonuncu avtomobil qarşıda duran İddiaçı məxsus “Lexux ES 350” markalı, 10NR002 dövlət qeydiyyat nişanlı avtomobili, “Lexux ES 350” markalı, 10NR002 dövlət qeydiyyat nişanlı avtomobil isə“İNFİNİTİ FX35” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Nəticədə İddiaçı avtomobilinə ziyan dəymişdir. Müvafiq orqan tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərara əsasən “Nissan” markalı, 90JM555 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (...araməsafəsi... qaydalarının pozulmasına... görə) nəzərdə tutulmuş inzibatixətanın törədilməsində təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla İddiaçı avtomobilinə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində sürücü Cavabdeh2 təqsirli olduğu müəyyən edilir. Yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdə Cavabdeh2 idarə etdiyi Nissan” markalı, 90JM555 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixli yol vərəqəsi ilə MMC həmin avtomobili idarə etmək hüququnu xx.xx.2023-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. Yəni sonuncu, hadisə baş verdiyi vaxt avtomobili idarə etmək səlahiyyətinə malik şəxs olmuş, bu səbəbdən haqqındatərtib edilmiş inzibatixəta haqqında protokol yalnızara məsafəsi qaydalarının pozulmasına görə olmuşdur. Bununla da, Cavabdeh2 əmək vəzifəsini yerinə yetirərkən, yəni əvvəlcədən müəyyən olunmuş məntəqəyə işəgötürənin tapşırığı ilə yol vərəqəsi əsasında hərəkət edən zaman bu hadisəni törətmişdir. Hadisənin Cavabdeh2 təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (ara məsafəsi qaydalarını pozması) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Ona görə də, "xxxx" MMC öz işçisinin hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyəti yaranır. Belə olan halda iddiaçının mülki qanunvericiliyə əsasən hadisə nəticəsində ona məxsus avtomobilə dəymiş zərəri tələb etmək hüququ yaranır. Belə ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin həcmi "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktınaəsasən 10237,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən hadisə nəticəsində avtomobilinə dəymiş zərərə görə İddiaçı 2416.04 manat məbləğində sığorta ödənişi edilmişdir. Sığorta tərəfindən 2416.04 manat məbləğində vəsaitin ödəniş edildiyini nəzərə alınsa, 7820.96 manat (10237,00 - 2416.04 = 7820.96 manat) məbləğində maddi ziyan qalmaqdadır II. Tərəflərin mövqeləri: Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən qeyd edilən məbləğ şişirdilmişdir, həmin məbləğ iddiaçının avtomobilə dəymiş real zərəri əks etdirmir, əslində dəymiş zərər qat-qat aşağıdır. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktında avtomibilin istismarına yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan ehtiyat hissələrinin dəyəri, habelə iş haqqı kimi göstərilmiş məbləğlər də qəsdən yüksək göstərilmişdir. Həmçinin yol nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh avtomobilin təmir edilməsini iddiaçıya təklif etmiş, lakin sonuncu bununla razılaşmamış, elə həmin avtomobilə də əyləşərək sürüb getmişdir. Bu hal onu təsdiq edir ki, avtomobil işlək vəziyyətdə olmuş, ona böyük zərər dəyməmişdir. Zərərin cüzi olması həmçinin avtomobilin fotoşəkilləri ilə təsdiq edilir. İddiaçı bu hadisədən sui-istifadə edərək avtomobilinə yeni ehtiyat hissələri qoydurmuş, zədələnmiş hissələrin isə təmir olunubolunmamasının mümkünlüyünü yoxlatdırmamışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə düzgün nəticəyə gəlinməsi, qanuni və əsaslı məhkəmə aktı çıxarılması üçün iş üzrə keçirilmiş ekspert rəyləri mötəbər sübut kimi nəzərə alınmamalıdır. İlk öncə onu qeyd edir ki, İddiaçı məxsus “Lexus ES 350” markalı, 10NR002 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də artıq təmir olunub və avtomobilin təmiri üçün ödənilmiş xərci 10 428 AZN təşkil edir. Təmir xərcinin ödənilməsini iş materillarında olan satış Qəbzi təsdiq edir və qəbzdə olan VÖEN ********** də həmin sənədin məhz "xxxx" MMC-yə aid olduğunu sübut edir. Buna görə də avtomobilin təmir bərpasına sərf olunmuş xərcləri təsdiq edəcək qəbz mötəbər sübut sayılmalıdır. Bu isə onu göstərir ki, iddiaçının cavabdehdən maddi zərər adı ilə tələb etdiyi məbləğ real zərərdir. Belə ki, iddiaçıya dəymiş real zərərin məbləği konkret olaraq bəllidir və belə olan halda iş üzrə ekspertizanın rəylərinin nəzərə alınmasına zərurət qalmır. Eyni zamanda digər mənbələrdən alınan məlumatlar İddiaçı məxsus “Lexus ES 350” markalı, 10NR002 dövlət qeydiyyat nişanlı avtomobilinin istehsalçısı (dileri vasitəsilə) "xxxx" MMC tərəfindən müəyyən edilmiş qiymətlərdən daha etibarlı ola bilməz. Yəni, "xxxx" MMC-nin avtomobilin istehsalçısı olan şirkətin Azərbaycanda rəsmi dileri olduğu nəzərə alındıqda, müvafiq qüsur aktı avtomobilə dəymiş real təmir xərcini təsdiq edən qəbzdə olan detallar zərəri göstərən daha mötəbər (ən azından ekspert rəyi ilə müqayisədə) sübut hesab olunmalıdır. Əlavə olaraq qeyd edir ki, İddiaçı məxsus “Lexus ES 350” markalı, 10NR002 dövlət qeydiyyat nişanlı avtomobil hazırda istehsalçısı (dileri) "xxxx" MMC-də qarantiyadadır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, özü hadisənin iştirakçısı olmuşdur və bu yaşına qədər törətdiyi ilk qəzadır. İddiaçı tərəfindən təqdim olunan X4 sənədləri və ona əsasən verilmiş rəylər həqiqəti əks etdirmir. Hadisədə 3 nəqliyyat vasitəsi iştirak edib: biri öz idarə etdiyi avtomobil, ikinci Lexus markalı avtomobil və üçüncü hazırki iş üzrə iddiaçıya məxsus avtomobil. Heç bir avtomobildə nə ön, nə də arxa buferi yararsız vəziyyətə düşməyib. Hadisə zamanı sınıb və yararsız vəziyyətə düşən hər hansı bir avtomobil olmayıb. Mühərrikin xarab olması üçün onun ilk öncə buferi və arxada olan ekranı sınmalıdır. Həmin hissə dağılanda hava yastığı açılmalıdır, lakin belə bir hal baş verməyib. Toyota servis tərəfindən verilmiş aktda qeyd olunub ki, plasmas işlərin görülməsi 85.000 manat təşkil edir. Avtomobil əzilib və boyun qaçırmır, lakin qeyd olunanlar həqiqəti əks etdirmir. İddiaçıya bildirmişdir ki, avtomobili təmir etdirməyə hazırdır və bütün xərci üzərinə götürməyə razıdır, lakin iddiaçı avtomobilin yalnız "xxxx" MMC-də təmir olunmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin əməkdaşıdır və avtomobil idarəyə məxsus olub, lakin hadisə işdən kənar vaxtda baş vermişdir. Bu səbəbdən hesab edir ki, iddianın Cavabdeh1 MMC-yə aidiyyəti yoxdur. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, “Lexus ES 250” markalı sedan tipli 10NR002 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. - “Nissan X-Trail” Minik markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir. - Cavabdeh2 “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlarla müəyyən olunur ki, Cavabdeh2 "xxxx" MMC-də (VÖEN: **********) xx.xx.2022-ci il tarixdən əsas iş yeri olaraq şöbə müdiri vəzifəsində işləyir. - xx.xx.2023-cü il tarixli ******* saylı “İnzibati Xəta” haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:50-də “Nissan X-Trail” minik markalı 90JM555 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “Nissan X-Trail” minik markalı 90JM555 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərara əsasən, Cavabdeh2 40 manat cərimə olunmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Lexus ES 350” markalı 10NR002 qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görülmüş işlər və ehtiyat hissələri nəzərə alınmaqla, cəmi 10237 manatdır. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesab-faktura və 38802 nömrəli mədaxil qəbzindən görünür ki, “Lexus ES 250” markalı 10NR002 qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələri üçün "xxxx" MMC-yə 10428,00 manat ödəniş edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin, habelə cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə tarixdə Cavabdeh1 MMC-yə məxsus “Nissan X-Trail” minik markalı 90JM555 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının mülkiyyətində olan “Lexus ES 250” markalı sedan tipli 10NR002 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Cavabdeh Maksimov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Sığorta şirkəti tərəfindən iddiaçıya 2416,04 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı avtomobilə dəymiş zərərin əvəzinin Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən müştərək qaydada ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. .. ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh2 təqsiri müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş və cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıya dəymiş maddi ziyanın əvəzini ödəməlidir. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (MM-nin 1108.1-ci maddəsi). Eyni zamanda, Mülki Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59-cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). İşdə olan sübutlarla hadisə zamanı Cavabdeh2 Cavabdeh1 MMC-də əmək müqaviləsi əsasında şöbə müdiri vəzifəsində işləməsi, idarə etdiyi “Nissan X-Trail” minik markalı 90JM555 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh – işəgötürən Cavabdeh1 MMC-nin adına mülkiyyət hüququ üzrə rəsmi reyestrdə qeydə alınması və nəqliyyat vasitəsinin Cavabdeh2 istifadəsinə verilməsi müəyyən olunur. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi məqsədilə qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu hal işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə, və yaxud eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Hazırki iş üzrə avtomobilinə zərər dəymiş iddiaçı vurulmuş zərərin işəgötürəndən və işçidən - "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından baş vermiş hadisədə mülki hüquq pozuntusuna görə Cavabdeh2 və "xxxx" MMC birgə mülki hüquqi məsuliyyət daşıyır və bu səbəbdən dəymiş zərər onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə araşdırması zaman iddiaçı dəymiş zərərin müəyyən edilməsi məqsədilə mülki iş üzrə cavabdehin vəsatətlərinə əsasən məhkəmə əmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 may 2024-cü il tarixli 9/2673-8/1059 saylı və 28 yanvar 2025-ci il tarixli 9/6536-8/2266 saylı ekspert rəyinə əsasən, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən 2022-ci il buraxılışlı, “LEXUS” markalı, “ES250” model, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9697,04 manat o cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 5572,04 manat; - Təmir- bərpa işlərinin qiyməti - 4125,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9474,15 manat o cümlədən: - Dəyişilməli hissələrin qiyməti 5349,15 manat, - Təmir-bərpa işlərinin qiyməti 4125,00 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli 9/6536-8/2266 saylı ekspert rəyinə əsasən, iş materialına əlavə edilmiş (cild i.v 141), "xxxx" MMC tərəfindən tərtib edilmiş “Məktub”da qeyd edilən 11 adda ehtiyyat hissələrinin yenisi ilə əvəz edilməsi üzrə 2022-ci il buraxılışlı, “Lexus” markalı, “ES250” model, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilməli olan xərc təxminən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6742,72 manat o cümədən: - Dəyişilməli hissələrin qiyməti - 5512,72 manat; - Təmir- bərpa işlərinin qiyməti - 1230,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6522,21 manat, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 5292,21 manat; - Təmir- bərpa işlərinin qiyməti - 1230,00 manat. Bununla belə, avtomobilə vurulmuş zərərə görə cavabdehlərdən tutulmalı məbləğə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesab-faktura və 38802 nömrəli mədaxil qəbzindən görünür ki, “Lexus ES 250” markalı 10NR002 qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələri üçün "xxxx" MMC-yə 10428,00 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləğin avtomobilə çəkilməli olan xərci təxmini olaraq müəyyən edən ekspertiza rəylərinə uyğun olaraq müəyyən edilməsi, iddiaçının hüquq və mənafelərinin qorunmasını təmin etmir. Belə ki, yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, iddiaçıya məxsus “Lexus” markalı, “ES250” model, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil artıq təmir olunmuş, bununla bağlı iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə çəkilmiş real xərcə dair ödəniş qəbzi – hesab faktura məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən vurulmuş zərərə görə iddiaçının öz əmlakını təmir etmək üçün çəkdiyi real xərc müəyyəndir. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş ziyana görə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ müəyyən edilərkən, ekspertiza rəyləri əsasında iddiaçının avtomobilin təmir və bərpası üçün çəkməli olduğu təxmini xərc deyil, onun avtomobilinə vurulmuş zərərin aradan qaldırılması üçün real olaraq artıq "xxxx" MMC-yə ödədiyi məbləğ - çəkdiyi xərc nəzərə alınmalıdır. Bununla yanaşı, iş materialları ilə, habelə iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-yə məxsus avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən hadisə nəticəsində avtomobilinə dəymiş zərərə görə İddiaçı 2416.04 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə hesab edir ki, sığortaçı tərəfindən iddiaçıya ödənilmiş sığorta ödənişi və iddia tələbinin həcmi nəzərə alınmalı, iddiaçının əmlakına vurulmuş ziyana görə 7820.96 (10237,00 - 2416.04 = 7820.96) manat cavabdehlərdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 98,21 (doxsan səkkiz manat iyirmi bir qəpik) manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının ödənilməlidir. Həmçinin mülki iş üzrə cavabdehin vəsatətlərinə əsasən, məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri cəmi 150 (yüz əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyəri tərəflərə aid edilməli, hazırki iddia təmin edildiyindən cavabdehlərdən müştərək qaydada 150 (yüz əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada 7820,96 (yeddi min səkkiz yüz iyirmi manat doxsan altı qəpik) manat məbləğində vurulmuş maddi ziyan və 98,21 (doxsan səkkiz manat iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir.

V. Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada 7820,96 (yeddi min səkkiz yüz iyirmi manat doxsan altı qəpik) manat məbləğində vurulmuş maddi ziyan və 98,21 (doxsan səkkiz manat iyirmi bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar