Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-132/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Səmimə Elşad qızının katibliyi İddiaçı LPO QSC "xxxx" KB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO QSC "xxxx" KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC "xxxx" KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 07 may 2004-cü il tarixli KX 829 saylı kredit müqaviləsi üzrə cavabdehdən 569,86 (beş yüz altmış doqquz dollar, səksən altı sent) ABŞ dolları məbləğində əsas borc, 1273,35 (bir min iki yüz yetmiş üç dollar, otuz beş sent) ABŞ dolları məbləğində faiz borcu, 169,68 (bir yüz altmış doqquz dollar, altmış səkkiz sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2012,89 (iki min on iki dollar, səksən doqquz sent) ABŞ dolları məbləğində pulun, 54,23 (əlli dörd manat, iyirmi üç qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 07 may 2004- cü il tarixində kredit verilməsi haqqında KX 829 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 569,86 (beş yüz altmış doqquz, 86) ABŞ dolları məbləğində əsas borc, 1273.35 (bir min iki yüz yetmiş üç, 35) ABŞ dolları məbləğində faiz borcu, 169.68 (bir yüz altmış doqquz, 68) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 2012.89 (iki min on iki, 89) ABŞ dolları məbləğində borcu qalmışdır. Kredit Müqaviləsinin 4.4.5-ci bəndində isə göstərilir ki: “Alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir”. Eynilə Kredit Müqaviləsinin 4.4.8-ci bəndinə əsasən: “Müqavilə şərtlərini tam və vaxtında icra etmək “Borc alan”ın vəzifəsidir”. Məhkəmə iclasında iddiaçı LPO QSC "xxxx" KB-nin nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, Cavabdeh "xxxx" KB QSC ilə xx.xx.2004-cü il tarixində bağladığı KX 829 saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 24 % olmaqla 12 ay müddətinə 5000 ABŞ dollar məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan məlum olur ki, Cavabdeh xx.xx.2004-cü il tarixində bağladığı KX 829 saylı müqavilə üzrə 23 sentyabr 2022-ci il tarixinə əsas borcu üzrə 569,86 ABŞ dolları, faiz borcu üzrə 1273,35 ABŞ dolları, gecikdirilmiş faiz borcu 169,68 ABŞ dolları olmaqla ümumilikdə 2012,89 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2004-cü il tarixində bağladığı KX 829 saylı Kredit müqaviləsi üzrə yaranmış borcun 3 gün müddətində banka ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2024-cü il tarixli 9/5654 saylı ekspert rəyinə əsasən, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli, KX 829 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri üzrə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən edilir:
1. 07.05.2005-ci il tarixinə yəni müqavilə müddətinədək əsas borcu üzrə — 2986,76 ABŞ dolları; faiz borcu üzrə — 623,61 ABŞ dolları
2. 23.09.2022-ci il tarixinə yəni Maliyyə arayışı müddətinədək əsas borcu üzrə — 569,86 ABŞ dolları, faiz borcu üzrə — 623,61 ABŞ dolları 5%-lə hesablanan faiz borcu — 684, 53 ABŞ dolları
3. 08.08.2024-cü il tarixinə yəni Rəy verilən müddətinədək əsas borcu üzrə — 569,86 ABŞ dolları, faiz borcu üzrə — 623,61 ABŞ dolları 5%-lə hesablanan faiz borcu — 737, 95 ABŞ dolları Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Sözügedən Qərarda göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır” Məhkəmə iş üzrə mötəbər sübut olan ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, xx.xx.2004-cü il tarixində bağladığı KX 829 saylı kredit müqaviləsi üzrə Cavabdeh 569,86 ABŞ dolları əsas borc və 623,61 ABŞ dolları faiz borcu iddiaçı LPO QSC "xxxx" KB-nin xeyrinə ödənilməlidir. Məhkəmə, iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz borcun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla, 169,68 manat faizin tutulmasını əsaslı hesab edərək həmin hissədə təmin edilməsini qanunauyğun hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 54,23 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməli, habelə aparılmış mühasibatlıq ekspertizasının xərci 100 manat Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 569,86 ABŞ dolları əsas borc, 623,61 ABŞ dolları faiz borcu, 169,68 ABŞ dolları 5%-lə hesablanan faiz borcu olmaqla, cəmi 1363,15 ABŞ dolları pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 54,23 manat dövlət rüsumu LPO QSC "xxxx" KBnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Solmaz Ədilova