Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1354/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi İddiaçı1, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 manat maddi ziyan, 130 manat dövlət rüsumu və 300 manat vəkil müqaviləsinə ödəniş cəmi 10.430 manat Cavabdeh tutularaq İddiaçı2 xeyrinə və 5.000,00 manat dəymiş ziyan, 70 manat dövlət rüsumu cəmi 5.070,00 manat Cavabdeh tutularaq İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-504/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış hökmü ilə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, təqsirləndirilən şəxs X9 xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan X8 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” minik markalı **-UD- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan X8 baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə tasına keçən çoxsaylı sınıqları, sağ bazu və saidin səthi kəsilmiş yaraları, bədənin çoxsaylı sınıqları ilə müşaiyət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq baş beyinə, qişalarına və mədəciklərə qansızma səbəbindən X8 aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olmuşdur. X4 idarə etdiyi “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdır. Cavabdeh mülkiyyətində olan “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığortalamamış və heç bir müqavilə bağlamadan X7 maşının idarə etdirməklə işə cəlb etmişdir. X1 idarə etdiyi “Opel Astra” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillin mülkiyyətçisi İddiaçı2dur. Qəza zamanı İddiaçı2 10.000 manat maddi ziyan dəymişdir. İddiaçı1 X1 arvadı olaraq iş üzrə X1 hüquqi varisidir. Cavabdeh mülkiyyətində olan “Howo” yük markalı ** FD *** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığortalamadığı üçün İddiaçı1 X1 ölümünə görə 5.000 manat sığorta ödənişini almamışdır. X3 döyüşlərdə iştirak edərək qazi olaraq 3-cü qurup əlil idi. 2 az yaşlı övladı vardır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh və üçüncü şəxs məhkəmə tərəfindən müvafiq qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Howo ZZ3317 N 3867W Yük” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı, **-UD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı2 məxsusdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Мəhkəмə Ekspertizası Mərkəzinin 8/1609 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Howo markalı, **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X11 qərarından görünür ki, vətəndaş X9 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-504/2024 nömrəli hökmünə əsasən, X9 Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, X4 22–23 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və ona qəti olaraq 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 11 ay 28 gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. İş materiallarında olan İcbari Sığorta Bürosunun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 022792 nömrəli məktubundan görünür ki, büronun informasiya sistemində axtarış zamanı “HOWO” yük markalı, 77FD821 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş PSS********** nömrəli sığorta şəhadətnaməsinin qüvvədə olduğu aşkarlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Utilizasiya aktından görünür ki, İddiaçı2 aid olan, dövlət nömrə nişanı **-UD-*** olan, 2005-ci il istehsalı “Opel Astra” minik universal avtomobili “Red Motors”-un servisində texniki baxışdan keçirilmiş və avtomobilin bütün ehtiyat hissələrinin yararsız halda olduğu təyin olunmuşdur. Bu avtomobili heç bir imkan daxilində təmir edilməsi mümkün olmadığı üçün avtomobil utilizasiya olunması zəruri hesab olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2025ci il tarixli, 3-13-16/2-68673/2025 nömrəli məktubdan müəyyən olunur ki, “Howo ZZ3317 N 3867W Yük” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022ci il tarixdən Cavabdeh mülkiyyətindədir. Həmin avtomobilə dair kompüter uçot bazasından olan çıxarışdan görünür ki, avtomobilə dair X7 etibarnamə verilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ/M-32-249/2025 nömrəli ekspert rəyindən görünür ki, buraxılış ili 2005-ci il olan, tünd göy metallik rəngli, ******* mühərrik, M.İ.H: 1248 olan “Opel Astra” minik markalı nəqliyyat vasitəsinin saz vəziyyətdə xx.xx.2025-ci il tarixinə bazar qiyməti 9.800 manat təşkil edir. Mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Howo” yük markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil, X8 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan X8 aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olmuşdur. X1 idarə etdiyi “Opel Astra” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillin mülkiyyətçisi İddiaçı2dur. Qəza zamanı İddiaçı2 10.000 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçıların təqdim etdiyi sübutlarla qismən sübuta yetmişdir. Məhkəmə ilk növbədə İddiaçı2 iddia tələblərinə hüquqi qiymət verir və aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh avtomobilini sığortalamadığı üçün o, avtomobilinə dəymiş zərəri sığorta şirkətindən ala bilməmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 22 may 2024-cü il tarixdə saat 03:00 radələrində “Howo” yük markalı **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X9 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, qarşı əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan X8 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” minik markalı **-UD- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla sonuncu avtomobilə (yol vərəqəsi olsa da, hər hansı əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsini təsdiqləyən sübutlar təqdim edilmədiyindən) zərər vurmuşdur. Utilizasiya aktına əsasən sözügedən avtomobil tamamilə sıradan çıxmışdır. Məhkəmə Cavabdeh mülki məsuliyyətini araşdıraraq qeyd edir ki, cavabdehin mülkiyyətində olan HOWO” yük markalı, 77FD821 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəzanın baş verməsində təqsirli bilinən Əliquliyev X2 keçməsinin qanuni əsası və ya cavabdehin iradəsinə zidd şəkildə qanunsuz olaraq keçməsi müəyyən edilməmişdir. Odur ki, cavabdeh avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olduğundan və avtomobilin onun iradəsinə zidd şəkildə sahibliyindən çıxması sübut olunmadığından, o, İddiaçı2 dəymiş zərərin ödənilməsi üçün mülki məsuliyyət daşıyır. Belə ki, hadisə nəticəsində “Opel Astra” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı2 maddi zərər dəyməsi öz təsdiqini tapmışdır. İddiaçı avtomobilinə dəymiş maddi zərərin 10.000 manat olduğunu qeyd etmiş, həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli UNİ/M-32-249/2025 nömrəli ekspert rəyinə əsasən, vurulmuş maddi ziyanın məbləği 9.800 manat təşkil edir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı2 tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh məxsus nəqliyyat vasitəsilə iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər vurulduğundan, Cavabdeh İddiaçı2 məxsus “Opel Astra” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 9.800 manat iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin İddiaçı1 iddia tələbinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Opel Astra” minik markalı, **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 həyat yoldaşı X10 ölmüşdür. İddiaçı hazırda bildirir ki, cavabdeh avtomobilini sığorta etmədiyi üçün o, sığorta şirkətindən müvafiq sığorta ödənişini ala bilməmişdir. Məhkəmə qeyd edir ki, İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə bu maddənin 27.1.1-27.1.8-ci maddərində nəzərdə funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Həmin Qanunun 32.1.3-cü maddəsinə əsasən əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, Büro tərəfindən kompensasiya ödənişi verilir. Göründüyü kimi, qanunla şəxsin sağlamlığına zərər vurulduğu hallarda sığorta ödənişinin həyata keçirilməsi mümkün olmadıqda, iddiaçı həmin ödənişin İcbari Sığorta Bürosu tərəfindən ödənilməsini tələb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti isə cavabdehdən alınaraq "xxxx" MMC-nə ödənilməlidir. İddiaçı2 tərəfindən ödənilmiş 300 manat vəkil xərci cavabdehdən tutularaq xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı2 xeyrinə maddi zərərə görə 9.800 manat tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 9.800 manat və vəkil xidmətindən istifadəyə görə 300 manat alınaraq İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1354/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1354/2025
11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver