Məhkəmə qərarları › İş №e-2(005)-1331/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1331/2025

17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1331/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının gecikdirilməsinə görə maddi və mənəvi zərərin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əmək haqqının gecikdirilməsinə görə maddi və mənəvi zərərin ödənilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, qeyd edilən iddia ərizəsinə iddiaçının mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək qanunvericiliyin müvafiq tələbinə riayət edilib-edilməməsi məsələsini müəyyən etmək mümkün olmamışdır. İddia tələbindən göründüyü kimi iddiaçı əvvəllər işlədiyi təşkilat ilə əmək münasibətləri çərçivəsində yaranmış mübahisənin məhkəmə tərəfindən həll edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Hazırki iddia tələbi isə məhz əmək münasibətlərindən irəli gəldiyindən qanunvericiliyin tələbinə əsasən iddia ərizəsinə iddiaçının mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilməlidir. Belə ki, “Mediasiya haqqında” Qanunun 29-cu maddəsinə görə, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir (29.2). Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir (29.3). Tərəflər mediasiya prosesini davam etdirməyə qərar verdikdə isə tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanılır və bu Qanunun 24-cü maddəsinə uyğun olaraq mediasiya prosesi həyata keçirilir (29.5). Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir (29.6). Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir (29.7). Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə uyğun olaraq iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə görə isə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2 və 152.4-cü maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə iddiaçı tərəfindən oxşar məzmunlu üçüncü iddia ərizəsinin təqdim edilməsinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 174.5-ci maddəsinə görə məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1, 152.1.6-1, 152.2 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının gecikdirilməsinə görə maddi və mənəvi zərərin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar