Məhkəmə qərarları › İş №e-2(005)-1232/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1232/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1232/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı “AGbank”ASC-nin nümayəndəsi Nümayəndə və ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı depozit hesabında olan məbləğin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 12692,10 manat - bundan 9279,87 manat əsas, 807,73 manat faiz borcu, 2069,15 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 535,35 manat faiz borcu və iş üzrə ödənilmiş 128,47 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 11 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 10.09.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 12692,10 manat təşkil edir. Bundan 9279,87 manat əsas, 807,73 manat faiz borcu, 2069,15 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 535,35 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********300 saylı, 16.09.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı depozit hesabında olan məbləğin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2019-cu il tarixli 100.LN.1104.010819.00001 kredit müqaviləsi üzrə 9279,87 manat əsas borcun depozit hesabda olan 20386,70 manat vəsaitdən silinməsi, qalıq 11106,83 manatın və blok qoyulmuş 999,65 manatın, ümumilikdə 12106,48 manatın, ödənilmiş 127 manat dövlət rüsumunun Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2010-cu il tarixdən etibarən İddiaçı ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı ASC ilə onun arasında 15.07.2019cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən o, 20000 manat məbləğində vəsaiti illik 10% olmaqla sığortalı əmanət olaraq 1 il müddətinə banka yerləşdirmişdir. Daha sonra 01.08.2019-cu il tarixdə tərəflər arasında 100.LN.1104.010819.00001 saylı kredit müqaviləsi bağlanmış, kreditora illik 12% ödəmək şərt ilə ona əmanət müddətinin sonunadək (15.07.2020-ci il) 10000 manat məbləğində istehlak krediti ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında 01.08.2019-cu il tarixli 100.CL.010819.00001/a saylı saxlanc müqaviləsi bağlanmış, İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan 20000 manat pul vəsaiti (depozit) girov qoyulmuşdur. 2020-ci ilin aprel ayında əmək məzuniyyətinə çıxmış, işəgötürən tərəfindən ona məzuniyyət pulu və işlədiyi iş günlərinə uyğun olaraq əmək haqqı ödənilmişdir. Məzuniyyətdə olduğu dövrdə əmək haqqı karta mədaxil edilmiş məzuniyyət və əmək haqqı məbləğinin bir hissəsini məxaric edib xərcləmişdir. Mərkəzi Bankın 27.04.2020-ci il tarixli qərarı ilə İddiaçı ASC-yə müvəqqəti inzibatçı təyin edilmiş, həmin inzibatçı tərəfindən ona faktiki olaraq ona ödənilmiş və onun əmək haqqı kartı hesabında olan 999.65 manat məbləğində vəsait qanunvericiliyin tələbinə zidd olaraq bloklanmışdır. 08.05.2020-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmiş və daha sonra sığorta hadisəsi baş verərək Bakı Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli 2-3(103)/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, məzuniyyətdə olduğu dövrdə faktiki olaraq ona ödənilmiş və kart hesabında olan əmək haqqının blokdan azad edilməsini, vəsaitin ona verilməsinin təmin edilməsini, eyni zamanda depozit hesabda olan məbləğdən kredit üzrə 9280 manat əsas borcun silinərək qalıq vəsaitin ona ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 01.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 9279,87 manat əsas borc depozit hesabda olan 20386,70 manat (faizlər daxil) vəsaitdən silinməli, qalıq 11106,70 manat və 999,65 manat əmək haqqı, ümumilikdə 12106,35 manat ona ödənilməlidir. İddiaçı ASC ilə arasında 15.07.2019-cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən Bank tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. Bank 30.07.2007-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olaraq Fonda sığorta haqqı ödəyir. Sığorta hadisəsi baş verdikdə Fond Əmanətçiyə kompensasiyanın ödənilməsi vaxtı və yeri barədə məlumat verir. Həmin müqavilənin 3-cü bəndinin tələblərinə əsasən kompensasiyanın verilməsi ilə bağlı Fonda ərizə verildiyi tarixdən 90 gün müddətində Fond tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. İlkin iddia üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə isə əsassız hesab etdiyini bildirərək, ilkin iddia tələbinin qismən təmin, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 11 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. 15.09.2021-ci il tarixli maliyyə arayışına əsasən 10.09.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 12692,10 manat - bundan 9279,87 manat əsas, 807,73 manat faiz borcu, 2069,15 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 535,35 manat faiz borcu təşkil edir 16.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu 3 gün müddətində ödəməsi barədə xəbərdar etmiş, əks halda borc məbləğinin tutulması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 15.07.2019-cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən Cavabdeh 20000 manat məbləğində vəsaiti illik 10% olmaqla sığortalı əmanət olaraq 1 il müddətinə banka yerləşdirmişdir. 01.08.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında bağlanmış 01.08.2019-cu il tarixli 100.CL.010819.00001/a saylı saxlanc müqaviləsinə əsasən, İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan 20000 manat pul vəsaiti (depozit) girov qoyulmuşdur. Saxlanc müqaviləsinin 3.1-ci bəndinə əsasən : a) Borcalan və ya Girov qoyan yaranmış borcu kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətdə ödəyə bilmirsə; b) Borcalan və ya Girov qoyan kredit müqaviləsi üzrə öhdəliklərinin hər hansı birini istənilən şəkildə pozarsa; c) Borcalan və ya Girov qoyan hər hansı səbəbdən öz fəaliyyətini tam və ya müvvəqqəti olaraq dayandırarsa; tərəflər razılığa gəlir ki, bu hallarda Girov saxlayan bu hallar baş verdikdən sonra istənilən vaxt xəbərdarlıq və ya tələb etmədən a) girov qoyulmuş əmlaka dair sərəncam vermək, etibar etmək, vermək və ya ondan başqa şəkildə istifadə etmək , yaxud girov qoyulmuş əmlakın və ya onun istənilən hissəsini satılması qaydasının müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək b) girov qoyulmuş əmlakın mülkiyyətçisi olmaq və s. qanunla qadağan edilməyən müdafiə vasitələri tətbiq edə bilər. Məhkəmə mülki iş materiallarından müəyyən edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 15.07.2019-cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən Cavabdeh 20000 manat məbləğində vəsaiti illik 10% olmaqla bank əmanəti olaraq 1 il müddətinə banka yerləşdirmişdir. Daha sonra 01.08.2019-cu il tarixdə tərəflər arasında 100.LN.1104.010819.00001 saylı kredit müqaviləsi bağlanmış, kreditora illik 12% ödəmək şərtilə Cavabdeh əmanət müddətinin sonunadək (15.07.2020-ci il) 10000 manat məbləğində istehlak krediti ayrılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında 01.08.2019-cu il tarixli 100.CL.010819.00001/a saylı saxlanc müqaviləsi bağlanmış, İddiaçı ASC-də ******************** nömrəli hesabda saxlanılan 20000 manat pul vəsaiti (depozit) girov qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli 2-3(103)/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən onun xeyrinə tutulmasını, qarşılıqlı iddia üzrə iddiaçı isə kredit müqaviləsi üzrə borcun depozit hesabında olan məbləğdən silinməsi və qalan məbləğin ona geri qaytarılmasını xahiş edir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 300-cü maddəsinə əsasən girov aşağıdakı növlərdə ola bilər: 300.0.1. saxlanc; 300.0.2. əşyanın lombardda girovu; 300.0.3. hüquqların girovu; 300.0.4. pul vəsaitinin girovu; 300.0.5. sabit girov; 300.0.6. dövriyyədəki malların girovu. Mülki Məcəllənin 301-ci maddəsinə əsasən saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Mülki Məcəllənin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Mülki Məcəllənin 446.3-cü maddəsinə əsasən ”pul öhdəliyi üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün faizlər ödəməli deyildir. Mülki Məcəllənin 446.5-ci maddəsinə əsasən gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq: 446.5.1. müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkilmiş artıq xərclərin əvəzini borcluya ödəməlidir; 446.5.2. əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür; 446.5.3. pul öhdəliyi üçün faizlər almaq hüququna daha malik deyildir. Mülki hesab edir ki, ilkin iddia tələbi cavabdeh tərəfindən kredit müqavilə üzrə əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, faiz və cərimə borcları, habelə kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu hissəsində isə təmin edilməməlidir. Belə ki 01.08.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq tərəflər arasında bağlanmış 01.08.2019-cu il tarixli 100.CL.010819.00001/a saylı saxlanc müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə İddiaçı ASC bu barədə xəbərdarlıq etmədən saxlanca verilmiş pul məbləği üzrə sərəncam vermək hüququna malik olmuşdur. Yəni iddiaçı cavabdeh tərəfindən icra gecikdirildikdə tutmanı saxlanca qoyulmuş pul məbləğinə yönəldə, əvəzləşmə apara bilərdi və bu səlahiyyət ona tərəflər arasındakı razılığa əsasən verilmişdir. Lakin iddiaçı bu hüquqlarından istifadə etməmiş, hazırda isə kredit müqavilə üzrə əsas borcla yanaşı yaranmış faiz və cərimə borclarını da tələb edir. Bu halda cavabdeh kreditorun icranı gecikdirməsi nəticəsində yaranan faiz və cərimə borcları, habelə kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunu ödəməli deyil. Məhkəmə qarşılıqlı iddia tələbinin borc məbləği depozitə qoyulmuş puldan çıxxıldıqdan sonra qalan depozit məbləğinin geri qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 15.07.2019-cu il tarixdə bağlanmış bank hesabı (depozit) müqaviləsinə əsasən Cavabdeh 20000 manat məbləğində vəsaiti illik 10% olmaqla bank əmanəti olaraq 1 il müddətinə banka yerləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli 2-3(103)/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Cavabdeh əmanət qoyulmuş pula münasibətdə təminatsız kreditor olması səbəbindən onun həmin əmanətlə bağlı tələbləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə əsasən 7-ci növbədə icra edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi “01.08.2019-cu il tarixli 100.LN.1104.010819.00001 kredit müqaviləsi üzrə 9279,87 manat əsas borcun depozit hesabda olan 20386,70 manat vəsaitdən silinməsi, qalıq 11106,83 manatın geri qaytarılması” hissəsində təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbinin “blok qoyulmuş 999,65 manat əmək haqqının verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqress hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; Sözügedən Qanunun müddəasından aydın olur ki, Cavabdeh ödənilməsini tələb etdiyi əmək haqqının verilməsi qanunla müflis elan olunmuş bankın aktivləri üzrə kreditor tələblərinin növbəliyinə əsasən 4-cü növbədə müəyyən edilmişdir. Belə ki qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində ona 2020-ci ilin aprel ayı üçün verilmiş əmək haqqının bloklandığını bildirmişdir. Bank isə növbəti ay, 2020-ci ilin may ayı tarixində müflis elan olunmuşdur. Göründüyü kimi, tələb edilən əmək haqqı bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli olan haqdır və növbəliliyə əsasən tələb edildiyi halda 4-cü növbədə icra edilməlidir. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ilk iddiası qismən təmin edilməli, kredit müqavilə üzrə 9279,87 manat məbləğində əsas borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu da hesablanmalı və ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə 93.8 manat dövlət rüsumu tutulmalıdır. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia rədd edildiyi üçün qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə” QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 01.08.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqavilə üzrə 9279,87 manat məbləğində əsas borc və 93,80 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar