Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-120/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “28 May” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı kredit müqaviləsi üzrə banka olan 14859,26 manat əsas, 733,22 manat faiz, 2953,10 manat cərimə borcu olmaqla, cəmi 18545,58 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfindən ödənilən 51 manat məbləğində rüsumun, 145,64 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 ünvanında 5-ci mərtəbədə yerləşən 31,8 kv.m ümumi, 16,5 kv.m yaşayış, 15,3 kv.m yardımçı sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına ona olan borcun ödənilməsi, xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin "28 May" filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı kredit müqaviləsinə əsasən illik 21 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin təminatı kimi X1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 ünvanında 5-ci mərtəbədə yerləşən 31,8 kv.m ümumi, 16,5 kv.m yaşayış, 15,3 kv.m yardımçı sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığına əsasən 55000 manat məbləğində qiymətləndirilmişdir. İpotekaqoyan və zamin X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 1 saylı Bakı “ASAN xidməti” mərkəzində notariat ofisindən İddiaçı ASC-yə verilmiş rəsmi cavaba əsasən xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü əri Cavabdeh2 miras əmlakdan tam hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəlikləri ödəniş cədvəlinə uyğun şəkildə ödəməmişdir. Cavabdeh1 Banka 14859,26 manat əsas, 733,22 manat faiz, 2953,10 manat cərimə borcu olmaqla, cəmi borcu 18545,58 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, İddiaçı ASC-nin “28 May” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS- FB-530 saylı kredit müqaviləsi üzrə banka olan 11542,48 manat əsas, 2953,10 manat cərimə borcu olmaqla, cəmi 14495,58 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfindən ödənilən 51 manat məbləğində rüsumun, 145,64 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 ünvanında 5-ci mərtəbədə yerləşən 31,8 kv.m ümumi, 16,5 kv.m yaşayış, 15,3 kv.m yardımçı sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına, kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, hissə hissə ödəniş edəcəyini bildirdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh1 36 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verməyi, müştəri isə müvafiq ödənişləri və kredit üzrə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür; Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 145,64 manat dövlət rüsumu ödənilmişdir; xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilənin 2.3-cü bəndinə əsasən zamin X9 özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə Bankla Borcalan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı kredit müqaviləsi üzrə Cavabdeh1un Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı İpoteka müqaviləsindən görünür ki, tərəflər qismində “İpoteka saxlayan” İddiaçı ASC, “İpoteka qoyan” X9, “Borcalan” Cavabdeh1 çıxış edir. İpoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini - Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 ünvanında 5-ci mərtəbədə yerləşən 31,8 kv.m ümumi, 16,5 kv.m yaşayış, 15,3 kv.m yardımçı sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzili kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipotek saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmetinin ilkin satış qiyməti tərəflərin raılığı ilə 55000 manat müəyyən edilir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 X6 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 xx.xx.2022-ci il tarixdə yüklü edilən əmlak kimi qeydiyyata alınmışdır. “Xeyrinə yüklü edilən şəxs” qismində İddiaçı ASC-nin 28 may filialı, “Hüququ yüklü edilən şəxs” qismində” X9 çıxış edir; 1 saylı Bakı “ASAN xidməti” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 adına notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən mənzilə dair ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1958-ci il təvəllüdlü əri - Cavabdeh2 miras əmlakdan tam hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 14859,26 manat əsas, 733,22 manat faiz, 2953,10 manat cərimə borcu olmaqla, cəmi 18545,58 məbləğində borcun 3 gün müddətində ödənilməsi tələb olunmuşdur; “X8 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 məxsus ünvan 2 ünvanın hazırki bazar dəyəri 104000 manat, likvid dəyəri 85000 manat təşkil edir; AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9361 saylı ekspert rəyindən görünür ki, ümumi sahəsi 31,8 kv.m olan, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 ünvanında 5-ci mərtəbədə yerləşən 1 otaqlı, 13 nömrəli mənzilinə yaxın ərazilərdə yerləşən analoji mənzillərin mövcud orta bazar dəyəri təqribən 94827 (31,8 kv.m x 2982 man) manat, likvid dəyəri isə 85344 (94827 - 10%) manat müəyyən edilir; Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; xx.xx.2023-cü il tarixli İpoteka ilə yüklü edilmiş əmlaka tələbin yönəldilməsinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehlərin Banka 14859,26 manat əsas, 733,22 manat faiz və 2953,10 manat cərimə borcu mövcuddur. Həmin borc məbləğinin 3 gün ərzində İddiaçı ASC-yə ödənilməsi tələb olunmuş, əks halda müqavilənin vaxtından əvvəl ləğv ediləcəyi və qalıq borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilərək onun hesabına borcun Banka ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli, 5313 saylı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizəsindən görünür ki, kredit müqaviləsindən irəli gələn tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması və ərizənin bir nüsxəsinin idarə tərəfindən təsdiqlənərək banka qaytarılması xahiş olunmuşdur; Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında “İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi” müraciətinin təsdiqi barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, müraciət qeydə alınmışdır; xx.xx.2025-ci il tarixli, 82 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixinə borclunun İddiaçı ASC-yə 11542,48 manat əsas, 2953,10 manat cərimə olmaqla, cəmi borcu 14495,58 manat təşkil edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 386.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin əmələ gəlmə əsaslarından biri iştirakçılar arasında bağlanmış müqavilədir. İddiaçının tələbinin qanuni əsaslarından birini təşkil edən Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 21 faiz olmaqla 20000 manat məbləğində borc verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi və iş materialarında olan digər sənədlərlə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə Cavabdeh1 müqavilə üzrə 11542,48 manat əsas, 2953,1 manat cərimə borcu olmaqla, cəmi 14495,58 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırki iş üzrə borclu risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və cərimə borcunun geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2 və 467-ci maddələrinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddələrin məzmunundan göründüyü kimi, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun azaldılması imkanı qanunvericilikdə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə faizlər hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış etməməlidir. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu olmaqla, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks hal öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank tərəfindən ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cərimənin məbləği azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi bağlanan zaman Cavabdeh1 tərəfindən öhdəliklərin yerinə yetirilməsinin təminat üsulu kimi zaminlik barədə tərəflər razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı Zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən zamin X9 özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı kredit müqaviləsi üzrə Cavabdeh1un bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırki iş üzrə Cavabdeh1 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının X7 (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. X4 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən və bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmadığından sonuncuya qarşı zamin kimi iddia qaldırılması yolverilməzdir. İddianın, fərdi yaşayış evinə tutma yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın tələbinin satılmış əmlak hesabına ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı İpoteka müqaviləsinə əsasən “İpoteka qoyan” X9 mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini - Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 ünvanında 5-ci mərtəbədə yerləşən 31,8 kv.m ümumi, 16,5 kv.m yaşayış, 15,3 kv.m yardımçı sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzili kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə “İpotek saxlayan” İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka saxlayan tərəfindən müvafiq hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Həmçinin ipoteka saxlayan tərəfindən kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ərizə verilmiş və bildiriş qeydə alınmışdır. Mülki Məcəllənin 269.1 və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə uyğun olaraq borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə görə öhdəliyin mahiyyəti xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı kredit müqaviləsindən irəli gəlir. İllik 21 faiz olmaqla 20000 manat məbləğində borc həmin vəsaitin Borcalana verildiyi tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməlidir. 9.2-ci bəndinə əsasən ipoteka saxlayan əsas öhəliyin yaxud onun bir hissəsinin icrası 90 təqvim günü və daha çox müddətə gecikdirildikdə ipoteka predmetinə tutmanın yönəldilməsi hüququna malikdir. Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən və müqavilə ilə nəzərdə tutulmuş şərtləri pozduğundan iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli bildiriş cavabdehə göndərilmiş və xx.xx.2023-cü il tarixli ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İşin hallarından görünür ki, hazırda zamin və ipoteka qoyan X9 yaşamır. 1 saylı Bakı “ASAN xidməti” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 adına notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən mənzilə dair əri - Cavabdeh2 miras əmlakdan tam hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi Cavabdeh2 mirasdan tam pay aldığına görə İddiaçı ASC qarşısında miras əmlakla məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmetinin qiymətinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən müvafiq qiymətləndirmə tədqiqatı təyin edilmiş və həmin qiymətləndirici rəyində mənzilin likvid dəyəri 85344 manat göstərilmişdir. Məhkəmə qiymətləndirici rəyini nəzərə alaraq hesab edir ki, ümumi sahəsi 31,8 kv.m olan, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 ünvanında 5-ci mərtəbədə yerləşən 1 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiyməti 85344 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və borcun tutulması əldə olunan məbləğə yönəldilməlidir. “İpoteka haqqında” Qanunun 47.5-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC-nin “28 May” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS-FB-530 saylı kredit müqaviləsi üzrə banka olan 11542,48 manat əsas, 100 manat cərimə borcu olmaqla, cəmi 11642,48 manat borc, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 ünvanında 5-ci mərtəbədə yerləşən 31,8 kv.m ümumi, 16,5 kv.m yaşayış, 15,3 kv.m yardımçı sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına, kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh1 tutularaq ASC-yə ödənilməlidir. Satışdan artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı tərəfindən təmin edilmiş borc məbləğinə mütənasib olaraq, dövlət rüsumu kimi ödənilmiş 145,64 manatın 117 manatı, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində pulun 41 manatı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına köçürülməlidir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 80,3 manatı cavabdehlər Cavabdeh1, 19,7 manat hissəsi İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 11542,48 manat əsas, 100 manat cərimə borcu olmaqla, cəmi 11642,48 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2 ünvanında 5-ci mərtəbədə yerləşən 31,8 kv.m ümumi, 16,5 kv.m yaşayış, 15,3 kv.m yardımçı sahəsindən ibarət 1 otaqlı, 13 nömrəli mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 85344 manat müəyyən edilməklə açıq hərracda satılsın və borc tələbi satışdan əldə olunan məbləğin ödənilməsinə yönəldilsin. İpoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh1 tutularaq ASC-yə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən təmin edilmiş borc məbləğinə mütənasib olaraq, dövlət rüsumu kimi ödənilmiş 145,64 manatın 117 manatı, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində pulun 41 manatı cavabdehlər Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına köçürülsün. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 80,3 manatı Cavabdeh1, 19,7 manat hissəsi İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-120/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-120/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver