Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1306/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1350,73 manat məbləğində sığorta ödənişinin, 33,51 manat məbləğində dövlət rüsumunun və 0.40 manat məbləğində xidmət haqqının, cəmi 1384,64 məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə edilən “Mercedes Benz E200 CDİ minik” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 09:06 radələrində Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində “Chevrolet Cruze” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. xx.xx.2022-ci il tarixli hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ”a əsasən xx.xx.2022-ci il tarixli hadisə zamanı Cavabdeh2 “Mercedes Benz E200 CDİ minik” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyinə görə onun barəsində xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib olunaraq İXP-nın 332.1-ci və 327.2-ci maddələrinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. İştirakçılar arasında keçirilmiş nettinqin nəticəsinə əsasən dəymiş zərərlə bağlı 1350.73 məbləğində sığorta ödənişi iddiaçı tərəfindən müvafiq qaydada “Atəşgah Sığorta”-nin bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, PBA********** saylı icbari sığorta müqaviləsinin surətindən müəyyən olunur ki, “Mercedes Benz E200” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti xx.xx.2022-ci il tarixdən 12 ay müddətinə “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə “ARAYİŞ”dan müəyyən olunur ki, “Mercedes Benz E200D” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli zərərin qiymətləndirilməsi barədə aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Curze” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1360 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli, BS-S-23/0381 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1350,73 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, PBA********** nömrəli icbari sığorta müqaviləsi bağlanmış və **-GD-*** qeydiyyat nişanlı, “Mercedes Benz” markalı minik vasitəsi 12 ay müddətinə, 90 manat yekun sığorta haqqı müəyyən edilməklə 5000 manat məbləğində icbari sığorta ilə təmin edilmişdir; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixidə saat 09:06 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, B.Nuriyev kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. **-GD-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1, hadisə baş verdiyi andakı sürücüsü Cavabdeh2 olmuşdur ki, o, nəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir, sürücülük vəsiqəsi olmuşdur; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, CLM**********5 saylı sığorta aktının surətindən görünür ki, “Chevrolet Cruze” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyət vasitələrinin tam sığortası ilə sığortalanmış, sığortanın başlama və bitmə müddəti xx.xx.2022-xx.xx.2023-cü il, sığorta məbləği 55000 manat təşkil edir. 26.12..2022-ci il tarixdə sığorta hadisəsi baş vermişdir. Təqdim edilən qüsur aktına uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 1360 manat məbləğində olduğu, sığorta ödənişinin 1360 manat olduğu müəyyən edilmişdir; “İnzibati tənbeh vermə haqqında” elektron qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə AR İXM-in 332.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir; xx.xx.2023-cü il məktubun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 sığorta ödənişini 5 gün ərzində "xxxx" ASC-yə ödəmələri barədə xəbərdar olunmuşdurlar; Ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 33,51 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan, Cavabdeh2 tərəfindən idarə olunan və icbari qaydada sığortalanmış “Mercedes Benz E200 CDİ” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində yol hərəkəti qaydalarını pozması nəticəsində “Chevrolet Cruze” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı maşınla toqquşmuşdur. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərərə görə 1350,73 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı Cavabdeh2 nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyinə əsaslanaraq sığorta aktına əsasən ödədiyi 1350,73 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yarana bilər. “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə uyğun olaraq, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Eyni Qanunun 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. AR İXM-in 332-ci maddəsinin “Qeydi”nə görə isə “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Hazırki iş üzrə iddaçı subroqasiya hüququnun yaranması əsası olaraq nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edildiyini bildirsə də, qeyd edilməlidir ki, sürücünün avtomobili etibarnamə olmadan idarə etməsi onu avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Belə ki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Çünki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal hesab olunur və sığorta hadisələrinin baş verməsi riskini artırır. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi, icarə müqaviləsi və s. bu kimi müqavilələr mövcuddur. Mülki qanunvericilikdə avtomobildən istifadə müqaviləsi üçün yazılı forma məcburi forma kimi müəyyən edilməyib. Hazırki işdə də qeyd olunan avtomobilin mülkiyyətçinin razılığı olmadan Cavabdeh2 tərəfindən idarə edilməsinə dair hər hansı sübut mövcud deyildir və qanunvericilikdə əşyadan istifadə edilməsi üçün məcburi forma şərti müəyyən edilməmişdir. Etibarnamə olmadan avtomobilin idarə edilməsi isə hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi anlamına gəlmir. Göründüyü kimi, sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlardır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs anlamına gəlmir, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarına, xüsusilə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmununa uyğun olaraq, avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə, yaxud digər əşya hüquqlarına dair müqavilə və ya başqa qanuni əsaslarla idarə edən şəxs də avtomobilin sahibi hesab olunurlar. Hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir və etibarnamə olmadan avtomobil idarə edən şəxsin “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası baxımından “hüququ olmayan şəxs” kimi qiymətləndirilməsi normanın mahiyyəti və məqsədi ilə uzlaşmır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh2 “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs” hesab edilmədiyindən iddiaçının icbari sığorta növü üzrə subroqasiya qaydasında pulun ödənilməsini cavabdehlərdən tələb etmək hüququ yaranmamışdır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1306/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1306/2023
15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver