Məhkəmə qərarları › İş №e-2(005)-1194/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1194/2023

10.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1194/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 31,50 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 161,90 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 53 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2012-ci ildən cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2011-ci il tarixdə həmin ünvanda yaşayan Semençenko Anatoliy ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2012-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2012-ci il tarixdə borcsuz olaraq şəbəkədən ayrılmışdır. xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1643 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2012-ci il tarixdən sonuncu qanunsuz qoşulma faktının aşkar edildiyi xx.xx.2013-cü il tarixədək olan müddət 105 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə iddiaçıya müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər 31 manat 50 qəpik təşkil edir. Bundan əlavə İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı müraciət edərək nümayəndənin iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. -ünvan 4n Ədalət-A hüquq firmasına verilən arayışdan məlum olur ki, Cavabdeh Azadlıq prospekti, 151 A nömrəli evin 36 saylı mənzilində qeydiyyatdadır. xx.xx.2012-ci ildən hal-hazıradək mənzil Cavabdeh məxsusdur. - xx.xx.2013-cü il tarixli 1643 KA nömrəli aktda qeyd olunur ki, xx.xx.2013-cü il tarixdə Nərimanov rayonu, Azadlıq prospekti, 151 A ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin ünvanda 36 saylı mənzilin sakini tərəfindən “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısının döyüldüyü, qapının açılmadığı və aktın surətinin mənzilin qapısına qoyulduğu qeyd edilmişdir. - İddiaçı MMC-nin (“K@TV1”) xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, Semençenko Anatoliy ilə bağlanmış müqaviləyə əsasən ünvan 5 ünvanı xx.xx.2011-ci il tarixdə KATV1 kabel televiziya şəbəkəsinə qoşulmuşdur. Son ödəməni xx.xx.2012-ci il tarixdə etmiş, xx.xx.2012-ci il tarixdə borcsuz olaraq şəbəkədən ayrılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixdə həmin ünvanda yaşayan Semençenko Anatoliy ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC ünvan 6 ünvanını KATV1 kabel şəbəkəsinə qoşmuş, bunun üçün kabel naqili və digər texniki vasitələr verilmişdir. Müqaviləyə əsasən ünvan şəbəkədən ayrıldıqdan sonra Semençenko Anatoliy bu texniki vasitələrin İddiaçı MMC-yə qaytarılmasını təmin etməli idi. ünvan 6 ünvanı xx.xx.2012-ci il tarixdə şəbəkədən borcsuz ayrılmışdır. İddiaçı MMC hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən ünvan üzrə qanunsuz olaraq KATV1 şəbəkəsindən istifadə edildiyini bildirir və bu iddiasını ünvan üzrə tərtib etdiyi aktla əsaslandırır. Aktda ünvana baxış keçirilən zaman KATV1 kabel naqillərinin ünvana daxil olduğu, ünvan sakinlərinin baxışda iştiraklarının təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı iş üzrə Cavabdeh Katv1 şəbəkəsindən qanunsuz istifadə etdiyini bildrisə də, bu faktı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin əsaslandığı yeganə hal, bu şəbəkəyə qoşulmağa imkan verən naqillərin sözügedən mənzilə daxil olmasıdır ki, digər sübutların olmadığı halda naqillərin mənzilə daxil olması özlüyündə cavabdehin bu naqillərdən istifadə edərək şəbəkəyə qanunsuz qoşulmasını sübut etmir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasinin Qanununun 35.4- cü maddəsinəəsasən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Operatorlar, provayderlər bu qaydalara zidd olmayan əlavə mühafizə tədbirləri görə bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehin ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman, yalnız şəbəkədən çıxan və mənzilə daxil olan hər-hansı kabelin mövcud olması cavabdehin təqsirini sübuta yetirmir. Belə ki, akt tərtib olunan zaman cavabdehin iştirakı təmin edilməmiş, onun mənzilinə baxış keçirilməmiş və ən əsası baxış-yoxlama zamanı cavabdehin televiziya kabelinin məhz iddiaçıya məxsus kabel yayım şəbəkəsinə qoşulması sübuta yetirilməmişdir. Həmçinin həmin mənzildə istifadəsi ehtimal edilən kabel yayım şəbəkəsinin yayım siqnalı (telekanalların yayımı) səviyyəsi peşəkar səviyyədə texniki vasitələrlə yoxlanılmamış və buna dair heç bir sübut (arayış, rəy və s.) məhkəməyə təqdim edilməmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair 1643 KA saylı, xx.xx.2013-cü il tarixli akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənəddir. Həmin aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan akt cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz İddiaçı tərəfindən cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması barədə başqa sübutlar təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi göstərdiyi faktiki halları sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia və ona söykənən xərc tələbləri əsassız olduğuna görə təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar