Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1341/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 11378,02 (on bir min üç yüz yetmiş səkkiz manat iki qəpik) manat borc olmaqla – bundan 7396,09 (yeddi min üç yüz doxsan altı manat doqquz qəpik) manat əsas və 2752,19 (iki min yeddi yüz əlli iki manat on doqquz qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 31,62 (otuz bir manat altmış iki qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli 02/4558/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 09 sentyabr 2019-cu il tarixli dörd tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********294 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 11378,02 (on bir min üç yüz yetmiş səkkiz manat iki qəpik) AZN təşkil edir. Bundan 7396,09 (yeddi min üç yüz doxsan altı manat doqquz qəpik) AZN əsas, 3950,31 (üç min doqquz yüz əlli manat otuz bir qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 31,62 (otuz bir manat altmış iki qəpik) AZN borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəmədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsinin tələb hissəsində faiz borcunun səhvən 2752,19 manat qeyd olunduğunu, həmin yanlışlığın aradan qaldırılması və faiz hissəsinin 3950,31 manat kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli 02/4558/DİK nömrəli kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli 02/4558/DİK saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında 09 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli 02/4558/DİK nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, əsas məbləğ 8000, faiz 3373,78, ümumilikdə 12373,78 manat borc vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, 10 oktyabr 2022-ci il tarixinə LPO "xxxx" ASC ilə 7396,09 (yeddi min üç yüz doxsan altı manat 09 qəpik) AZN məbləğində əsas borc, 3950,31 (üç min doqquz yüz əlli manat 31 qəpik) AZN məbləğində faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 61,62 (otuz bir manat 62 qəpik) AZN ümumilikdə isə 11378,02 (on bir min üç yüz yetmiş səkkiz manat 02 qəpik) AZN məbləğində borc qalmışdır. Tərəflər arasında olan münasibətlər məhkəmədən kənar qaydada həll edilmək məqsədilə, tələb olunur ki, 11378, 02 (on bir min üç yüz yetmiş səkkiz manat 02 qəpik) AZN məbləğində borc məbləğinin 3 iş günü müddətində Banka ödənilməsi tələb edilmişdir. Əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, tərəflərindən pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1341/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3127 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli, 02/4558/DİK saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə sualda qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə olan borcu 11.560,41 manat məbləğində müəyyən edilir, o cümlədən müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2022-ci il tarixə; əsas borc üzrə 7.795,08 manat; faiz borcu üzrə 4.020,53 manat. Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablamaqla: əsas borc üzrə 7.795,08 manat; faiz borcu üzrə 4.453,59 manat; faiz borcu 5% ilə 433,06 manat. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində tam əsaslıdır, cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə iş üzrə mötəbər sübut olan ekspert rəyini əsas götürüb hesab edir ki, iddia əsaslıdır və təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 7396,09 manat əsas, 3950,31 manat faiz olmaqla cəmi 11346,4 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla, 31,62 manat faizin tutulmasını əsaslı hesab edərək həmin hissədə təmin edilməsini qanunauyğun hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 125 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 7396,09 manat əsas borc , 3950,31 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 61,62 manat faiz borcu olmaqla, cəmi 11408,02 manat borc və 125 manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1341/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1341/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver