Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1164/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X2 Mehdi qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12370 manat məbləğində maddi, 4000 manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödədiyi 141 manat pulun iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, bildirmək istəyir ki, cavabdehlər iddiaçıların Almaniyada «Şengen» vizası əsasında yaşamağına və işləməklərinə köməklik göstərmək və iddiaçılara viza almaq, həmin dövlətə gedişi qanuni şəkildə sənədləşdirmək məqsədi ilə 2018-ci ilin iyun ayında 5000 manat, 2018-ci ilin iyul ayında 5000 manat, 2018-ci ilin avqust ayında 5000 manat və 2018-ci ilin noyabr ayında isə 1730 manat təyyarə bileti adı ilə almaqla və 140 manat məbləğində pulu kassaya ödətdirməklə ümumilikdə 16870 (on altı min səkkiz yüz yetmiş) manat məbləğində pulunu ələ keçirmiş və iddiaçılar həmin pulları cavabdehlərə şahidlərin iştirakı ilə vermişlər. Lakin bu öhdəliyi vəd verdikləri vaxtda həll olunmadığını gördükdə onlar tərəfindən aldadıldıqlarını başa düşərək həmin pulları qaytarmalarını tələb etmiş, lakin onlar hər dəfə müxtəlif bəhanələr gətirməklə aldıqları pulları iddiaçılara qaytarmamışlar. Bundan sonra iddiaçılar onların bu qanunsuz əməlləri ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmiş, araşdırma aparılmış, araşdırma gedən ərəfədə isə cavabdehlər həmin puldan xırda -xırda olmaqla cəmi 4500 (dörd min beş yüz) manat qaytarmış, sonuncu pulu isə 2020-ci ilin dekabr ayında vermiş və hazırda cavabdehlərin iddiaçılara borcu 12370 (on iki min üç yüz yetmiş) manat təşkil edir ki, həmin pulu və tərəfindən ödənilmiş 141 manat dövlət rüsumunu cavabdehlərdən tələb edirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1 və digər maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-71/2023 saylı xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən olundu ki,.....işin 13-cü cildinin 118-128-ci vərəqələrindəki məhkəmədə tədqiq edilməklə araşdırılmış protokoldan görünür ki, ibtidai istintaq zamanı Cavabdeh2 ilə Cavabdeh1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Həmin üzləşdirmə zamanı onlar İddiaçı2la ailə üzlərini Almaniya FR-na aiviayolla yollamaları üçün vizaların təşkili ilə bağlı vədlər verərək İddiaçı2 aldadıb pullarını ələ keçirdiklərini və aralarında bölüşdürdüklərini, vədlərinə əməl etmədiklərini etiraf etmişdir. İşin 13-cü cildinin 247-250-ci vərəqələrindəki məhkəmədə tədqiq edilməklə araşdırılmış protokoldan görünür ki, ibtidai istintaq zamanı İddiaçı2 ilə Cavabdeh2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Həmin üzləşdirmə zamanı İddiaçı2 ifadəsində göstərdiyi xüsusastları təsdiq edərək bildirmişdir ki, Almaniyada yaşayan qohumu Adil Məmmədovun yönləndirdiyi Cavabdeh2 onunla ailə üzvlərinə Alimaniya FR-na yollanmalı üçün vizaların təşkili ilə bağlı vədlər verib, ondan əvvəlcə şəxsən iki dəfə, yəni 5000 və 5000 manat olmaqla 10000 manat, daha sonra Cavabdeh2 özünün iştirakı ilə Cavabdeh1 vasitəsi ilə 5000 manat və 1730 manat olmaqla 6730 manat, yəni ümumilikdə 16730 manat məbləğində pul alıb ələ keçirmiş, lakin, vədlərinə əməl etməmiş və onunla ailə üzvlərini Almaniya FR-na yollamamışlar. Üzləşdirmə zamanı Cavabdeh2 bildirmişdir ki, Almaniyada yaşayan Adil Məmmədovun yönləndirdiyi İddiaçı2 ailə üzvləri ilə bərabər Alimaniya FR-na yollanmalı üçün vizaların təşkili ilə bağlı vədlər verib, ondan əvvəlcə şəxsən bir dəfə 5000 manat, daha sonra özünün iştirakı ilə Cavabdeh1 vasitəsi ilə daha 5000 manat və 1730 manat olmaqla 6730 manat, yəni ümumilikdə 11730 manat məbləğində pul alıb ələ keçirmiş, lakin, vədlərinə əməl etməmiş və onunla ailə üzvlərini Almaniya FR-na yollamamışlar. İşin 6-cı cildinin 104-106 vərəqələrindəki protokoldan görünür ki, İddiaçı1 iştirakı ilə 29 may 2019-cu il tarixdə keçirilmiş hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı X1, Cavabdeh2, Cavabdeh1 və qeyrilərinin onunla ailə üzvlərinə Almaniya dövlətinə yollanmalarından ötrü viza təşkili ilə əlaqədar 2018-ci ilin may ayının ortalarında 5000 manat məbləğində pulu, 2018-ci ilin iyun ayının ikinci yarısında daha 5000 manat məbləğində pulu Cavabdeh2 vasitəsilə, 16 noyabr 2018-ci il tarixdə daha 1730 manat məbləğində pulu Cavabdeh1 vasitəsilə ünvan 1 ünvanında ələ keçirmişlər. Digər pullarını isə başqa ünvanda ələ keçirmişlər. Baxış zamanı tərtib edilmiş fotocədvəl protokola əlavə olmuşdur (cildi 6, i.v.104-106). İşin 6-cı cildinin 187-ci vərəqəsindəki İddiaçı1 Nəsimi RPİ-yə ünvanlandırdığı məhkəmə iclasında araşdırılmış ərizəsindən görünür ki, viza təşkili ilə əlaqədar aldadıb ələ keçirilən puldan ilkin araşdırma zamanı əvvəl onlara 1730 manat, daha sonra 3000 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçılar, bildirir ki, cavabdehlərlə arasındakı münasibətlər xidmət göstərilməsində köməklik edilməsi ilə bağlı olmuş və onlar, bu xidmətlərə görə (Almaniyada «Şengen» vizası əsasında yaşamağına və işləməklərinə köməklik göstərmək və iddiaçılara viza almaq, həmin dövlətə gedişi qanuni şəkildə sənədləşdirmək məqsədi ilə) ödənişi cavabdehlərə müxtəlif vaxtlarda bilavasitə verməklə ödəmişlər, lakin qarşılığında heç bir iş görülmədiyindən hazırda pulunun qaytarılmasını tələb edir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, mülki qanunvericiliyin ayrı-ayrı müddəalarında zərərin ödənilməsi tələbini özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının tələbi (tələbin hüquqi əsası) mülki hüquq pozuntusuna (deliktə) söykənir. Mülki hüquq pozuntusunun anlayışını, ünsürlərini və ümumi qaydalarını müəyyən edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12370 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 (iddiaçılar etiraf edir ki, cinayət işinin gedişatında cavabdehlər 4500 AZN məbləğində pulu geri qaytarmışlar) xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-71/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə cavabdehlərin əməli öz təsdiqini tapmış və onların təqsirli bilinməsinə dair hökm çıxarılmışdır. Bununla belə məhkəmə hesab edir ki, 4000 manat maddi ziyanın tutulması hissəsində aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmədə ilk öncə onu qeyd edir ki, 4000 manat maddi ziyanın tutulması hissəsində iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübutetmək öhdəliyini daşıyır. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən 4000 manat pulun tutulması ilə bağlı istinad edilən hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə yuxarıda sadalanan halları əsas götürərək, hesab edir ki, iddia tələbi 4000 manat maddi ziyanın cavabdehlərdən tutulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 141 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12370 manat məbləğində pul və 141 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1164/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1164/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver