Məhkəmə qərarları › İş №e-2(005)-120/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-120/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-120/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8266.08 (səkkiz min iki yüz altmış manat,səkkiz qəpik) manat əsas borc, 2579.49 (iki min beş yüz yetmiş doqquz manat,qırx doqquz qəpik) manat faiz borcu, 3898.60 (üç min səkkiz yüz doxsan səkkiz manat,altmış qəpik) manat cərimə borcu olmaqla cəmi 14744.17 (on dörd min yeddi yüz qırx dörd manat,on yeddi qəpik) manat borcun və iş üzrə ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun cavabeh Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2018-ci il tarixli 1.1.1 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-07400İB/2018 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. ÜŞT-yə əlavə olan 0084075AZN14989 saylı xx.xx.2018-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə (bundan sonra “Ərizə”) əsasən Borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 22.80 %, illik cərimə faizi 180% olmaqla 10,000 (on min) manat məbləğdə kredit verilmişdir. X3 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, BP-OUT-00664-2022 saylı pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Beləliklə, Cavabdeh kredit üzrə 8266.08 (səkkiz min iki yüz altmış manat,səkkiz qəpik) manat əsas borc, 2579.49 (iki min beş yüz yetmiş doqquz manat,qırx doqquz qəpik) manat faiz borcu, 3898.60 (üç min səkkiz yüz doxsan səkkiz manat,altmış qəpik) manat cərimə borcu olmaqla cəmi 14744.17 (on dörd min yeddi yüz qırx dörd manat,on yeddi qəpik) manat borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində göstərilən borcu qəbul etdiyini və cərimə borcunun azadılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 sentyabr 2018-ci il tarixli, GTC-07400İB/2018 №li razılıq ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 36 (otuz altı) ay müddətinə illik 22.8 (iyirmi iki tam səkkiz) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə qalıq borcunun 3 gün müddətində ödənilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli PB/PBL-OUT-00486-2022 nömrəli maliyyə arayışından görünür ki, 0084075AZN14989 saylı xx.xx.2018-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixinə borcu 8266.08 (səkkiz min iki yüz altmış manat,səkkiz qəpik) manat əsas borc, 2579.49 (iki min beş yüz yetmiş doqquz manat,qırx doqquz qəpik) manat faiz borcu, 3898.60 (üç min səkkiz yüz doxsan səkkiz manat,altmış qəpik) manat cərimə borcu olmaqla cəmi 14744.17 (on dörd min yeddi yüz qırx dörd manat,on yeddi qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddia tələbi qəbul etdiyini yalnıız cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7583 nömrəli ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış; maliyyə arayışı məlumatları və xx.xx.2018-ci il tarixli 0084075AZN14989 saylı maliyyələşdirmə üçün ərizə formasının şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixə (iddia ərizəsinin verildiyi tarixə) İddiaçı ASC-yə olan borcu 10845.57 manat (8266.08 manat əsas, 2579.49 manat faiz borcu) məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair 0084075AZN14989 saylı xx.xx.2018-ci il tarixli Maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh kredit məbləği ilə təmin edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə cavabdehin hazırda ona qarşı qaldırılmış iddianı etiraf etdiyini təsdiq etmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddia tələbinin 3898.60 (üç min səkkiz yüz doxsan səkkiz manat,altmış qəpik) manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 3898.60 (üç min səkkiz yüz doxsan səkkiz manat,altmış qəpik) manat cərimə borcunu 389.86 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 135 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 0084075AZN14989 saylı xx.xx.2018-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh 8266.08 (səkkiz min iki yüz altmış manat,səkkiz qəpik) manat əsas borc, 2579.49 (iki min beş yüz yetmiş doqquz manat,qırx doqquz qəpik) manat faiz borcu, 389.86(üç min səkkiz yüz doqquz manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, 135 (yüz otuz beş) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 0084075AZN14989 saylı xx.xx.2018-ci il tarixli Maliyyələşdirmə ərizəsinə əsasən Cavabdeh 8266.08 (səkkiz min iki yüz altmış manat,səkkiz qəpik) manat əsas borc, 2579.49 (iki min beş yüz yetmiş doqquz manat,qırx doqquz qəpik) manat faiz borcu, 389.86 (üç min səkkiz yüz doqquz manat səksən altı qəpik) manat cərimə borcu olmaqla, 135 (yüz otuz beş) manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar