Məhkəmə qərarları › İş №e-2(005)-1119/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1119/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1119/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Heydərli Zeynəb Əmirxan qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.000 manatın və ödənilmiş 148 manat dövlət rüsumunun tutularaq İddiaçı2 Müşfiq oğluna ödənilməsi barədə və Cavabdeh 22.000 manatın və ödənilmiş 157 manat dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh “Diqlas 2” ticarət mərkəzinin arxasında olan 18 kv.metr sahəsi olan mağazanın (satış piştaxtasının) ona məxsus olmasını və satdığını bildirmişdir və İddiaçı2 2019-cu ilin yanvar ayının ortalarında ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında 19000 manat məbləğində pul vəsaitini alıb. O zərərçəkənə satdığı əmlakı onun adına rəsmiləşdirəcəyinə söz vermişdir. xx.xx.2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi yanmış və məlum olmuşdur ki, Cavabdeh mağazaların ona məxsus olduğunu bildirərək başqa şəxslərdən də pul alaraq onları aldatmışdır. İddiaçı Cavabdeh pullarını tələb etdikdə sonuncu bildirmişdir ki, ən qısa zamanda pulları geri qaytaracaq. Sonradan isə iddiaçıya müxtəlif vədlər verərək, pulun əvəzi olaraq torpaq sahəsi göstərsə də, sənədləşmə mərhələsinə gəldikdə müxtəlif bəhanələr gətirərək vədindən yayınmışdır. Cavabdeh satılan yerin ona məxsus olmasını və hətta satdığı yerin sənədləşməsi ilə bağlı vəd verməsi ilə bağlı səs yazısı göndərmişdir. İddiaçıdan alınan 19.000 manat məbləğində pul vəsaiti bu vaxta qədər qaytarılmamışdır. Həmçinin pul məbləğinin qarşılığında cavabdehə vəd edilən edilən 18 kv.m sahəsi olan mağaza (satış piştaxtası) 26 mart 2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi ilə birlikdə yanaraq tamamı ilə məhv olmuşdur. İddiaçı1 əri Rafiq Orucov 2011-ci ildən Bakı şəhəri, Nizami Rayonu, Q.Qarayev prospekti, “Diqlas 2” ticarət mərkəzində olan mağazada (piştaxtada) kişi geyimləri satmaqla ailəsinin dolanışığını təmin etmişdir. 2019-cu ilin fevral ayında əri Rafiq Orucov iddiaçıya bildirmişdir ki, özünü işlətdiyi piştaxtanın sahibi kimi təqdim edən şəxs Cavabdeh onun işlətdiyi piştaxtanın yanında başqa bir piştaxtanı satır və 22000 manata razılaşıblar. Onlar öz ailələrinin gələcək maddi təminatını təmin etmək məqsədi ilə qərara gəlmişlər ki, piştaxtanı alsınlar. 2019-cu ilin fevral ayının sonu əri 22000 manatı “Diqlas 2” ticarət mərkəzində Cavabdeh ödəmişdir. Cavabdeh da onun ərinə söz vermişdir ki, satdığı piştaxtanın sənədlərini verəcək. xx.xx.2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzi yanmış və onlar ümumiyyətlə vəd edilən sahədən istifadə edə bilməmişdir. Belə ki, pulu cavabdehə ödədikdən qısa zaman keçməmiş ticarət mərkəzi bütünlüklə yanmışdır. Ticarət mərkəzi yanandan sonra məlum olmuşdur ki, Cavabdeh mağazaların ona məxsus olduğunu bildirərək başqa şəxslərdən də pul alaraq onları aldatmışdır. Onun əri və daha 6 nəfər həmin gün Cavabdeh pullarını tələb etdikdə sonuncu onlara bildirmişdir ki, ən qısa zamanda pulları geri qaytaracaq. Sonradan isə ümumiyyətlə Cavabdeh danışıqlara gəlməmiş və bir müddət sonra isə ümumiyyətlə zənglərə cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı1 əri Rafiq Orucov vəfat etmişdir. Azyaşlı iki övladı ilə tamamilə çıxılmaz hala düşmüş və digər zərərçəkənlər kimi o da şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İddiaçılar və digər şəxslər aidiyyəti üzrə müraciət edildikdən sonra, Nizami Rayon Polis İdarəsi tərəfindən ********* saylı cinayət işi başlanılmış və müvafiq araşdırma aparılıb. İddiaçılar həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. İstintaq zamanı Cavabdeh İddiaçı1 ərindən 22000 manat aldığını, daha sonra isə 18000 manat aldığını bildirmişdir. İstintaq zamanı Cavabdeh İddiaçı2 19000 manat aldığını bildirmişdir. Cavabdeh iddiaçılardan aldığı pulları əvvəlcə satdığı piştaxtaların dəyəri kimi, daha sonra Ticarət Mərkəzinin tikintisi zamanı verdiyi 350 000 (üç yüz əlli min) manat dəyərində olan elektrik avadanlıqlarının əvəzini əldə etmək məqsədi ilə satdığını, daha sonra isə həmin vəsaitin əvəzi olaraq əvvəlcədən icarə haqqı olaraq cavabdehlərdən birdəfəyə aldığı vəsait olduğunu bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlərə təqdim edilən əmlaklar Ticarət Mərkəzinə məxsus olub. 25 iyun 2023-cü il tarixli İttihama əsasən müəyyən edilmişdir ki, Cavabdeh təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı Şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində 81Q ünvanında yerləşən “Diqlas 2” ticarət mərkəzindən icarəyə götürdüyü X7 məxsus mağazaları guya ona məxsus olmasını iddiaçılara bildirib aldadaraq onların etibarından sui-istifadə etməklə heç bir hüququ və səlahiyyətli olmadığı halda həmin mağazanı iddiaçılara satmaqla adına sənədləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibardan sui-istifadə etməklə bu adla müvafiq olaraq 22000 və 19000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək iddiaçılara xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi baxılmaq üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Cavabdeh qarşı sürülən ittihamı əsaslı saymayaraq 13 dekabr 2023-cü il tarixli, 1(007)- 483/2023 saylı bəraət hökmü çıxarmışdır. Məhkəmə zamanı cavabdeh digər zərər çəkən şəxslərə vurduğu ziyanı ödəsə də, iddiaçılara hər hansı ödəniş etməmişdir. İddiaçılara ancaq borc müqaviləsi bağlamağı və pulun əvəzində torpaq sahəsi təklif etmişdir. Nizami Rayon Məhkəməsi Cavabdeh bəraət verərkən hökmünü aşağıdakı qaydada əsaslandırıb; 1) ... ittiham aktında qeyd olunan vəsaitlərin isə Cavabdeh verilməsində məqsəd Cavabdeh tərəfindən təmirə xərclənmiş vəsait müqabilində əldə edəcəyi gəlirin öncədən ona birdəfəlik ödənilməsi, bununla da aylıq icarə haqqının mütənasib olaraq azaldılması olmuşdur. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, ümumiyyətlə Cavabdehin Ticarət mərkəzinə məxsus mağaza və ya torpaq sahəsini satmaq hüququ yoxdur. Məhkəmədə şahid qismində dindirilən Ticarət Mərkəzinin nümayəndəsi bildirmişdir ki, cavabdeh ancaq ticarət mərkəzindən götürdüyü mağazanı başqa şəxsə subicarəyə verə bilərdi və onun mağazanı satmaq hüququ yoxdur. Məhkəmə araşdırması dövründə digər zərərçəkmiş şəxslər X8, X1, X14, X3, X13, X2 cavabdeh tərəfindən vurulan ziyan ödənilmişdir. Həmin şəxslər məhkəməyə ərizə ilə müraciət edərək dəymiş zərərin tam ödənildiyini bildirmişlər. Apellyasiya instansiya məhkəməsi İddiaçılar cinayət işi üzrə zərərçəkən şəxs qismində Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmündən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarla şikayət təmin edilməmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraət hökmünü qüvvədə saxlayıb. Apellyasiya instansiya məhkəməsinin qərarında cavabdehin iddiaçılardan aldığı pula və onlar arasında yaranan münasibətlərə aşağıdakı qaydada qiymət verib. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin yuxarıda müqayisəli təhlil edilən halları ümumiləşdirilməklə belə nəticəyə gəlir ki, Cavabdeh ilə zərərçəkmiş kimi təqdim olunan şəxslər arasında icarə münasibətlərindən yaranan işgüzar münasibətlər mövcud olmuş, zərərçəkmiş şəxsdən alınmış pullar həqiqətən Cavabdeh ilə zərərçəkmiş şəxslərlə razılaşmaya əsasən Göründüyü kimi Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham yalnız zərəçəkmiş şəxsin ifadəsi üzərində qurulmuşdur, həmin ittiham çoxsaylı ziddiyyətlərlə və ehtimallarla müşaiyət olunmaqla ittiham üzrə təqdim olunmuş “sübutlar” Cavabdeh təqsirli bilinməsi üçün kifayət etmir. Həmçinin məhkəmə Mülki Məcəllənin 21.1., 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək aşağıdakı yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Cavabdeh zərərçəkmiş şəxsləri aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyətinin olmaması, bununla əlaqədar onlara hər hansı əmlak payını vəd etməməsi, aralarındakı münasibətlərin sırf mülki xarakterli münasibətlər olmasını nəzərə alınaraq Cavabdeh əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal Cavabdeh mülki- hüquq münasibətlərinin subyektindən dələduza çevirmir.. Hazırkı iddia tələbi ilə bağlı, cavabdehin iddiaçılara ziyan vurması, iddia tələbində qeyd edilən məbləğlərdə pulların iddiaçılardan alınması, cavabdehin mülkihüquqi xarakterli pozuntuya yol verməsi, onun tərəfindən razılaşmanın lazımınca icra olunmaması Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarı və Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmü ilə müəyyən edilmişdir. Cinayət Prosessual Məcəlləsinin tələbinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 410/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Həmçinin işə birinci instansiya məhkəməsində baxılan zamanı qeyd edilən cinayət işi üzrə iddiçılardan başqa digər zərərçəkmiş şəxslər X6, X1, X14, X3, X13, X2 cavabdeh tərəfindən vurulan ziyan ödənilmişdir. İddiaçılara isə dəymiş ziyanın bir qisminin ödənilməsi və yerdə qalan məbləğə borc müqaviləsinin bağlanması, sonradan isə dəymiş ziyanın əvəzi kimi torpaq sahəsi təklif edilsə də bununla bağlı hər hansı addım atılmamışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində qeyd edilir ki, cavabdeh guya onlara ticarət mərkəzində olan qeyri-yaşayış obyektlərinin alğı-satqısını vəd etmişdir. Halbuki belə alğısatqıdan söhbət gedə bilməzdi, həmçinin bu məsələ həm birinci instansiya, həm apelyasiya, həm də Ali Məhkəmənin hökm və qərarlarında da öz təsdiqini tapmışdır. İş üzrə iddiaçılardan başqa əlavə olaraq, yeddi nəfər də zərərçəkmiş şəxs olub və onların heç biri öz ifadələrində ticarət mərkəzində olan qeyri-yaşayış obyektlərinə dair cavabdeh tərəfindən çıxarış vəd edildiyini iddia etmirlər. Cavabdehə “Diqlas” və digər ticarət mərkəzlərində yer verilib, onu da bildirir ki, Azərbaycanda qayda belədir ki, burda ticarət mərkəzləri heç kəsin mülkiyyətinə verilmir, sadəcə icarəyə verilir. Cavabdehə təxminən 30- 40-a yaxın mağaza verilib və ticarət mərkəzi ilə cavabdeh arasında olan rəsmi icarə müqaviləsinə əsasən, Cavabdeh həmin mağazaları başqalarına subicarəyə vermək hüququna malik olmuşdur. Həmin ticarət mərkəzinin yanması cavabdehlə əlaqəli deyil, bununla bağlı Nizami Rayon Məhkəməsinin hökmü də mövcuddur ki, həmin hökm əsasında təqsirli şəxslər cəzalandırılıblar. Zərərçəkmiş şəxslərə isə baş verən yanğından dolayı dəymiş ziyanla bağlı kompensasiyalar ödənilmişdir. Və həmin şəxslərin kompensasiya prosesində cavabdehin onlara obyektin satışını həyata keçirməsi ilə bağlı hər hansı iddiaları olmamışdır. İddiaçıların və digər zərərçəkmişlərin bildirdikləri ümumi fikrə əsasən, ticarət mərkəzi yanmasa idi, onlar Cavabdeh pul tələb etməyəcəkdilər, onda belə bir sual meydana çıxır, “Necə olub ki, cavabdeh pul əvəzində onlara çıxarış vəd edib və ticarət mərkəzi yanmasa idi demək ki çıxarış da tələb edilməyəcəkdi?” Burda aydın görünür ki, ziddiyyət var. Bugünkü iddianın predmeti olan məsələ ilə bağlı onu qeyd edir ki, orda hər kəs bilirdi və bilməli idi ki, heç kəsin həmin ticarət obyektlərinə münasibətdə çıxarış vermək hüququ mövcud deyildir. Məhkəmə iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 483/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Həmin hökmün məhkəmənin gəldiyi nəticənin əsaslandırılması barədə mövqeyindən həmçinin görünür ki, araşdırılan sübutlarla məhkəmədə belə bir həqiqət müəyyən edilir ki, təqsirləndirilən şəxs Cavabdeh Diqlas ticarət mərkəzində yerləşən mağazaları müxtəlif şəxslərə icarəyə vermiş, həmin şəxslərlə və eyni zamanda ticarət mərkəzinin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən ticarət mərkəzinin təmiri üçün xərclədiyi vəsait müqabilində icarə haqqının bir hissəsini özünə saxlamaqla, digər hissəsini isə ticarət mərkəzinin rəhbərliyinə vermişdir. Qeyd olunan fakt ticarət mərkəzinin rəhbərliyi tərəfindən məhkəmə iclası zamanı verilmiş ifadələrlə də öz təsdiqini tapmışdır. Daha sonra Cavabdeh həm icarədarlara, həm də ticarət mərkəzinin rəhbərliyinə işdən ayrılacağı barədə məlumat vermiş, bundan sonra aylıq icarə haqqının birbaşa ticarət mərkəzinə veriləcəyi ilə bağlı məlumat vermişdir. İcarədarlar özləri də bu barədə məlumatlı olmuş, ittiham aktında qeyd olunan vəsaitlərin isə Cavabdeh verilməsində məqsəd Cavabdeh tərəfindən təmirə xərclənmiş vəsait müqabilində əldə edəcəyi gəlirin öncədən ona birdəfəlik ödənilməsi, bununla da aylıq icarə haqqının mütənasib olaraq azaldılması olmuşdur. İcarə haqqının sonradan birbaşa ticarət mərkəzinə ödənilməsi və icarə haqqının azaldılması ilə bağlı məqam məhkəmə iclası zamanı araşdırılmış sübutlarla, zərərçəkmiş şəxslər və şahid ifadələri ilə, həmçinin ibtidai istintaq zamanı Cavabdeh dindirilməsi zamanı verdiyi ifadədə də öz təsdiqini tapmışdır. Belə ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadədə aylıq 16.000 manat məbləğində icarə haqqının 3.000 manat hissəsinin ona çatdığını, qalan 13.000 manat hissəsini isə Diqlas və Lotos ticarət mərkəzinin direktor müavini Bəhruz adlı şəxsə verdiyini bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı digər əhəmiyyət kəsb edən məsələ zərərçəkmişlərin tələb hüququnun Diqlas ticarət mərkəzində baş vermiş yanğından sonra yaranması ilə bağlıdır. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxslər verilmiş suallara cavab olaraq bildirmişlər ki, ticarət mərkəzi yanmadığı təqdirdə onların Cavabdeh qarşı verilmiş pulun geri qaytarılması ilə bağlı tələbləri olmayacaqdı. Bu fakt bir daha təsdiq edir ki, Cavabdeh Diqlas ticarət mərkəzində yerləşən mağazaları satmaq fikri olmamış, onun belə bir səlahiyyətinin olmaması zərərçəkmiş şəxslərə öncədən bəlli olmuşdur. Qeyd olunan hal məhkəmə iclası zamanı şahid qismində ifadə vermiş Diqlas ticarət mərkəzinin direktoru və direktor müavini, həmçinin ibtidadi istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin verdiyi ifadələrlə təsdiq edilmişdir. Məhkəmə iclası zamanı Diqlas ticarət mərkəzinin direktoru və direktor müavini bildirmişlər ki, Cavabdeh mağazaları satmaq səlahiyyəti olmamış, zərərçəkmiş şəxslərin də bundan məlumatı olmuşdur. Həmçinin bildirmişlər ki, Cavabdeh işdən uzaqlaşdıqdan sonra ticarət mərkəzinin qeydiyyat kitabında icarədar kimi Cavabdeh deyil, zərərçəkmiş şəxslərin adları qeyd olunmuş, obyektlər artıq Cavabdeh vasitəsi ilə deyil, birbaşa zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə icarəyə verilmişdir. Bu da bir daha sübut edir ki, Cavabdehlə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər arasında alğı-satqı olmamış, sadəcə təmirə çəkdiyi xərclər müqabilində gəlir əldə etmək üçün mağazaları həmin şəxslərə icarəyə vermişdir. Cavabdeh ticarət obyektlərini zərərçəkmiş şəxs qismində tanınmış şəxslərə satmaq niyyətinin olmaması həmin şəxslər tərəfindən müvafiq vəsaitlərin Elçinə verilməsindən sonra da icarə haqqını ödəməyə davam etmələri ilə bir daha sübut olunur. Belə ki, onlar arasında alqı-satqı barədə razılıq olmuş olsaydı, məntiqi olaraq artıq icarə haqqı ödəməyə ehtiyac qalmayacaqdı... Bundan əlavə müəyyən edildi ki, təqsirləndirilən şəxs zərərçəkən şəxslər kimi göstərilən şəxslərin etibarından sui-istifadə etməmiş, onlara hər hansısa bir vəd verməmiş, onlarla hər hansı bir razılaşması olmamış, aldatmamışdır. Bununla da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən sübutlar mövcud deyildir. İş materiallarında olan 1(103)-410/2024 nömrəli xx.xx.2024-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxs İddiaçı1 və vəkili-nümayəndəsi Vəkil1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti, zərərçəkmiş şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təqdiq edilmiş iş materiallarına əsasən məhkəmədə müəyyən edilmiş işin faktiki hallarına əsasən, pul zərərçəkmiş şəxslər tərəfindən Cavabdeh ticarət obyektlərinin satışı müqabilində deyil, onun tərəfindən təmirə çəkdiyi xərcə görə verilmişdir. Bunun müqabilində icarə haqqları da zərərçəkmiş şəxslər tərəfindən Cavabdeh verilmiş vəsaitə mütənasib şəkildə azaldılmışdır. Həmçinin Cavabdeh onları aldatmaq niyyəti olmamış, sadəcə çəkdiyi xərc müqabilində icarə haqqının bir hissəsini özündə saxlamaqla gəlir əldə etmək məqsədi olmuşdur və ticarət mərkəzi yanmadığı təqdirdə iddiaçıların Cavabdeh qarşı hər hanısa tələbi olmayacaqdı. Qeyd olunan məbləğlərdə vəsaitin Cavabdeh verilməsində məqsəd isə, Cavabdeh artıq bu işdən uzaqlaşmaq niyyətinin olması, təmirə xərclədiyi 300.000 manat vəsait müqabilində gələcəkdə icarə haqqlarından əldə edəcəyi gəlirin öncədən zərərçəkmiş şəxs qismində tanınmış şəxslər tərəfindən birdəfəlik ödənilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçıların iddia tələbinin əsasını tərəflər arasında pul məbləğinin qarşılığında iddiaçılara vəd edilən mağazaların (satış piştaxtası) 26 mart 2019-cu il tarixdə “Diqlas 2” ticarət mərkəzinin yanması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi təşkil edir. İddiaçıların hüquq-mühafizə orqanlarına şikayət ərizəsi əsasında müraciətləri üzrə Nizami Rayon Polis İdarəsi tərəfindən ********* saylı cinayət işi başlanılmış, cinayət işi baxılmaq üçün Nizami Rayon Məhkəməsinə göndərilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-483/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilməsi hökm edilmişdir. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-173/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən kassasiya protesti və zərərçəkmiş şəxslərin kassasiya şikayətləri təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-410/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Göründüyü kimi, iddiaçılar iddia tələbinin dəlillərində cavabdehlə ticarət obyektlərinin alğı-satqı edilməsi barədə razılığa gəldiklərini bildirsələr də, lakin məhkəmə araşdırılması zamanı onlar arasında belə bir razılığın əldə edilməsi öz təsdiqini tapmamışdır. İşin bu halı sözügedən hökmdə də öz əksini tapmış və məhkəmənin qənaəti də bu istiqamətdə olmuşdur. Bundan başqa, qeyd edilməlidir ki, işgüzar adətlərə əsasən iri ticarət mərkəzlərində yerləşən obyektlər ayrı-ayrılıqda şəxslərə satılmır, ticarət mərkəzi ümumilikdə bir şəxsə məxsus olmaqla, həmin şəxs tərəfindən müxtəlif şəxslərə icarəyə verilir. Göründüyü kimi, məhkəmə araşdırılması zamanı cavabdehin iddiaçılar qarşısında obyektlərin mülkiyyətə veriləcəyi barədə hər hansı öhdəliklər götürməsi, habelə həmin öhdəliyi yerinə yetirməməsi və ya hər hansı qanunazidd əməli nəticəsində iddiaçılara zərər vurması müəyyən edilməmişdir. İddiaçı iddia tələbinin dəlillərində qeyd edir ki, cavabdehin iddiaçılara ziyan vurması, iddia tələbində qeyd edilən məbləğlərdə pulların iddiaçılardan alınması, cavabdehin mülkihüquqi xarakterli pozuntuya yol verməsi, onun tərəfindən razılaşmanın lazımınca icra olunmaması Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarı və Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 1(007)-483/2023 saylı bəraət hökmü ilə müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin qeyd olunan dəlilinə münasibətdə bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da göstərildiyi kimi mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Məhkəmə qeyd edir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəlicəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Bu baxımdan hazırda məhkəmədə işin araşdırılması zamanı Cavabdeh tərəfindən hər hansı hüquqa zidd bir əməlin törədilməsi müəyyən olunmur. Qeyd olunan faktiki hal məhkəmədə cinayət işinin araşdırılmış halları (şahid ifadələri, zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxsin ifadələri ilə) müəyyən olunmuşdur. Cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara görə təqsirləndirilən şəxs Cavabdeh Diqlas ticarət mərkəzində yerləşən mağazaları müxtəlif şəxslərə icarəyə vermiş, həmin şəxslərlə və eyni zamanda ticarət mərkəzinin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən ticarət mərkəzinin təmiri üçün xərclədiyi vəsait müqabilində icarə haqqının bir hissəsini özünə saxlamaqla, digər hissəsini isə ticarət mərkəzinin rəhbərliyinə vermişdir. Qeyd olunan fakt ticarət mərkəzinin rəhbərliyi tərəfindən məhkəmə iclası zamanı verilmiş ifadələrlə də öz təsdiqini tapmışdır. Daha sonra Cavabdeh həm icarədarlara, həm də ticarət mərkəzinin rəhbərliyinə işdən ayrılacağı barədə məlumat vermiş, bundan sonra aylıq icarə haqqının birbaşa ticarət mərkəzinə veriləcəyi ilə bağlı məlumat vermişdir. İcarədarlar özləri də bu barədə məlumatlı olmuş, ittiham aktında qeyd olunan vəsaitlərin isə Cavabdeh verilməsində məqsəd Cavabdeh tərəfindən təmirə xərclənmiş vəsait müqabilində əldə edəcəyi gəlirin öncədən ona birdəfəlik ödənilməsi, bununla da aylıq icarə haqqının mütənasib olaraq azaldılması olmuşdur. İcarə haqqının sonradan birbaşa ticarət mərkəzinə ödənilməsi və icarə haqqının azaldılması ilə bağlı məqam məhkəmə iclası zamanı araşdırılmış sübutlarla, zərərçəkmiş şəxslər və şahid ifadələri ilə, həmçinin ibtidai istintaq zamanı Cavabdeh dindirilməsi zamanı verdiyi ifadədə də öz təsdiqini tapmışdır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Bu baxımdan cavabdehin Diqlas ticarət mərkəzində yerləşən mağazaları müxtəlif şəxslərə icarəyə verməsi, həmin şəxslərlə və eyni zamanda ticarət mərkəzinin rəhbərliyi ilə aralarında olan razılaşmaya əsasən ticarət mərkəzinin təmiri üçün xərclədiyi vəsaitin müqabilində icarə haqqının bir hissəsini özünə saxlaması, digər hissəsini isə ticarət mərkəzinin rəhbərliyinə verməsi işin müəyyən edilmiş faktiki halları olmaqla, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin yerinə yetirildiyi, onun iddiaçılarla aralarında olan razılaşmaya əməl etdiyini və hər hansı pozuntuya yol vermədiyini göstərən diqqətçəkən məqamlardandır. Hazırda işdən də göründüyü kimi, iddiaçıların istifadəsində olan qeyri-yaşayış sahələrinin yanması, bu halın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və nəticədə iddiaçılara maddi zərərin dəyməsi hansısa mötəbər sübutlarla öz əksini tapmamışdır. Belə ki, cinayət işi materiallarından da görünür ki, ticarət mərkəzi yanmasa idi, iddiaçıların belə bir tələbləri olmazdı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların cavabdehin təqsirli, hüquqazidd əməlləri (delikt törətməsi) nəticəsində maddi ziyana məruz qalması barədə iddia tələbinin hər hansı hüquqi əsası mövcud olmamışdır. Məhkəmə iddia dəlilinə qiymət verməyi davam etdirib qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-410/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmadığı, zərərçəkmiş və təqsirləndirilən şəxslər arasındakı mübahisənin mülki hüquqi xarakterli mübahisə olduğu qənaətinə gəlinmişdir. Belə ki, tərəflər arasında olan mülki mübahisənin delikt olubolmaması, o cümlədən cavabdeh tərəfindən deliktin törədilməsi faktının öz təsdiqini tapması yalnız mülki mühakimənin nəticəsində mümkündür ki, həmin fakt da məhkəmədə təkzibedilməz dəlillərlə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəməyə təqdim edilən video yazılara münasibətdə ilk növbədə qeyd edilməlidir ki, MPM-in 10.10.-ci maddəsinə görə şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Hazırkı işdə iddiaçıların nümayəndəsi tərəfindən təqdim edilmiş video yazıları şəxsi məlumatları əks etdirmədiyindən məhkəmə onların açıq məhkəmə iclasında tədqiq edilməsini mümkün hesab etmişdir. Bu baxımdan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video və səs yazılarına münasibətdə məhkəmə bildirir ki, əvvəla, həmin video yazılar cavabdeh barəsində cinayət hüquqi tədbirlərin aparıldığı dövrdə çəkilmişdir və mümkündür ki, cavabdeh cinayət hüquqi tədbirlərin tətbiqindən çəkinərək, hər hansısa vədi versin. İkincisi isə, həmin video yazılarda aparılan danışıqlar konkret və aydın şəkildə hansısa məsələni müəyyən etməyə imkan vermir, bu baxımdan həmin video yazılar əsasında cavabdehin iddiaçılara nəyisə vəd etməsi, yaxud da məhz hazırki mübahisəli məsələ üzrə cavabdehin əməlləri nəticəsində iddiaçılara maddi ziyanın dəyməsini təsdiq edəcək mötəbər sübut kimi qəbul edilməsinin mümkün olmaması açıq-aşkardır. Belə olan təqdirdə iddiaçılara məhz cavabdehin əməlləri nəticəsində maddi zərərin dəyməsinin müəyyən edilməsi məqsədi baxımından istinad edilən video yazıları əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, iddia tələbləri rədd olunmаlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 148 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçını özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar