Məhkəmə qərarları › İş №e-2(005)-1204/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-1204/2023

10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1204/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 180,90 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 311,30 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 80 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. xx.xx.2008-ci il tarixdə həmin ünvanda yaşayan İsmayılova Könül ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2012-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2012-ci il tarixdə 20,40 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Nazirliyinin mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1822 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana xx.xx.2013-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə keçirilən nəzarət baxışı zamanı yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 2191 K, 0901 N və 1214 N saylı aktlar tərtib edilmişdir. Qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın şəbəkədən ayrıldığı xx.xx.2012-ci il tarixdən sonuncu təkrar qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2014-cü il tarixə qədər olan müddət 603 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş ziyan 180,90 manat təşkil edir. İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödənilir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflər sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini, eyni zamanda işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 80 saylı MKİS-in arayışından görünür ki, Bakı şəhəri, 7 mkr, A.Kunanbayev küçəsi, ev 12, 100 saylı mənzil Cavabdeh məxsus olmuşdur. xx.xx.2013-cü il tarixli 1822 N saylı aktdan görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firmasının nümayəndələri tərəfindən ünvan 2 ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzildə yaşayan sakinin (sakinlərin) kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması aşkar edilmişdir. Aktdan göründüyü kimi, kabel şəbəkəsi xəttinə qanunsuz qoşulma halı baş vermiş, qanunsuz qoşulmanın nədə ifadə olunması (aktların ikinci səhifəsi) dəqiq təsvir olunmuşdur. xx.xx.2013-cü il tarixli 2191 N saylı aktdan görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firmasının nümayəndələri tərəfindən ünvan 2 ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzildə yaşayan sakinin (sakinlərin) kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması aşkar edilmişdir. Aktdan göründüyü kimi, kabel şəbəkəsi xəttinə qanunsuz qoşulma halı baş vermiş, qanunsuz qoşulmanın nədə ifadə olunması (aktların ikinci səhifəsi) dəqiq təsvir olunmuşdur. xx.xx.2014-cü il tarixli 0901 N saylı aktdan görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firmasının nümayəndələri tərəfindən ünvan 2 ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzildə yaşayan sakinin (sakinlərin) kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması aşkar edilmişdir. Aktdan göründüyü kimi, kabel şəbəkəsi xəttinə qanunsuz qoşulma halı baş vermiş, qanunsuz qoşulmanın nədə ifadə olunması (aktların ikinci səhifəsi) dəqiq təsvir olunmuşdur. xx.xx.2014-cü il tarixli 1214 N saylı aktdan görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firmasının nümayəndələri tərəfindən ünvan 2 ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzildə yaşayan sakinin (sakinlərin) kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması aşkar edilmişdir. Aktdan göründüyü kimi, kabel şəbəkəsi xəttinə qanunsuz qoşulma halı baş vermiş, qanunsuz qoşulmanın nədə ifadə olunması (aktların ikinci səhifəsi) dəqiq təsvir olunmuşdur. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanda yaşayan İsmayılova Könül arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində həmin ünvan kabel televiziyasının şəbəkəsinə qoşulmuşdur. xx.xx.2012-ci il tarixədək isə son ödəməsini etmiş və xx.xx.2012-ci il tarixində 20,40 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən «Ədalət-A» hüquq firmasının hesabına 100 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında təsdiq olundu ki, Cavabdeh müvafiq icazə almadan və müqavilə imzalamadan qanunsuz olaraq «KATV1»-ə məxsus olan kabel şəbəkəsinə qoşulmuş, mülki hüquq pozuntusu törətmiş və iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı pretenziya qaydasına riayət edərək, müvafiq zərər həddində məbləğin ödənilməsini tələb etsə də, cavabdeh könüllü şəkildə vurduğu zərərin əvəzini ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunan hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin “hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat” hissəsində qeyd edir ki, həmin məbləğ ağlabatan hesab edildiyindən iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş 180,90 manat zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat və 40 qəpik məbləğində bank xidməti haqqı olmaqla, ümumilikdə 311,30 manat məbləğində pulun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş 180,90 manat zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat və 40 qəpik məbləğində bank xidməti haqqı olmaqla, ümumilikdə 311,30 manat məbləğində pulun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar