Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-128/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdeh Nişancı Adem Maksut oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Nişancı Adem Maksut oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nişancı Adem Maksut oğlundan 12 avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 22886,79 (iyirmi ikimin səkkiz yüz səksən altı manat 79 qəpik) manat, faiz borcuna görə 1094,2 (bir min doxsan dörd manat 20 qəpik) manat, dəbbə borcuna görə 4860,43 (dörd min səkkiz yüz altmış manat 43 qəpik) manat, cəmi 28841,42 (iyirmi səkkiz min səkkiz yüz qırx bir manat 42 qəpik) manat məbləğində pulun və 176,53 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh Nişancı Adem Maksut oğlu ilə bağlanmış 12 avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsi üzrə əsas borca 22886,79 manat, faiz borcuna görə 2366,9 manat, cərimə borcuna görə 6000 manat, cəmi məbləği 31253,69 manat həmçinin 183,76 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə cavabdeh – Nişancı Adem Maksut arasında bağlanmış 12 Avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsinə əsasən illik 14 %(on dörd) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 30000 (otuz min) manat məbləğində cavabdehə kredit verilmişdir. 12 Avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Nişancı Adem Maksut kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 12 Avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 12-dan gec olmayaraq hər ay 2693,62 (iki min altı yüz doxsan üç manat 62 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Nişancı Adem Maksut 12 Avqust 2022-ci il tarixli, SHNPU- 10403 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 22886,79 (iyirmi iki min səkkiz yüz səksən altı manat 79 qəpik) manat, faiz borcuna görə 1094,2 (bir min doxsan dörd manat 20 qəpik) manat, dəbbə borcuna görə 4860,43 (dörd min səkkiz yüz altmış manat 43 qəpik) manat, borcun cəmi məbləği 28841,42 (iyirmi səkkiz min səkkiz yüz qırx bir manat 42 qəpik) manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 12 avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Nişancı Adem Maksut oğluna 12 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 30000 manat kredit verməyi, Nişancı Adem Maksut oğlu isə borcunu müqavilədə müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" ASC tərəfindən Nişancı Adem Maksut oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, Nişancı Adem Maksut oğlu gecikdirilmiş 12289,49 manat pulu 5 təqvim günü ərzində ödəməyəcəyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Nişancı Adem Maksut oğlu arasında bağlanmış 12 avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsinə əsasən 22886,79 manat əsas, 1094,2 manat faiz, 4860,43 manat cərimə, cəmi 28841,42 manat məbləğində borcu yaranmışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Nişancı Adem Maksut oğlu arasında bağlanmış 12 avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsinə əsasən 22886,79 manat əsas, 2366,9 manat faiz, 6000 manat cərimə, cəmi 31253,69 manat məbləğində borcu yaranmışdır. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9450 №-li ekspert rəyindən məlum olur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Nişancı Adem Maksut oğlunun "xxxx" ASC-yə 12 avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsi üzrə borcu xx.xx.2023-cü il tarixə 22,886,79 manat, faiz borcu isə 1,094,21 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Nişancı Adem Maksut oğlu arasında bağlanmış 12 avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-nə 12 avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsinə əsasən 22886,79 manat əsas, 1094,21 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh Nişancı Adem Maksut oğlu kredit məbləğini alaraq istifadə etmiş, lakin borcunu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməmiş, qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçının cavabdehdən tutulmasını tələb etdiyi faiz borc məbləği 2366,9 manat olduğu halda,ekspert rəyi ilə faiz borc məbləğinin 1094,21 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Məhkəmə əsas və faiz borc məbləğinin tutulması hisəsində onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan ekspert rəyindən əsas borc məbləğinin 22886,79 manat, faiz borc məbləğinin 1094,21 manat olduğu müəyyən olunur. Belə olan halda məhkəmə iddia ərizəsində qeyd edilən əsas və faiz borc məbləğinin deyil, ekspert rəyində qeyd olunan əsas və faiz borc məbləğinin cavabdehdən tutulmasını daha ədalətli hesab edir. Məhkəmə cərimə borcunun cavabdehdən tutulması ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cərimə məbləği əsas borc məbləğinə tənasübsüz çox olduğundan azaldılmalı və 1500 manata endirilməlidir. Göründüyü kimi, cavabdeh Nişancı Adem Maksut oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı "xxxx" ASC-yə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Nişancı Adem Maksut oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Nişancı Adem Maksut oğlundan "xxxx" ASC-nin xeyrinə 12 avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsinə əsasən 22886,79 manat əsas; 1094,21 manat faiz, 1500 manat cərimə, cəmi 25481 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu olan 183,76 manat məbləğində pulun 142 manatı cavabdeh Nişancı Adem Maksut oğlundan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun 83 manatı cavabdeh Nişancı Adem Maksut oğlundan, 17 manatı isə "xxxx" ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 avqust 2022-ci il tarixli, SHNPU-10403 saylı kredit müqaviləsinə əsasən cavabdeh Nişancı Adem Maksut oğlundan 22886,79 (iyirmi iki min səkkiz yüz səksən altı manat yetmiş doqquz) manat əsas; 1094,21 (min doxsan dörd manat iyirmi bir qəpik) manat faiz, 1500 (min beş yüz) manat cərimə, cəmi 25481 (iyirmi beş min dörd yüz səksən bir) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu olan 183,76 manat məbləğində pulun 162 manatı cavabdeh Nişancı Adem Maksut oğlundan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun 83 manatı cavabdeh Nişancı Adem Maksut oğlundan, 17 manatı isə "xxxx" ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-128/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-128/2024
01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver