Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-11/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İKB ASC cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 2626.38 USD əsas borc, 711, 17 USD faiz borcu, 735.91 USD dəbbə pulu olmaqla cəmi 4073.46 USD pul məbləğinin "xxxx" İKB ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.10.2017-ci il tarixli, e-2(005)- 7860/2017 saylı əmri ilə iddia təmin edilmişdir. Cavabdeh Zamin 21 may 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli, e-2(005)- 3100/2021 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək mülki iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin "xxxx" ASC-nin xeyrinə 15.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 2211,59 ABŞ dolları əsas, 711,17 ABŞ dolları faiz borcu,735,91 ABŞ dolları cərimə, illik 5% hesablanmış 482,60 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 4141,27 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 15.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 5000 ABŞ dolları kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi cavabdeh Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şənlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdehlər tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişlər. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 15.07.2014-cü il tarixli 23-M-1-0-368-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, Cavabdeh oğlu 5000 ABŞ dolları məbləğində 24 ay müddətinə, 28 % illik faiz dərəcəsi ilə kredit verilmiş, Zamin Cavabdeh müqavilə üzrə bank qarşısında öhdəliklərini tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" ASC-nin kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank 15.07.2014-cü il tarixli 23-M-1-0-368-14 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılmalı, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 9/7748 saylı, 22.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 15.07.2014-cü il tarixli 23-M-1-0-368-14 saylı kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh banka ödəməli məbləğ 01.06.2021-ci il tarixə əsas borc üzrə 2211,59 ABŞ dolları, faiz borcu üzrə 137 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə 9/7748 saylı, 22.12.2021-ci il tarixli ekspert rəyini əsas götürərək faiz borcun 137 ABŞ dolları məbləğində müəyyən edilməsini daha əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 15.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 2211,59 ABŞ dolları əsas, 137 ABŞ dolları faiz borcu tutulmalıdır. Bununla yanaşı məhkəmə 2211.59 ABŞ dolları əsas borc üzrə 735.91 ABŞ dolları məbləğində cərimənin hesablanmasını tənəsübsüz surətdə yüksək hesab edir və onun 50 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 15.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2211,59 ABŞ dolları əsas, 137 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, illik 5% hesablanmış 482,60 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 2881,19 ABŞ dolları borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 20,90 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri, 50 (əlli) manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq “SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyəssinin kodu 3” hesabına keçirilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin 15.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 2211,59 ABŞ dolları əsas, 137 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, illik 5% hesablanmış 482,60 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 2881,19 ABŞ dolları (borc ödəniş gününə məzənnə üzrə manatla) və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 20,90 manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" ASCnin xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri, 50 (əlli) manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq “SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyəssinin kodu 3” hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-11/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-11/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver