Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1123/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1980.55 (bir min doqquz yüz səksən manat, əlli beş qəpik) manat əsas, 271.18 (iki yüz yetmiş bir manat, on səkkiz qəpik) manat faiz, cəmi 2251.73 (iki min iki yüz əlli bir manat, yetmiş üç qəpik) manat borcun, həmçinin ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 30 (otuz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3500 (üç min beş yüz manat) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 13.01.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 13.01.2020-ci il tarixli 1026650/18820 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zaminlər, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 19.01.2022-ci il tarixinə əsas borcu 1980.55 (bir min doqquz yüz səksən manat 55 qəpik) manat, faiz borcu 271.18 (iki yüz yetmiş bir manat 18 qəpik) manat, cəmi 2251,73 ( iki min iki yüz əlli bir manat 73 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 2251.73 (iki min iki yüz əlli bir manat 73 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 13.01.2020-ci il tarixli ******* saylı Kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 30 (otuz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3500 (üç min beş yüz manat) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 13.01.2020-ci il tarixli 1026650/18820 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 13.01.2020-ci il tarixli 1026650/18820 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. İş materillarına əlavə olunmuş 13.01.2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 19.01.2022-ci il tarixə 1980,55 manat məbləğində əsas kredit borcunun, 271,18 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 2251,73 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş pretenziya məktublarının surətlərindən və məzmunlarından görünür ki, müvafiq borc məbləğinin ödənilməsi barədə cavabdeh şəxslər xəbərdar edilmişlər. İş materiallarına əlavə olunmuş 24.01.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 43,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 13.01.2020-ci il tarixli ******* saylı Kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 30 (otuz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3500 (üç min beş yüz manat) manat məbləğində kredit verilmişdir. 13.01.2020-ci il tarixli 1026650/18820 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 13.01.2020-ci il tarixli 1026650/18820 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 19.01.2022-ci il tarixə 1980,55 manat məbləğində əsas kredit borcunun, 271,18 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 2251,73 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 1980.55 manat əsas, 271.18 manat faiz, cəmi 2251.73 manat borc, həmçinin ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-1123/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1123/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver