Məhkəmə qərarları › İş №e-2(005)-1109/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1109/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1109/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vurulmuş maddi ziyana görə 7652 manat, 200 manat hüquqi xidmət və 99 manat ödənilmiş dövlət rüsumu və bank xidməti olmaqla, cəmi 8000 manat məbləğin müştərək qaydada alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes-Benz EQC 400” markalı, **-GY- *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. Avtomobil ailənin birgə istifadəsində olmaqla, etibarnamə əsasında həyat yoldaşı X3 tərəfindən də idarə edilir. Yoldaşı avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi ilə hərəkət zamanı, ötmə qaydalarını pozan “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil, ona məxsus avtomobilə çırpılaraq, sol qabaq hisəsini zədələmişdir. Yol qəza hadisəsi törətmiş “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən, sürücü Cavabdeh2 olmuşdur. Həmin avtomobilin mülkiyyətçisi isə digər Cavabdeh1dur. Baş vermiş hadisə nəticəsində avtomobilinin ön sol fara, kranşteyn və deffek aktında qeyd olunan digər ehtiyyat hissələri sıradan çıxmışdır. Avtomobili təmir edilib ilkin vəziyyətinə gətirilməsi üçün 12652 manat vəsait sərf edilmişdir. Dəymiş 12652 manat məbləğində ziyanın, 5000 manat hissəsi icbari sığorta tərəfi həyata keçirir, yerdə qalan 7652 manat hissəsi isə qəzanı törətməklə mülki pozuntuya (deliktə) yol verən tərəf ödəməlidir. Lakin cavabdehlər vurulmuş ziyanı onlara düşən hissəsini ödəməkdən boyun qaçırırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianın əsassız olduğunu bildirərək qeyd etdi ki, sığorta şirkətinə verilmiş sorğu əsasında əldə olunmuş məlumata əsasən hadisədən 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə sığorta şirkətinin sifarişi əsasında tərtib olunan qüsur aktında avtomobilə dəymiş zərər 5740 manat təşkil edir. Ekspertin istinad etdiyi qüsur aktı isə hadisədən 3 ay sonra tərtib edilmişdir. Bu isə real vəziyyəti əks etdirmir. Sonda iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qabaq hissədən zədə almışdır; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, Z310/00346 nömrəli qüsur aktından görünür ki, “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 12297,24 manat məbləğində ziyan dəymişdir; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, A310/00704 nömrəli İcra edilmiş xidmətlərə dair aktdan görünür ki, “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin elektron diaqnostika olunması və ön bamperin və zədə alan detalların baxışına 354,79 manat qiymət müəyyən edilmişdir; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes- Benz EQC 400” markalı, **-GY-*** qeydiyyat nömrəli avtomobil İddiaçı mülkiyyətindədir; xx.xx.2023-cü il tarixli Etibarnamənin surətindən görünür ki, “etibar edən” Cavabdeh1 mülkiyyətində olan “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək səlahiyyətini “etibar edilən” Cavabdeh2 etibar etmişdir. Etibarnamə 09 il 06 ay 23 gün müddətinə verilmiş və xx.xx.2033-cü il tarixədək qüvvədə olmuşdur; Fiziki şəxs “X5” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 10425 manat məbləğində ziyan dəymişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2478 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10425 manat, aşınma tətbiq etməklə 9663 manat müəyyən edilmişdir. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh2 xx.xx.2023cü il tarixdə “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes-Benz EQC 400” markalı, **- GY-*** dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Dəymiş zərərin bir hissəsi siğorta şirkəti tərəfindən qarşılanmışdır. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş və sığorta tərəfindən ödənilməmiş maddi zərər əvəzini cavabdeh tərəfindən ödənilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Eyni Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2dur. Belə ki, digər Cavabdeh1 tərəfindən “Toyota Camry” markalı, **-NN-*** markalı avtonəqliyyat vasitəsini idarə etmək hüququ etibarnamə əsasında Cavabdeh2 verilmişdir. Yəni, Cavabdeh2 qanuni əsaslarla sözügedən avtomobilə sahiblik etmişdir. İş materiallarından da göründüyü kimi, hadisə baş verən vaxt Cavabdeh2 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu səbəbdən də onun barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə tənbeh tətbiq edilmişdir. Beləliklə, Cavabdeh1 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır, iddia tələbi ona aid hissədə rədd edilməlidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, İnzibati xəta haqqında protokoldan və digər iş materiallarından da göründüyü kimi, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyində tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes-Benz EQC 400” markalı, **-GY-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərci dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10425 manat, aşınma tətbiq etməklə 9663 manat müəyyən edilmişdir. Məhkəmə dəyişməli hissələrin qiyməti aşınma tətbiq etməklə 9663 manatı əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə iddiaçının avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 9663 manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını və həmçinin həmin məbləğin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, (9663 manatdan sığorta tərəfindən ödənilmiş 5000 manat çıxılaraq, qalan 4663 manat) dəymiş maddi ziyana görə Cavabdeh2 4663 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatı və elektron kabinet vasitəsi ilə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli qüsur aktı və digər sənədlərlə bağlı qeyd edir ki, sığorta şirkətinin sifarişi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı iş üzrə mötəbər subtut hesab edilə bilməz. Belə ki, əvvəla sığorta şirkəti dəymiş zərəri ödəyən təşkilat olduğundan zərərin minimum olmasında maraqlıdır. Həmçinin qüsur aktları müqayisəli şəkildə tədqiq edildikdə görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş qüsur aktında göstərilən ehtiyyat hissələrinin bir çoxu xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilməmiş və həmin ehtiyyat hissələri vizual baxışla görünən ehtiyyat hissələri deyildir (məsələn – qoruyucu üzlük (mühərrik altı), radiator barmaqlığı və sair). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat pulun cavabdehdən tutulması hissələrində də iddia tələbi əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 200 manat pulun ağlabatan məbləğ olduğunu və Cavabdeh2 öhdəliyin icra edilməməsi nəticəsində iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 99 manatın 61,3 manatı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 19 manatı iddiaçıdan, 31 manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki prosessual 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 4663 manat, hüquqi yardıma görə ödənilmiş 200 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 99 manatın 61,3 manatı Cavabdeh2dan tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 19 manatı İddiaçı, 31 manatı isə Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar