Məhkəmə qərarları › İş №e-2(005)-1263/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1263/2025

17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1263/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Əli Ənvər oğlunun katibliyi, İddiaçı "xxxx" X3 nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" X3 cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı ("xxxx" ASC və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X8 cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X4 vurulmuş maddi ziyandan ödənilməmiş 782,27 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, mülkiyyət hüququ "xxxx" MMCyə məxsus etibarnamə əsasında idarə etdiyi **-PT-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrit) minik” markalı avtomobil ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Olimpia stadionu ətrafında yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd işıq dirəyini sıradan çıxararaq müəssisəyə 1314,80 manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən tərtib edilən İXP ******* saylı X11 Protokola və İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-PT-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrit) minik” markalı avtomobilin sürücüsü Cavabdeh1 tanınmışdır. Cavabdeh1 tərəfindən idarə edilən nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı "xxxx" X3 bank hesabına mütənasib qaydada 532.53 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Qeyd edirik ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X3 balansına verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" X3 nümayəndəsi X5 iddia tələbinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, cavabdeh "xxxx" MMC-yə məxsus etibarnamə əsasında idarə etdiyi **-PT-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrit) minik” markalı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində işıq dirəyinə zərər dəymişdir. Qeyd edilən zərər 1314.80 manat məbləğində müəyyən edilmişdir. Onun 532 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. İşıq dirəyinə zərər vurulduqda onun bərpası, təmiri mümkün deyildir, yenisi ilə əvəz edilməlidir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, maşın ona iddiaçı Xıdırov İlkin tərəfindən icarəyə verilmişdir. İşıq dirəyinə vurulmuş zərər çox şişirdilmişdir. Həmin maşınla o taksi fəaliyyəti ilə məşğul olurdu. Dəymiş ziyanın məbləği tələb edilən qədər deyil. Əsas təqsir digər avtomobilin sürücüsündə olub. O, avtomobillə yolu dönən zaman maşını başqa maşın tərəfindən vurulub. Bu səbəbdən onun maşını işıq dirəyinə dəymişdir. Avtomobili "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Müəyyən qədər ödəniş edilmişdir. Hazırda həmin məbləği ödəməyə imkanı çatmır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X7 bildirmişdir ki, maşın lizinq müqaviləsi ilə Cavabdeh1 deyil, başqa şəxsə verilmişdir. Hər ay lizinq alan ödəniş edirdi, ödənişə əsasən etibarnamənin müddəti uzadılırdı. Lizinq alanın yazılı razılığı əsasında avtomobili idarə etməsi üçün cavabdehə etibarnamə verilmişdir. Şəxs onların əməkdaşı olmayıb. Etibarnamə 1 ay müddətinə olub. Lakin pozuntu həmin müddətdə baş verib. Mülkiyyətçi onlar olmağına baxmayaraq qanunvericiliyə əsasən məsuliyyəti Cavabdeh1 daşıyır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - X11 ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə “Toyota Prius (Hibrid) minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; - "xxxx" X3 “Toyota Prius (Hibrid) minik” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin smetasından görünür ki, 12 metrlik 1 çıraqlı işıq dirəyinin bərpasına sərf olunan yekun xərc 1314,8 manat müəyyən olunmuşdur; - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" X3 hesabına sığorta ödənişi kimi 532,53 manat pul ödənilmişdir; - Nəqliyyat vasitəsinin idarə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, 2006-ci il buraxılışlı, “Toyota Prius (Hibrid)” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair səlahiyyəti ötürən "xxxx" MMC nəqliyyat vasitəsini Cavabdeh1 etibar etmişdir. Etibarnamə 1 ay müddətinə verilmişdir; - "xxxx" MMC ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/05926 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, Lizinq verən ("xxxx" MMC), Lizin alan tərəfindən və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və “Toyota Prius” (Hibrid) minik markalı avtomobili müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə nömrə 1-ə müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən idarə edilən **-PT-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədilmişdir. Hadisə nəticəsində dövlət mülkiyyətində olan və balans əsaslı istismar hüququ "xxxx" X4 məxsus olan 1 ədəd işıq dirəyi sıradan çıxmış və müəssisəyə 1314.80 manat məbləğində maddi ziyan dəymişdir. Zərərin müəyyən olunmuş ümumi məbləği 1314.80 manat təşkil etsə də, hadisə zamanı Cavabdeh1 idarə etdiyi avtomobilin icbari sığortası əsasında "xxxx" ASC tərəfindən zərərçəkmiş müəssisəyə 532.53 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, ödənilməmiş qalan 782.27 manat məbləğində zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması üçün iddia irəli sürülmüşdür. Cavabdeh1 isə zərərin məbləğinin yüksək göstərilməsinə istinad edərək iddiaya etiraz edir. Həmçinin digər cavabdeh "xxxx" MMC nəqliyyat vasitəsini lizinqə verdiklərini, lizinq alanın həmin maşını digər cavabdehə icarəyə verdiyini bildirərək iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Bu baxımdan iddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" X4 məxsus işıq dirəyinin sıradan çıxması və nəticədə maddi ziyanın yaranması məhz Cavabdeh1 idarə etdiyi nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. İnzibati protokoldan göründüyü kimi, həmin hadisənin baş verməsində birbaşa məsuliyyət daşıyan şəxs Cavabdeh1 olmuşdur. Təqdim olunmuş sübutlardan və tərəflərin izahatlarından məlum olmuşdur ki, hadisənin baş verdiyi xx.xx.2024-cü il tarixində hadisəni törədən **-PT-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətində olmuş, lakin həmin avtomobil lizinq müqaviləsi əsasında X1 və istifadəsinə verilmişdir. "xxxx" MMC “Lizinq alan”ın iradəsi əsasında avtomobilə dair Cavabdeh1 etibarnamə vermişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə, yəni nəqliyyat vasitəsinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsə aiddir. Bu halda nəqliyyat vasitəsini faktiki olaraq idarə edən şəxs Cavabdeh1 olmuşdur. "xxxx" MMC həmin avtomobilin mülkiyyəçisi olsa da, təqdim edilmiş lizinq müqaviləsindən də göründüyü kimi avtomobil üçüncü şəxsin istifadəsinə verilmişdir. Daha sonra həmin avtomobildən istifadə hüququ etibarnamə əsasında Cavabdeh1 ötürülmüşdür. Zərərin əvəzini ödəmək vəzifəsi yalnız mülkiyyətçiyə deyil, icarə, etibarnamə və digər qanuni əsasla nəqliyyat vasitəsinə faktiki sahiblik və idarə edən şəxsə də tətbiq olunur. Bu baxımdan, avtomobilin mülkiyyətçisinin "xxxx" MMC olmasına baxmayaraq, hadisə zamanı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinə faktiki nəzarəti həyata keçirən şəxs Cavabdeh1 olduğuna görə, zərərin əvəzini ödəmək öhdəliyi də onun üzərinə düşür. Qanunvericiliyin bu tələbləri kontekstində, hadisə nəticəsində dəymiş zərərə görə məsuliyyət Cavabdeh1 üzərində olduğundan, iddia yalnız ona münasibətdə təmin edilməlidir. Zərərin məbləğinə gəlincə qeyd edilməlidir ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" X4, ümumilikdə 1314,80 manat məbləğində maddi ziyan dəymişdir. Hadisəni törədən nəqliyyat vasitəsi icbari sığorta ilə təmin olunduğundan, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində iddiaçının bank hesabına 532.53 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, zərərin bir hissəsi sığorta şirkəti tərəfindən ödənilmiş, qalan 782,27 manat məbləğində zərər isə kompensasiya olunmamış qalmışdır. Qanunvericiliyə uyğun olaraq, zərərin yalnız sığorta ödənişi ilə əhatə olunmayan hissəsi zərəri vurmuş şəxs tərəfindən ödənilməlidir. Bu baxımdan, məhkəmə hesab edir ki, ödənilməmiş 782,27 manat məbləğində zərərin Cavabdeh1 tutulması hüquqi və faktiki əsaslara uyğundur. Cavabdehin zərərin məbləğinin yüksək göstərilməsi, işıq dirəyinin bərpasının mümkünlüyü ilə bağlı etirazına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş balansa qəbul aktı, smeta və digər sənədlərdən görünür ki, işıq dirəyinin dəyəri 1520 manat olmuş, amortizasiya dərəcəsi nəzərə alınmaqla dəyəri 1314,8 manat müəyyən edilmişdir. Məhkəmə həmin məbləği ağlabatan hesab edir. Həmçinin qiymətləndirmə xərcini də nəzərə alaraq qiymətləndirmə keçirilməsini məqsədəmüvafiq hesab etmir. İşıq dirəyinin yüksək təhlükə mənbəyi olduğu nəzərə alınarsa onun təmiri də ağlabatan deyildir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 vurulmuş zərərə görə 782,27 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq iddiaçı "xxxx" X4 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərə görə 782,27 (yeddi yüz səksən iki manat, iyirmi yeddi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar