Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1125/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X17 Mehdi qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı dəymiş 15.000 (on beş min) manat məbləğində maddi ziyan, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul, həmçinin dövlət rüsumu kimi ödənilmiş 139.90 (bir yüz otuz doqquz manat, 90 pəpik) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin yanvar ayında oğluna toy məclisi təşkil etmək üçün "xxxx" MMC-yə məxsus olan “Mala Praga” restoranının administratoru X14 ilə tanış olmuşdur. Anar Abbasov məclisə dəvət olunan 120 nəfər qonaq üçün 7200 (yeddi min iki yüz) manat (adambaşına 60 manat) ödəyəcəyi təqdirdə iddiaçının oğlunun toy məclisini təşkil edəcəyini bildirmişdir. Anar Abbasovla razılığa gəldikdən sonra, İddiaçı oğlunun toy məclisinin təşkili üçün bütün restoran xərclərinin cəmi olaraq 7200 (yeddi min iki yüz) AZN vəsaiti nağd qaydada 15 yanvar 2022-ci il tarixdə “Mala Praga” restoranında cavabdehə ödəmişdir. 30 yanvar 2022-ci il tarixdə toy mərasimi olmuşdur. Toyun sonlarına yaxın, restoranın foyesində olan zaman Anar Abbasov iddiaçıya yaxınlaşaraq onu öz ofisinə dəvət etmiş və ona toya “vergidən yoxlama" gəldiyini və təcili olaraq toydan əldə edilən 15.000 (on beş min) manat pulun kassaya köçürülməsinin lazım olmasını bildirmişdir. İddiaçı toy üçün lazım olan pulu Anara verdiyini dedikdə sonuncu ona bunu bildiyini lakin, restoran rəhbərliyinin hazırda restoranda olmaması səbəbi ilə, kassaya pul köçürülə bilmədiyini deyərək ondan 15.000 (on beş min) manat pul istəmişdir. Anar Abbasova inanan iddiaçı toydan yığılmış olan 15.000 (on beş min) manat pulu sonuncuya vermişdir. Pulu verən zaman Anar ona narahat olmamağı və yoxlama gedən kimi pulu ona qaytaracağını demişdir. Toy bitdikdən və qonaqlar yola salındıqdan sonra iddiaçı Anarın yanına getmiş və ona verdiyi pulu geri tələb etmişdir, Anar isə ona restoranın rəhbərliyinin hələ gəlmədiyini və pulu sabah yəni, 31 yanvar 2022ci il tarixində iddiaçıya qaytaracaqlarını bildirmişdir. 31 yanvar 2022-ci il tarixdə iddiaçı Anarla telefonla danışan zaman pulunu nə vaxt verəcəyini soruşmuşdur. Anar isə ona narahat olmamağını və 01 fevral 2022-ci il tarixdə verəcəyini demişdir. H.Nəzər 01 fevral 2022-ci il tarixdə yenidən Anara zəng etmiş, lakin Anar onun telefon zənglərinə cavab verməmişdir. 02 fevral 2022-ci il tarixdə iddiaçı “Mala Praga" restoranında Anar Abbasovun ofisinə gedərək Anarla görüşüb pulunu nə vaxt verəcəyini soruşmuşdur. Anar isə ondan bir həftə vaxt verməsini istəmişdir. Lakin, hadisənin üzərindən 1 il keçməsinə baxmayaraq Anar Abbasov hələ də ona məxsus olan pulu geri qaytarmamışdır. Anar Abbasovun iddiaçıdan 15.000 (on beş min) AZN vəsait aldığının sübutu kimi onlar öz aralarında xx.xx.2022-ci il tarixində razılaşma bağlamış və Anar Abbasov İddiaçı həmin məbləğdə vəsaiti aldığını öz imzası ilə təsdiq etmişdir. Hadisədən bir müddət keçdikdən sonra, H.Nəzər ərizə ilə Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmiş, A.Abbasovun məsuliyyətə cəlb edilməsini və pulunun geri qaytarılmasını xahiş etmişdir. Sonradan H.Nəzərə məlum olmuşdur ki, A.Abbasovun bu fəaliyyəti nəticəsinə başqa şəxslərə də zərər dəymişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-371/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək X14 əlavə cəza olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir. Sözügedən hökmə əsasən X3 Nəzərdən 15.000 (on beş min) manat vəsaiti aldığını və geri qaytarmadığını etiraf etmişdir. İstinad edilən prosessual normanın tələbinə uyğun olaraq, indiki halda Xətai Rayon Məhkəməsinin 1 (011 )-371/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü preyudisial xarakter daşıyır və həmin hökmə əsasən X8 İddiaçı 15.000 (on beş min) manat vəsaiti aldığı və geri qaytarmadığı öz təsdiqini tapmışdır. Belə ki, A.Anar məhkəmədə verdiyi izahatında bildirmişdir ki, 2022-ci ilin yanvar ayından İddiaçı tanımışdır. Nəzər də işlədiyi "Mala Praqa” restoranına toy məclisi təşkil edilməsi üçün müraciət etmiş şəxslərdən biri olmuşdur. 15 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Nəzər "Mala Praga" restoranına gələrək onunla görüşmüşdür. Söhbət zamanı Nəzər ona oğlu Rasim Hacıyev üçün toy məclisi təşkil etmək istəyini bildirmişdir. Həmin vaxt onlar toyun tarixini 30 yanvar 2022-ci il tarixinə təyin etmişlər və Nəzər ona qonaqların 120 nəfər olacağını bildirmişdir. O, İddiaçı inandırmaq üçün sonuncuya 70 manatlıq menyunun qiymətini 60 manat etmək mümkün olduğunu, lakin bunun üçün ilkin olaraq toya gələcək 120 nəfər qonağın hər biri üçün 60 manat pulu əvvəlcədən vermək lazım olduğunu demişdir. Nəzər də ona inandığı üçün toya dəvət ediləcək 120 nəfər qonağın hər biri üçün 60 manat, yəni ümumilikdə 7.200 manat pulu qabaqcadan ödəmək qərarına gəlmişdir. Nəzər ondan pulu hara ödəyəcəyini soruşduqda o, sonuncuya pulu ona ödəyəcəyini demişdir. Həmin vaxt Nəzərə razılaşdıqları kimi 7200 manat pulu sayaraq ona vermişdir. Sonra o, işlədiyi “Mala Praqa" restoranının adından toyun tarixi və Nəzərin vermiş olduğu 7.200 manat pulun qeydləri edilmiş kağız qəbzi sonuncuya vermişdir. Bundan sonra Nəzər onunla sağollaşıb toy məclisinə hazırlıqlar görməyə başlayacağını bildirib çıxıb getmişdir. Bundan sonra Nəzər onunla bir neçə dəfə telefonla əlaqə saxlayıb danışan zaman o, sonuncuya hər bir şeyin qaydasında olduğunu və 30 yanvar 2022-ci il tarixdə toyun olacağını bildirmişdir. 30 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Nəzərin oğlu Rasim Hacıyevin toyu baş tutmuşdur. Toy ərəfəsində, Nəzərdən əlavə pul almaq qərarına gəldiyi üçün saat təxminən 22 radələrində sonuncunu əyləşdiyi ofisinə dəvət etmişdir. Nəzərdən pul almaq məqsədi ilə sonuncuya yalandan toya "vergidən yoxlama" gəldiyini və təcili olaraq 15.000 manat pulun kassaya köçürülməsinin lazım olmasını bildirmişdir. Nəzər ona toy məclisi üçün razılaşdıqları məbləği verdiyini bildirən zaman, sonuncuya rəhbərliyini hazırda restoranda olmadığını, kassaya pul köçürülə bilmədiyini deyərək 15.000 manat pulu istəmişdir. Nəzər də ona inandığı üçün toydan yığılumış olan 15.000 manat pulu ona vermişdir. O, pulu ondan alan zaman narahat olmamağını və ən geci pulu 01 fevral 2022- ci il tarixdə verəcəyini bildirmişdir. Toy məclisi başa çatdıqdan sonra Nəzər və qonaqlar restorandan çıxıb getmişlər. 01 fevral 2022-ci il tarixdə yenidən Nəzər ona zəng vursa da, o, pulları şəxsi işlərinə xərclədiyi üçün sonuncunun telefon zənglərinə cavab verməmişdir. İddiaçı almış olduğu 15.000 manat pulu şəxsi işlərinə xərcləmişdir. Hökmə əsasən iş materiallarında olan xx.xx.2022-ci il tarixli 15 nömrəli arayışdan görünür ki, X14 xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək “RESANT CONSULTİNG and MANAGEMENT" MMC-də inzibati şöbənin admininstratoru və administrator köməkçisi vəzifəsində çalışmışdır. İddiaçı maddi zərərə uğraması işin mübahisəsiz halıdır. Lakin, Anar Abbasov həmin əməli törətməsində birbaşa təqsirkar olsa da, iddiaçıya maddi ziyan dəyməsində obyektiv təqsirləndirmə nöqteyi-nəzərindən onun işlədiyi müəssisənin də təqsiri vardır. Belə ki, hadisə baş verən zaman “RESANT CONSULTİNG and MANAGEMENT" MMC-yə məxsus “Mala Praqa” restoranında inzibati şöbənin admininstratoru və administrator köməkçisi vəzifəsində işləyən Anar Abbasovun fəaliyyətinə müəssisə tərəfindən nəzarət edilməmiş, həmin restoranda keçirilən məclislərin təşkil edilməsi, müştərilərlə hesablaşmaların aparılması üçün müəssisədə vahid qayda və vəzifə bölgüsü düzgün aparılmamışdır. İşin halları onu göstərir ki, müəssisənin aidiyyatı şəxsləri restorana mərasim təşkil etmək üçün müraciət edən vətəndaşlarla Anar Abbasovun birbaşa əlaqədə olduğunu, onlardan həmin mərasimlərin keçirilməsi üçün pul vəsaitləri (xidmət haqqını) aldığını və restorana həmin vəsaitin təqdim edilməsi vəzifəsinin Anar Abbasovun üzərinə qoyulduğunu bilmiş, lakin onun fəaliyyətinə nəzarət edilməmişdir. Bunun nəticəsində Anas Abbasov hazırki iş üzrə İddiaçı də daxil olmaqla toy məclisinin təşkili üçün restorana müraciət etmiş başqa şəxsləri də aldatmış və onlara maddi zərər vurmuşdur. Anar Abbasovun fəaliyyətinə restoranın məsul şəxsləri tərəfindən nəzarət edilmədiyini və vəzifə bölgüsünün düzgün aparılmadığını “RESANT CONSULTİNG and MANAGEMENT" MMC-yə məxsus “Mala Praqa” restoranında işləyən əməkdaşların Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 1(011 )-371 /2022 nömrəli cinayət işi üzrə məhkəməyə verdikləri izahatlar bir daha təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2021 -ci ilin may ayından başlayaraq Bakı şəhər, Xətai rayonu, Babək prospekti 56 ünvanında yerləşən “Mala Praqa” restoranında administrator vəzifəsində çalışmışdır. X10 da işlədiyi restoranda tanımışdır. Anar 2018-ci ildən “Mala Praga” restoranında adminstartor köməkçisi kimi çalışmışdır. Anar Abbasovun əsas işi restoranda keçiriləcək banket və toy məclislərini danışaraq gün və yer müəyyən etmək olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, Anar Abbasov onlardan və restoranın digər rəhbərliyindən xəbərsiz və icazəsiz restorana gəlib toy və banket şənliklərini keçirmək üçün danışan şəxslər ilə ünsiyyət quraraq sonunculardan fərqli-fərqli məbləğlərdə pullar almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2018-ci il 2022-ci ilin əvvəllərinə qədər Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Mala Praqa” restoranında müşayiətçi vəzifəsində işləmişdir. Həmin vaxtdan Anar Abbasovu o, işlədiyi restoranın adminstratoru olmuşdur. Onun vəzifəsi restorana gəlmiş olan qonaqları istədikləri yerə yerləşdirmək, yəni yemək yeməyə gələn qonaqları “Mala Praqa"nın restoran hissəsinə, toy və yaxud digər şənlikləri keçirmək istəyən qonaqları isə restoranın administratorlarına yönləndirmək olmuşdur. Anar Abbasovun restorana gəlmiş olan qonaqlardan müvafiq olaraq bir neçə dəfə pul olaraq onlara qarşı dələduzluq etməsi barədə hər hansı bir məlumatı olmamış, belə hallara şahid olmamışdır. İstinad edilən şahid ifadlərindən də göründüyü kimi, Anar Abbasovun restoranda tutduğu vəzifədən dolayı gördüyü iş fərqli və ziddiyyətli formada təqdim edilmişdir. Bu fakt onu göstərir ki, “RESANT CONSULTİNG and MANAGEMENT" MMC-yə məxsus “Mala Praqa” restoranında inzibati şöbənin admininstratoru və administrator köməkçisi vəzifəsində işləyən Anar Abbasovun fəaliyyətinə, o cümlədən həmin restoranda keçirilən məclislərin təşkil edilməsi, müştərilərlə hesablaşmaların aparılması, kassamədaxil əməliyyatlarının icrasına müəssisə tərəfindən nəzarət edilməmiş və Anar Abbasov bu vəziyyətdən sui-istifadə edərək müxtəlif mərasimlərin təşkili üçün restorana müraciət edən şəxsləri aldadaraq onlara maddi zərər vurmuşdur. İstər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-371/2022 nömrəli hökmünə əsasən iş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X14 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. 2022-ci ildə törətdiyi hüquqa zidd əmələ görə həbs edilmiş bir şəxsi işə götürən və ona bu cür yüksək məsuliyyət tələb edən vəzifəni həvalə edə müəssisə onun fəaliyyətinə çox ciddi nəzarət etməli idi ki, bu cür hallar yaranmasın. Lakin, müəssisədə A.Anarın fəaliyyətinə nəzarət mexanizmi müəyyən edilməmişdir və bunun nəticəsində “RESANT CONSULTİNG and MANAGEMENT" MMC-yə məxsus “Mala Praqa” restoranı ilə mülki hüquq münasibətinə daxil olan İddiaçı 15.000 (on beş min) manat miqdarında maddi ziyan dəymişdir. Bundan başqa, İddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün “Mirzəyev və Partnyorlan” vəkil bürosunun vəkili Vəkil ilə ümumi dəyəri 300 (üç yüz) manat olan müqavilə bağlamış və bunun nəticəsində 300 (üç yüz) manat ödəniş etmişəm. Qeyd olunan fakt ərizəyə əlavə edilmiş müqavilə ilə təsdiq olunur. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X9 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-ci maddəsinə istinad etmişdir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddələrin tələblərinə görə, iddiaçının tələbinə uyğun olaraq cavabdehliyi müəyyən edilmiş şəxsə münasibətdə onun öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasının dispozitiv şərtlər aşağıdakılardır: işçi ilə işəgötürən arasında əmək müqaviləsi olmalıdır, həmin müqavilədə işçinin əmək funksiyaları, yəni onun peşə üzrə yerinə yetirilməli olan işin və ya göstərməli olan xidmətin dairəsi dəqiq müəyyən edilməlidir; işçinin hüquq pozuntusunun törədilməsi bilavasitə əmək funksiyalarının yerinə yetirilməsi zamanı baş verməlidir; işçi işlərin təhlükəsiz aparılmasını hüquqi şəxsin nəzarəti altında həyata keçirməlidir. Qeyd edilmiş əsaslar Məcəllənin əks olunmuş müddəasından və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43,44, 54 və 57-ci maddələrindən irəli gəlmişdir. Bu qaydada verilmiş şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Az İmport MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qərarlarına uyğunluğunun yoxlanılmasına dair" 16 iyul 2018-ci il tarixli qərarında da əks olunmuşdur. Cavabdehin keçmiş işçisi X14 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli Əmək Müqaviləsinin 3.1 bəndində qeyd edilmişdir ki, işçinin əmək funksiyaları Əmək müqaviləsinə qoşma kimi əlavə olunan vəzifə təlimatında ətraflı təsvir olunur. Həmin müqaviləyə əlavə edilmiş vəzifə təlimatına əsasən X8 əmək funksiyaları aşağıdakı kimidir: Restoranın müəyyən olunmuş standrtlara uyğun idarə edilməsində iştirak etmək; gündəlik və ya aylıq iş planlarının riayyət edilməsində məsul şəxsin göstərişlərinə əməl etmək; restoran məhsullarına olan tələbatı daima araşdıraraq, məsul şəxslərə məlumat vermək; restoranda təqdim edilən yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət etmək; müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edərək bütün restoran işçi qrupunun bu istiqamətdə təlimləndirib inkişaf etdirilməsində iştirak etmək;inzibati işlər, əmək qüvvəsi ilə bağlı məsələlərin tənzimlənməsinə nəzarət etmək; sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət etmək; təqdim olunan bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət etmək; işçi heyəti arasında daxili-intizam qaydasına əməl olunmasına nəzarət etmək; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl oluhnmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarını yerinə yetirmək. Sözügedən Vəzifə təlimatı ilə işçi tanış olmuş və imzası ilə təsdiq etmişdir. Vəzifə Təlimatından göründüyü kimi X8 vəzifə funksiyaları arasında müştərilərdən pulun alınması, verilmiş pul müqabilində iltizamların imzalanması/imzalatması funksiyası yoxdur. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-371/2022 nömrəli hökmündə də təqsirli şəxslər dairəsi müəyyən edilərkən cavabdehin birbaşa və ya dolayı təqsirinə dair hər hansı müddəa mövcud deyil. Əksinə, hökmdə qeyd edilmişdir ki, X8 məhkəmədə dindirilərkən aşağıdakıları deyir: - Restoranda onun işi restorana gəlmiş vətəndaşları qarşılamaq, sonuncuların istəyi üzrə restoranda banket və toy məclislərini təşkil etməkdən ibarət olmuşdur. Restorana gəlib toy və banket şənlikləri danışmaq istəyən şəxslərlə ünsiyyətdə olmuş, sonradan müştərilərlə özü gizlin şəkildə telefon əlaqəsi saxlayaraq menyunu həmin şəxslər üçün, restoran rəhbərliyinin xəbəri olmadan endirim etmiş və pulu mənimsəmişdir. İddiaçı, nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfin etiraz ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin təqdim etdiyi etiraz tamamilə əsassız olduğu üçün təmin edilməməlidir. Bununla bağlı aşağıdakı xüsusatları bildirmək istəyir. Cavabdehin təqdim etdiyi etiraz Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun fomada tərtib edilməmişdir. AR MPM-in 154.5-ci maddəsinə əsasən iddiaya etiraz işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndənin imzaladığı etiraza onun işi aparmağa səlahiyyətini təsdiq edən sənədlər əlavə edilir. Təqdim edilən etirazdan da göründüyü kimi etiraz cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. Eyni zamanda, etirazın sonunda "xxxx" MMC-nin baş diektoru kimi Emin Rüstəmovun adı qeyd edilsə də, etiraza onun işi aparmağa səlahiyyətini təsdiq edən sənəd əlavə edilməmişdir. Buna görə də cavabdehin təqdim etdiyi etiraz nəzərə alınmamalıdır. Etirazda qeyd edilir ki, "xxxx" MMC-nin keçmiş əməkdaşı X8 törətdiyi hüquq pozuntusu onun öz vəzifə təlimatı üzrə əmək funksiyalarının icrası nəticəsində olmamışdır və buna görə də cavabdeh şirkət A.Abbasovun həmin əməlinə görə cavabdeh qismində işə cəlb edilməməlidir. Bu mülahizə ilə bağlı bildirmək istəyirik ki, işçinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün işəgötürənin məsuliyyətinin yaranmasını təkcə vəzifə təlimatı ilə əlaqələndirmək tamamilə yanlışdır və AR MM-nin 1099-cu maddəsinin məqsədləri xaricindədir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Xətai Rayon Məhkəməsinin 1(011)-371/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən də göründüyü kimi Abasov Anar məhkəmədə verdiyi izahatında bildirmişdir ki, İddiaçı 120 nəfər qonağın hər biri üçün 60 manat, yəni ümumilikdə 7.200 manat pulu qabaqcadan ona ödəmişdir. Həmçinin, toy olan günü H.Nəzərdən əlavə olaraq “vergi yoxlaması” adı altında 15 000 manat pul almışdır. Yəni, A.Anar restorana müraciət edən şəxslərlə toy günü danışmaq və buna görə nəzərdə tutulan pulu almaq vəzifəsini icra etdiyini etiraf etmişdir. Qeyd edilən iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş “Mala Praqa” restoranının administratoru X6 ifadəsində göstərmişdir ki, “Anar Abbasovun əsas işi restoranda keçiriləcək banket və toy məclislərini danışaraq gün və yer müəyyən etmək olmuşdur”. Digər tərəfdən, bu hərəkət təkcə iddiaçıya qarşı edilməyib. Xətai Rayon Məhkəməsinin 1(011)-371/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən də göründüyü kimi ayrı-ayrı vaxtlarda Anar Abbasov bir çox şəxslərlədən, o cümlədən Yusif Babayev, İsuliddin Abbasov, Püstə Əzizova, Teymur Qəmbərov və digər şəxslərdən toy və ad günü mərasimlərinin təşkili üçün müxtəlif məbləğlərdə pul almışdır, həmin mərasimləri işlədiyi “Mala Praqa” restoranında təşkil etmişdir. Bu fakt bir daha təsdiq edir ki, Anar Abbasovun əsas işi özünün və şahid qismində dindirilmiş restoranın digər əməkdaşı Abdullayev Ədalətin də dediyi kimi restoranda mərasimlərin təşkili və müştərilərdən buna görə pul almaq olmuşdur. Əks təqdirdə, əgər A.Anara bu vəzifə həvalə edilməmişdirsə, bu halda sual yaranır ki, nəyə görə restoranın məsul şəxsləri A.Anarın təşkil etdiyi və müştərilərdən buna görə pul aldığı mərasimlərin keçirilməsinə heç bir etiraz etməmiş, həmin mərasimlər keçirilən zaman araşdırma aparmayıblar ki, A.Anarın vəzifə təlimatına görə belə bir səlahiyyətinin olmamasına baxmayaraq, o hansı formada bu işi icra edib? Deməli, bu fakt bir daha təsdiq edir ki, işəgötürən tərəfindən A.Anara həvalə edilən işlərə, başqa sözlə əmək vəzifələrinə müştərilərlə danışığa keçərək mərasimlər təşkil etmək və buna görə həmin şəxslərdən ödəniş almaq daxil olmuşdur. Yuxarıda istinad edilən Plenum Qərarında da qeyd edildiyi kimi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Digər tərəfdən, əgər işəgötürənin A.Anarın törətdiyi əməllər üzərində nəzarət etmək öhdəliyi yox idisə, bütün baş verən hadisələrdə işəgötürənin heç bir təqsiri yoxdursa, niyə görə "xxxx" MMC həmin əməllərdən zərər çəkmiş şəxslərə - Yusif Babayevə və Püstə Əzizovaya dəymiş ziyanı ödəmişdir? Cavabdeh tərəfindən təqdim edilən etirazda qeyd edilir ki, A.Anarın əməli cinayət qanunvericiliyi əsasında cinayət əməli kimi tövsif edildiyi və iddiaçının cinayət işində mülki tələb irəli sürmək hüququnun olduğu halda, iddiaçı indiki halda mülki qaydada "xxxx" MMC-yə qarşı iddia qaldırmışdır. Bununla bağlı bildirmək istəyirik ki, A.Anarın əməl cinayət kimi tövsif edilsə də, həmin əməl A.Anarla iddiaçı arasında yaranan mülki hüquq münasibətindən dolayı edilmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yəni, A.Anarın əməlinin cinayət kimi tövsif edilməsinə baxmayaraq, onun əməli nəticəsində mülki hüquq münasibətinin tərəfi olan iddiaçıya ziyan dəymişdir. Şəxsin əməlinin cinayət kimi tövsif edilməsi, o demək deyil ki, onun əməlində mülki hüquq normasının pozuntusu baş verməyib. İddiaçı cavabdeh şirkətin əməkdaşı olan A.Anara inanmış, onunla mülki hüquq münasibətinə girmiş, toy mərasiminin təşkili üçün restoranın əməkdaşına tapşırıq vermiş, bu tapşırığın icrası üçün ona ödəniş etmişdir, yəni tərəflər arasında mülki hüquq münasibətinin yaranması və bu münasibətə tətbiq edilən mülki hüquq normasının pozulması nəticəsində iddiaçıya zərər dəyməsi faktı işin mübahisəsiz halıdır. Digər tərəfdən, “iddiaçının cinayət işində mülki tələb irəli sürmək hüququnun olduğu halda cinayət əməlinin törədilməsində hər hansı birbaşa və ya dolayı iştirakı və təqsiri olmayan işəgötürənə qarşı iddia qaldırmağa üstünlük vermişdir” mülahizəsi ilə bağlı bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. O cümlədən, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, AR MPM-in 1099.2-ci maddəsinin şərhi baxımından zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Tərəfimizdən təqdim edilən iddia ərizəsində AR CPM-in 65.4-cü maddəsinə istinad edilmiş, cavabdeh isə etirazda bu məsələyə dair bildirir ki, hökmün cavabdehə heç bir aidiyyəti yoxdur. Tərəflərindən həmin normaya istinad edilməsinin səbəbi odur ki, A.Anarın hüquqazidd əməlləri artıq preyudisial xarakter daşıyan məhkəmə hökmü ilə öz təsdiqini tapıb. Məhz, iddiaçı ilə A.Anar (o cümlədən dolayı şəkildə cavabdeh) arasında mülki hüquq münasibətinin yaranması, iddiaçıya dəyən maddi ziyanın həcmi, bu ziyanın hansı əməl nəticəsində yaranması və həmin əməllə mövcud olan nəticə arasında səbəbli əlaqə məhz istinad edilən hökmlə öz təsdiqini tapıb və həmin halların bir daha sübut edilməsinə heç bir rəvac yoxdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X9 iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eyni zamanda şahid ifadələrini dinləyərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-371/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilərək X14 əlavə cəza olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsi, X14 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 19 may 2022-ci il tarixdən hesablanması, X8 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd A4 formatlı kağız üzərində olan sənədlərin sürəti cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İş materiallarında olan X14 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli Əmək Müqaviləsindən görünür ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Əmək Müqaviləsinin 3.1 bəndində işçinin əmək funksiyaları Əmək müqaviləsinə qoşma kimi əlavə olunan vəzifə təlimatında ətraflı təsvir olunmuşdur. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə 1 saylı əlavədən görünür ki, X8 əmək funksiyaları aşağıdakı kimidir: Restoranın müəyyən olunmuş standrtlara uyğun idarə edilməsində iştirak etmək; gündəlik və ya aylıq iş planlarının riayyət edilməsində məsul şəxsin göstərişlərinə əməl etmək; restoran məhsullarına olan tələbatı daima araşdıraraq, məsul şəxslərə məlumat vermək; restoranda təqdim edilən yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət etmək; müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edərək bütün restoran işçi qrupunun bu istiqamətdə təlimləndirib inkişaf etdirilməsində iştirak etmək; inzibati işlər, əmək qüvvəsi ilə bağlı məsələlərin tənzimlənməsinə nəzarət etmək; sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət etmək; təqdim olunan bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət etmək; işçi heyəti arasında daxili-intizam qaydasına əməl olunmasına nəzarət etmək; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarını yerinə yetirmək. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə 1 saylı əlavədən görünür ki, "xxxx" MMC ilə X2 arasında bağlanmış müqaviləyə əsasən X1 əmək funksiyaları aşağıdakı kimidir: Kassa əməliyyatlarını həyata keçirmək; Göstərilən xidmətlərə görə hesablamaları aparmaq; Böyük və xırda pulları qəbul edərək kassa yeşiyində yerləşdirmək; Pulları saymaq və müəyyən olunmuş qaydada satış pulunu təhvil vermək; Satışın məbləğini kassanın sayğacındakı göstəricilərlə tutuşdurmaq; Kassa aparatının sazlığının yoxlamaq, ona nəzarət və çek kağızlarını qoymaq, sayğacların göstəricilərini yazmaq; Nömrəqoyanda göstəriciləri "sıfır"a qoymaq, tarixqoyanı qurmaq, kassa maşınının xırda qüsurlarım aradan qaldırmaq; Günün yekun hesabatım aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS- terminal çeklərini aidiyyəti üzrə təhvil vermək; Keçirilən təftişlərdə iştirak etmək, təftişin operativ və effektiv keçirilməsinə şərait yaratmaq, təftiş aktını imzalamaq, təftiş nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasını təmin etmək. İnventarizasiyaya hazırlıqda və onun aparılmasında iştirak etmək; Kassa masasını təmiz saxlamaq, işçilərin masanın ətrafına toplaşmasına, kənar şəxslərin kassanın arxasına keçməsinə icazə verməmək; Gündəlik və aylıq iş planlarının riayyət edilməsində məsul şəxsin göstərişlərinə əməl etmək; Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək; Daxili-nizam intizam qaydasına əməl etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirmək. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və onların tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, tələb edilən maddi ziyanın məhz mülki hüquq pozuntusu törədən şəxsdən tutulması mübahisələndirilə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Məhkəmə qənaətə gələrkən, İddiaçı müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasını, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1125/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1125/2023
02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver