Məhkəmə qərarları › İş №e-2(005)-1150/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1150/2024

09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1150/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və Bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC-dən, sığorta müqaviləsi bağlanmadığı halda isə BOKT "xxxx" MMC tərəfindən dəymiş ziyana görə 3778 manat məbləğində pulun və ödənilmiş 58 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə bağlanan 11\831-2023 saylı lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən lizinq verənə məxsus olan **-UC-*** dövlət nömrə nişanlı “Hyundaı Elantra” minik markalı (BB 495580 qeydiyyatşəhadətnaməli) avtomobil lizinq alanın-İddiaçı istifadəsinə, sahibliyinə verilmişdir. BOKT "xxxx" MMC ilə aralarında bağlanan xx.xx.2023-cü il tarixli, 11\831-2023 saylı X5 Müqaviləsinin 7-ci bölməsi Lizinq obyektinin sığortalanması adlanır ki, həmin bölmənin 3cü bəndinə əsasən lizinq obyekti yol-nəqliyyat hadisəsi, təbii fəlakətlər, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq, soyğunçuluq, yanğın, partlayış, ildırım vurması risklərindən lizinq müddəti ərzində sığortalanmışdır. Lizinq obyektinin sığorta təminatı lizinq müddəti ərzində sığortalanmışdır. Həmin bölmənin 7-ci bəndinə görə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmlakın bərpası üzrə ödənilən sığorta ödənişi lizinq verənin razılığı alınmaqla lizinq alana ödənilə bilər. Lakin BOKT "xxxx" MMC xx.xx.2023-cü il tarixdə bağlanan 11\831-2023 saylı X5 Müqaviləsinin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, nəticədə onun hüquqları pozulmaqla maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2023cü il tarixdə saat 18:20 radələrində Mingəçevir şəhəri Samux küçəsi ilə Kür çayı istiqamətində idarə etdiyi **-UC-*** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik markalı avtomobillə hərəkətdə olan zaman körpü üzərindən keçərkən havanın qaranlıq və yağışlı olması səbəbindən körpü üzərində olan dəmir qoruyucunu görə bilmədiyindən maşını onun üzərinə sürüb. Nəticədə idarə etdiyi maşının sağ hissəsi, sağ qabaq qanadı, bufer, işıq cihazı, kapotu, ön paneli, ön aynası, sağ yan güzgüsü, sağ qabaq qapısı Samux küçəsində körpü üzərində olan dəmir qoruyucuya dəyərək zədələnərək dağılmışdır. Hadisə nəticəsində avtomobilə xeyli miqdarda maddi ziyan dəymişdir. Bu hadisə ilə bağlı Mingəçevir şəhəri YNH-nin inspektoru tərəfindən 20 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisədən sonra avtomobili dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün “LADA TXS” Avto Texniki Xidmət mərkəzinə müraciət etmişdir. Mütəxəssis tərəfindən avtomobilinə baxış keçirilmiş, ehtiyat hissələri və təmir xərcləri də daxil olmaqla, 3778 manat məbləğində ziyan hesablanmış və bununla bağlı xx.xx.2023-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Hadisə baş verən zaman Paşa Sığorta ASC-yə məlumat verilməsinə baxmayaraq nümayəndəsi hadisə yerinə gəlməmişdir. Buna səbəb kimi göstərilir ki, BOKT "xxxx" MMC tərəfindən **-UC-*** dövlət nömrə nişanlı “Hyundai Elantra” minik markalı avtomobil sığortalanmamışdır. BOKT "xxxx" MMC ilə aralarında bağlanan müqavilədə avtomobilin yol nəqliyyat hadisələrindən sığortalanması nəzərdə tutulmuş, eyni zamanda təhvil-təslim aktına əsasən sığorta müqaviləsinin bağlanması, sığorta obyekti üzrə sığorta təminatının müddətinin başlanması və sonu barədə izah verilmişdir. Ona vurulan ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, müxtəlif bəhanələr gətirməklə ziyanı ödəməkdən boyun qaçırır. BOKT "xxxx" MMC isə müqavilə ilə üzərinə düşən vəzifəni yerinə yetirmədiyindən, avtomobil vaxtında sığorta olunmadığından sığorta təşkilatı ona vurulan ziyanı ödəməkdən imtina edir. Avtomobilə vurulan ziyan Paşa Sığorta ASC tərəfindən, sığorta müqaviləsinin bağlanmadığı halda isə BOKT "xxxx" MMC tərəfindən ödənilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, oğlunun VÖEN-i olsa da, dayandırmışdır. Hazırda başqa işlə məşğul olur, taksi kimi fəaliyyət göstərmir. Əvvəl taksi fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN açaraq maşın alsa da, 4 gündən sonra qəza olmuşdur. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil işin məhkəmə aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 aidiyyət məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X4 bildirmişdir ki, onlar ancaq fərdi sahibkarla müqavilə bağlaya bilərlər. Onlar bu qaydanı iddiaçıya bildiriblər. İddiaçı isə taksi fəaliyyəti ilə məşğul olmaq barədə VÖEN təqdim etdiyindən, onunla müqavilə bağlanmışdır. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi olan anası Nümayəndə oğlunun VÖEN-inin dayandırıldığını, taksi olaraq fəaliyyət göstərmədiyini bildirsə də, xx.xx.2023-cü il tarixli lizinq müqaviləsinin surətindən də görünür ki, İddiaçı VÖEN-i də müqavilədə qeyd edilmiş, yəni o, fərdi sahibkar kimi həmin müqaviləni bağlamışdır. Yuxarıda qeyd olunduğu kimi, ən azı iki qarşı tərəfin birgə və yaxud ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş üzrə isə pul tələbi məhz tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gələn tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. İddiaçının VÖEN-ini dayandırması barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir (Qərarın 23-cü bəndi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar olan iddiaçının hüquqi şəxs olan cavabdehə qarşı pul tələbi məhz sahibkarlıq failiyyətindən irəli gəlir və həmin fəaliyyətin həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Bu baxımdan tərəflər arasındakı hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və BOKT "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar