Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1114/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 30 manat 69 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 211 manat 09 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 36 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixdə həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2017ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2017-ci il tarixdə 34 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2018-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 6878 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2017-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2018-ci il tarixə qədər olan müddət 93 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 30 manat 69 qəpik təşkil edir. Bundan əlavə İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək və iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC “K@TV1”-in əməkdaşı X2, "xxxx" hüquq firmasının əməkdaşı X4 və teleradio üzrə mütəxəssis X3 tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 6878 N saylı, xx.xx.2018-ci il tarixli aktın surətinə əsasən ünvan 1 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda mənzilin qapısının döyüldüyü, qapının açılmadığı və aktın surətinin mənzilin qapısına qoyulduğu qeyd edilmişdir; İddiaçı MMC-nin (“K@TV1”) xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan X1 arasında bağlanmış “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2017-ci il tarixində bu ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, xx.xx.2017-ci il tarixinədək isə son ödəməsini etmiş, xx.xx.2017-ci il tarixində 34,60 manat borc ilə şəbəkədən ayrılmışdır; İddiaçı MMC-nin təqdim etdiyi arayışdan görünür ki, DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh məxsus olmuşdur; 04 noyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 150 manat məbləğində pul ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəmə xx.xx.2017-ci il tarixinədək edilmiş və həmin ünvan xx.xx.2017-ci il tarixdə 34 manat 60 qəpik borc ilə şəbəkədən ayrılaraq müqavlə münasibətlərinə xitam vermişdir. Həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə iddiaçı arasında kabel şəbəkəsinə qoşulma ilə bağlı müqavilə bağlanmamışdır. Hazırda iddiaçı 15 fevral 2018-ci il tarixində adıçıkilən mənzilə baxış keçirilərkən cavabdehin “KATV1” kabel şəbəkəsinə qanunsuz olaraq müqavilə bağlamadan qoşulmasının aşkar edilməsinə və bu barədə tərtib edilmiş akta əsaslanaraq maddi zərərin ödənilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1 və 1097.1ci maddələri nəzərdən keçirilə bilər. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, zərərin hüquqazidd hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə mənzilin xx.xx.2017-ci il tarixdə borcla şəbəkədən ayrılmasına, yəni tərəflər arasında yaranmış müqavilə münasibətlərinə faktiki olaraq xitam verilməsinə baxmayaraq, cavabdehə məxsus mənzilin iddiaçıya məxsus kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan, ödəniş etmədən qoşulması, bununla da iddiaçıya zərər vurması təqdim edilmiş sübutlar, o cümlədən video yazı vasitəsilə təsdiq edilmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən telekommmunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyatı operatoru, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli, 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə” Qaydalarının 6.2-ci bəndinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir (bənd 6.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hesab edir ki, müqavilə müddəti bitdikdən və mənzil kabel şəbəkəsindən ayrıldıqdan sonra müvafiq akt tərtib edilən vaxtadək (xx.xx.2017-ci il tarixindən 15 fevral 2018-ci il tarixinədək) 93 gün müddətində cavabdehə məxsus mənzilin qanunsuz kabel şəbəkəsinə qoşulma faktı məhkəmə iclasında təsdiq olunduğundan, iddia tələbi həmin müddət ərzində vurulmuş ziyana görə 30,69 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddiaçının hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün ödənilmiş 150 manat pulun cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, əhaliyə telekommunikasiya xidmətləri göstərən hüquqi şəxsin öz vəzifələrinin yerinə yetirilməsi üçün əlavə olaraq ödənişli hüquqi xidmətlərdən istifadə edilməsinin zəruriliyi ağlabatan deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı deyildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə uyğun olaraq iddianın qiyməti 1.000 manatadək olduqda hər bir halda 30 manat dövlət rüsumunun ödənilməli olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat və bank xidmət haqqına görə 0,40 manat pul cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 30,69 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və bank xidmət haqqına görə 0,40 manat olmaqla, cəmi 61,09 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 30,69 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və bank xidmət haqqına görə 0,40 manat olmaqla, cəmi 61,09 (altmış bir manat, doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1114/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1114/2023
10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver