Məhkəmə qərarları › İş №e-2(005)-1323/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1323/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1323/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X5 və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X5 və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı notariat ofisində onunla Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə onun arasında Bakı şəhəri 9 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixli, 42500 manat məbləğində uydurma kredit müqaviləsi bağlanmışdır. Həmin pulu Cavabdeh2 heç vaxt ona verməmiş, hədə qorxu, təhdidlə imza etdirmişdir. Həmin pul banka qoyulmadan yalnız sənəd üzərində yazılaraq ona imza etdirilmişdir. Qanunvericiliyin tələbinə əsasən həmin pul Cavabdeh2 tərəfindən notariusun depozitinə qoyulmalı və o, pulu götürməli idi. Müqavilə borc görüntüsü yaratmaq niyyətini göstərməkdən ötrü notariusda təsdiqlənmişdir. Müqavilə bağlandığı andan etibarsızdır. Mübahisənin əsasını qudası Ağasəliyev Ağabala Ağababa oğlunun kredit götürməsi və pulun onun üzərinə qoyulması olmuşdur. Pulu da faiz adı altında Ağabala qaynı Zaur ilə birlikdə ondan almağa çalışırlar. Eyni zamanda qudası gəlinini məcbur etmişdir ki, oğlu Fuaddan boşanmağa vermiş və boşanma olmuşdur. Bundan sonra almadığı pulu ondan tələb edirlər. Müqavilə bağlanarkən o, əsas borcla birlikdə, qudasına Dəmir Banka olan 18000 manat pulu ödəməyi öhədəsinə götürmüşdür. Həmin məbləği də, banka hissə-hissə ödəmişdir. Qudası öz evini girov qoyaraq bankdan həmin məbləğdə kredit götürmüş və həmin məbləği borc kimi vermişdir. Aralarında olan razılığa görə götürdüyü 18000 manatın əsas və faiz borclarını banka ödəmişdir. Bu günki reallığa əsasən borcu ödəmiş sayılır. Amma qudası Ağabala ilə Zaur tərəfindən çoxlu təzyiqlər olub və məcburiyyət qarşısında qalaraq müqaviləni imzalamışdır. Bu barədə dəfələrlə şikayəti olmuş və Binəqədi RPİ 5-ci PB-nin qərarı ilə cinayət işinin başlanmasından imtina edilmişdir. Eyni zamanda həmin qərar ilə iş Binəqədi RPİ 7-ci PB-nə və və Binəqədi rayon Prokurorluğuna göndərilmişdir. Bu araşdırmalar barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirdi ki, onun bacısı İddiaçı ilə qudadırlar. İddiaçının oğluna təcili pul lazım olduğundan bacısı evini kredit təşkilatına girov qoyaraq, pul götürmüş və iddiaçıya vermişdir. İddiaçı pulu ödəmədiyi üçün bacısının evi kredit təşkilatı tərəfindən əlindən alınmasın deyə, kredit təşkilatına 42500 manat kredit borcunu ödəyərək, evi girovdan çıxartmışdır. İddiaçı söz vermişdir ki, bir neçə günə Rusiya Federasiyasından pul gələcək və o, borcunu qaytaracaqdır. Lakin iddiaçı pulu qaytarmadığı üçün o, iddiaçıya təklif etmişdir ki, aralarında olan borc məsələsini notariat kontorunda rəsmiləşdirsinlər. Onlar notariat kontoruna getmiş, lakin borc müqaviləsinin bağlanması üçün depozitə pul qoyulması tələb olunduğundan o, 42500 manat məbləğində öz pulunu notariusun depozitinə qoymuş, borc müqaviləsi təsdiq edildikdən sonra iddiaçı depozitdən həmin pulu götürərək ona qaytarmışdır. İddiaçının ona borcu olduğundan, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Cavabdeh2 onun qardaşıdır. İddaçı İddiaçı pul lazım olduğuna görə bacısı evini banka girov qoyaraq pul götürmüş və iddiaçıya vermişdir. İddiaçı banka olan borcu ödəmədiyindən qardaşı Cavabdeh2 iddiaçının yerinə banka 42500 manat pul ödəmişdir. X7 2-3 gün ərzində pul gələcəyini və həmin pulla borcunu qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Pul qaytarılmadığından, qardaşı iddiaçıya təklif etmişdir ki, notariusda borc müqaviləsi bağlasınlar. Borc müqaviləsinin bağlanması üçün qardaşı onun iştirakı ilə notariusun depozitinə 42500 manat pul qoymuşdur. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, cavabdeh onun dayısıdır. İddiaçı təcili pul lazım olduğuna görə anası evlərini banka girov qoyaraq, 42500 manat pul götürmüş və iddiaçıya vermişdir. Lakin iddiaçı vaxtaşırı ödənişləri etmədiyi üçün borc yığılmışdır. Dayısı Cavabdeh2 bu borcu bağlayaraq, evi girovdan azad etmişdir. İddiaçı onun əvəzindən banka ödənilmiş 42500 manat pulu qaytaracağını vəd etmiş, lakin qaytarmamışdır. Dayısı ödədiyi pulu rəsmiləşdirmək istəmiş, bu səbəbdən banka pul ödənildikdən 2-3 gün onlar iddiaçı ilə notarius ofisinə gedərək borc müqaviləsi bağlamışlar. Həmin vaxt borc müqaviləsinin bağlanması üçün depozitə pulun qoyulması lazım olmuşdur. Dayısı 42500 manat pulu notariusun depozit hesabına qoymuş, müqavilə təsdiq edildikdən sonra iddiaçı həmin pulu depozitdən götürərək dayısına qaytarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayon Prokuroruna və Bakı şəhəri Binəqədir rayon Polis İdarəsinin rəisinə ünvanlanmış məktubların surətində qeyd edilmişdir ki, X17 onun oğludur, X10 isə keçmiş gəlinidir. X10 oğlu Fuada qarşı nikahın pozulması, uşağın ana ilə qalmasının müəyyən olunması və sabit pul məbləğində alimentin tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Oğlu Fuad və gəlini Günel arasında olan ailə münasibətləri pozulduğu üçün o, ciddi şəkildə X3 anası X2 və dayısı Cavabdeh2 tərəfindən ölümlə təhdid edilir. Oğlu ilə gəlini Günelin münasibətləri normal olan zamanlar Günelin atası Ağasəliyev Ağabala Ağababa oğlu öz evini banka girov qoyaraq, bankdan pul götürmüş və həmin pulun 18000 manat hissəsini ona əl borcu vermişdir. Həmin borcu, yəni 18000 manat pulu banka gecikmə etmədən vaxtı-vaxtında ödəmişdir. Lakin Günelin atası Ağabala bankdan pul götürmək üçün 10000 manat “şapka” pulu vermiş və həmin pulu da onun ödəməyini tələb etmişdir. Hətta bunu Günelin atası yox, dayısı Cavabdeh2 tələb edir. Hazırda pul şişirdilmiş və 42500 manat olmuşdur. Onu təhqir və təhdidlər edərək, məcburi şəkildə Cavabdeh2 tanışı olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusuna aparmış və xx.xx.2022-ci il tarixə kimi qaytarmaq şərtilə xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi bağlanmışdır. Bu müqavilə bağlanan zaman 42500 manat məbləğində pul ortalıqda olmamış və notarius da həmin pulu öz depozitinə keçirmələrini tələb etməmişdir. Günel ilə Fuad arasında olan nikah münasibətləri pozulduğu üçün hazırda təhdidlər edərək, pulu tələb edirlər. xx.xx.2022-ci il tarixdə gəlini X3 Binəqədi Rayon Məhkəməsinə verdiyi boşanma ərizəsi ilə bağlı o, da həmin gün oğlu Fuad ilə birlikdə məhkəməyə getmişdir. X19 boşanmaq istəmir və hətta məhkəməyə boşanma ilə bağlı etiraz ərizəsi ünvanlayaraq, onların barışması üçün məhkəmədən vaxt istəmişdir. Oğlunu tək qoymamaq üçün bəlkə onların barışması üçün nəsə edər deyib, məhkəməyə o, da getmişdir. Gəlini Günel ilə birlikdə onun anası Reyhan Ağasəliyevada məhkəmədə olmuşdur. X2 onu məhkəmədə görən kimi məhkəmə zalında üstünə hücum çəkərək, xəsarət yetirmək istəmişdir. Lakin onun bu hərəkətlərinə məhkəmədə olan polis əməkdaşları imkan verməmiş və onun yanından uzaqlaşdırmışlar. Bu zaman halı pisləşmiş və yenə də buna baxmayaraq, Ağasəliyeva Reyhan onu məhkəmənin inzibati binasının qarşısında gözləyərək, nalayiq sözlər işlətmiş, şərəf və ləyaqətini alçaltmış və ölümlə təhdid etmişdir. Hətta onun orada olan vətəndaşları saymayaraq, polislərin müdaxiləsinə məhəl qoymayaraq, ona qarşı etdiyi hərəkətləri görən polis əməkdaşları bildirmişdir ki, ictimai qaydaları pozaraq şərəf və ləyaqətini alçaldan bu xanımdan şikayət edə bilər. X1 qardaşı Cavabdeh2 da əvvəlki məhkəmə prosesində, yəni xx.xx.2022-ci il tarixdə səs-küy salaraq bildirmişdir ki, 42500 manat pulu ödəməsinə 2 ay vaxtı qalıb. Cavabdeh2 ölümlə təhdid edərək, pul tələb edir. Cavabdeh2 ona qarşı pul tələbinə dair iddiası mülki xarakterlidir və ölümlə təhdid edərək yox, normal qaydada pul tələbinə dair iddia qaldıraraq ondan pulu tələb etmək hüququ vardır. Ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilsə, əsaslı və tutarlı səbəbləri, sübutları var ki, iddia məhkəmə tərəfindən rədd ediləcək; Salyan rayon 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-10607 nömrəli İcra qeydindən görünür ki, Cavabdeh2 xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 42500 manat və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu tutulması qeyd edilmişdir; Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, 3M/1469 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş və notarial qaydada təsdiq edilmiş Kredit müqaviləsi üzrə 42500 manat borcun ödənilməsi tələb edilmişdir; Bakı Şəhəri 9 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 3M-1469 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, “borc verən” Cavabdeh2 “borc alan” İddiaçı 42500 manat məbləğində pul borc verir. Tərəflərin razılığına əsasən “borc alan” krediti xx.xx.2022-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər; "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə X4 hesabına 42500 manat məbləğində pul köçürmüşdür; "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 478534 nömrəli məxaric orderinin surətindən görünür ki, İddiaçı 42500 manat məbləğində pulu qəbzi imzalamaqla götürmüşdür; Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/819 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, 2(005)-1323/2023 nömrəli mülki işin 107-ci vərəqəsində olan MUĞ seriyalı, xx.xx.2019-cu il tarixli, 478534 nömrəli çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, lakin iddiaçı cavabdeh ilə arasında bağlanmış borc müqaviləsinin onun tərəfindən imzalanmasına baxmayaraq, əslində həmin borcun mövcud olmadığını iddia edərək, həmin müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). İşin faktiki hallarından, tərəflərin izahatlarından, şahid ifadələrindən və iddia ərizəsində qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdehin tələb etdiyi 42500 manat məbləğində borc faktiki olaraq iddiaçıya verilməmiş və iddiaçı xx.xx.2019-cu il tarixli borc müqaviləsini iradə ifadəsi olaraq deyil, formal olaraq imzalamışdır. Mülki Məcəllənin 739, 442, 445-ci maddələrin dispozitiv şərtlərini nəzərə alaraq məhkəmə qeyd edir ki, müqavilənin əsaslı hesab edilməsi üçün aşağıdakı halların mövcudluğu sübut edilməlidir: tərəflər arasında imzalanmış borc müqaviləsinin şərtləri yerinə yetirilmiş, yəni müqavilədə göstərilən borc məbləği borc alana verilmiş, borc alan isə həmin borc məbləğini qəbul etmiş, lakin müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kredit borcunu qaytarmamış və bununla da, müqavilə öhdəliklərini pozmuşdur. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli borc müqaviləsi borc məbləğinin faktiki olaraq cavabdehə verilməsini və bununla da, kredit müqaviləsinin bağlandığını təsdiq etmir. Belə ki, borc münasibətlərini tənzimləyən Mülki Məcəllənin 37-ci fəslinə aid maddələrə görə borc müqaviləsi konsensual deyil, real müqavilədir. Yəni borc müqaviləsinin bağlanmış hesab edilməsi üçün müqavilənin tərtib olunması və imzalanması kifayət etmir. Bunun üçün Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilən hərəkətlər tam icra olunmalı və borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana verməlidir. Yalnız bu hal baş verdikdən sonra borc müqaviləsi bağlanmış hesab edilir və borc alanın aldığı əşyanın borc verənə qaytarması öhdəliyi yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasında yazılı borc müqaviləsinin imzalanmasına baxmayaraq, Mülki Məcəllənin 739-cu maddəsində göstərilən hərəkətlər faktiki yerinə yetirilməmiş və tərəflərin kredit müqaviləsindən irəli gələn öhdəlikləri əmələ gəlməmişdir. Belə ki, Cavabdeh2 izahatından və şahid ifadələrindən aydın olur ki, xx.xx.2019-cu il tarixdə borc müqaviləsi bağlanan zaman Cavabdeh2 tərəfindən formal olaraq 42500 manat məbləğində pul notariusun depozit hesabına qoyulmuş və borc müqaviləsi təsdiq edildikdən sonra həmin pul iddiaçı tərəfindən götürülərək Cavabdeh2 qaytarılmışdır. İşdən göründüyü kimi, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli borc müqaviləsi yalan əqddir. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən borc müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Hazırkı mübahisə predmeti təşkil edən xx.xx.2019-cu il tarixli müqavilə görünüş üçün bağlandığından, etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu ilə əlaqədar tələb olmadığından, iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 126 manatı iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, iddiaçı bankın məxaric qəbzindəki imzanın ona aid olmadığını bildirmiş, bu səbəbdən mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin keçirilmiş ekspertizanın nəticəsində müəyyən edilmişdir ki, məxaric qəbzdəki imza iddiaçı tərəfindən icra edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 3M-1469 reyestr nömrə ilə qeydə alınmış borc müqaviləsi bağlandığı andan etibarsız hesab olunsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 126 manat isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar