Məhkəmə qərarları › İş №e-2(005)-1230/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1230/2023

05.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1230/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkiə Nadir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 8160 AZN məbləğində dəymiş maddi ziyanın, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 100 AZN, hüquqi yardımın alınması ilə bağlı ödənilmiş 100 AZN məbləğində pul vəsaitinin, cəmi 8260 AZN pulun Cavabdeh MMC-dən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC kondisioner avadanlıqlarının satışı ilə məşğul olan şirkətdir. Həmin şirkətin direktoru X1 ilə aralarında əldə edilmiş razılaşmaya əsasən cavabdehdən 1 ədəd “Mitsubishi” markalı 100 kv.m əhatə edən, 2 ədəd “Mitsubishi” markalı 35 kv.m əhatə edən kondisionerlərin, həmin avadanlıqların mənzilə quraşdırılması üçün tələb olunan materialların alınması, kondisionerlərin mənzilə quraşdırılması barədə razılığa gəlmişlər. Bununla bağlı cavabdeh tərəfindən təqdim edilən qaimələrə əsasən ödəniş tam şəkildə həyata keçirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən təqdim edilən qaiməyə əsasən: 1 ədəd “Mitsubishi” markalı 100 kv.m əhatə edən kondisionerə görə - 2210 AZN; 2 ədəd “Mitsubishi” markalı 35kv.m əhatə edən kondisionerə görə - 1632 AZN; işçilik və materiala görə 1400 AZN, cəmi 5242 AZN pul ödənişi nəzərdə tutulmuşdur. Həmin vəsaitinin 3000 AZN xx.xx.2021-ci il tarixli qaiməyə əsasən cavabdehə ödənilmişdir. Sözügedən ərəfədə mənzildə təmir işləri davam etdiyindən razılaşmışlar ki, təmir yekulaşandan sonra ödənişin qalan hissəsini ödəyəcək və cavabdeh kondisioner və havalandırma avadanlıqlarını mənzilə quraşdıracaqlar. 2022-ci ilin iyul ayında mənzilində təmir yekunlaşdı və artıq kondisionerləri quraşdırmaq imkanı yarandı. Bununla bağlı cavabdehlə əlaqə saxlayanda bildirdi ki, avadanlıqların qiyməti qalxıb ona görədə İddiaçı ödəməli olduğum 2242 AZN əvəzinə 5160 AZN ödəməlidir. İddiaçı bununla razılaşaraq xx.xx.2022-ci il tarixdə təqdim edilən qaiməyə əsasən 5160 AZN pul ödədi. Kondisionerlər və onların quraşdırılması ilə bağlı xidmət haqqını tam şəkildə ödəməsinə baxmayaraq bugünədək cavabdeh müxtəlif bəhanələr gətirərək öhdəliyini icra etməkdən müxtəlif səbəblər gətirərək boyun qaçırır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı 8160 (3000+5160) AZN məbləğində maddi ziyan dəyib . Cavabdeh üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli məktubunun göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə tərəfindən Bakı 18 saylı Mediasiya təşkilatına təklif göndərilsə də cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, bu barədə xx.xx.2022-ci il tarixli MŞB /18-00182 saylı arayış verilmişdir. Daha sonra iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi xidmətin göstərilməsinə dair ödənilmiş 100 manat pulun tutulmasına dair hissənin texniki yanlışlıqla əlavə edildiyini, bu səbəbdən də bu hissədə iddia tələbindən imtina etdiyini bildirdi. Məhkəmə iclaslarında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasına şahid qismində çağırılmış X2 ifadəsində bildirdi ki, o iddiaçı yaşayan binanın komendantıdır. İddiaçı ilə cavabdehi o tanış edib. Cavabdeh MMC bu mübahisədən daha əvvəl həmin binada təxminən 200 min manatlıq iş görmüş, kondisionerlər quraşdırmışlar, bu səbəbdən də həmin cavabdehə qarşı bina sakinləri tərəfindən də etibarlı münasibət yaranmışdır. Həqiqətən iddiaçı ilə razılığa gəlib, iddiaçı pulu ödəsə də, cavabdeh öhdəliklərinin icrasından yayınmış, kondisionerləri quraşdırmamışdır. Hazırda iddiaçı ilə yanaşı qonşu sakinlərin də bir neçəsi ilə Cavabdeh MMC arasında müqavilə üzrə öhdəliklərini icra etmədiyindən mübahisələr yaranmışdır. İş materiallarında olan 03 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 5242 manat ödənişin 3000 manatlıq hissəsini həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə faktura qeyd olunur ki, 1 ədəd MSH MUH GF60, 2 ədəd MSN MUH GF 35 markalı əşyaya görə 5160 manat pul ödənilmişdir. AR MM-də xidmət müqaviləsi birbaşa nəzərdə tutulmasa da, Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrin bağlanmasına yol verilir. Mülki iş materiallarından aydın olur ki, tərəflər arasında alqı-satqı və xidmətlərin göstərilməsinə dair öhdəlik hüquq münasibətləri mövcuddur. Belə ki iddiaçı 2 ədəd kondisionerin dəyərini, həmçinin həmin malların mənzilində quraşdırılması üçün xidmət haqqını ödəmiş, cavabdeh isə öhdəliklərinin icrasından yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qanunvericilikdə alğı-satqı və xidmətlərin göstərilməsi müqavilələrinin formasına dair impertiv norma olmadığından bu müqavilələr şifahi formada da bağlanıla bilər. Beləliklə müqaviləyə əsasən İddiaçı öz vəzifəsini lazımınca icra etmiş, müqavilənin qiyməti olan 8160 manat pulu tam həcmdə ödəmişdir. Lakin Cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş, müqavilənin predmetini İddiaçı təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur; 569-cu maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 427.4-cü ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. İş materiallarından müəyyən olunur ki, İddiaçı öz üzərinə düşən öhdəlikləri icra edərək, əşyaların razılaşdırılmış dəyərini ödəmiş, Cavabdeh MMC isə dəyəri İddiaçı tərəfindən ödənilmiş əşyaları İddiaçı mülkiyyətinə verməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın mediasiya təşkilatına ödənilmiş 100 manat haqqın alınıb iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8160 (səkkiz min yüz altmış) manat, həmçinin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 100 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar