Məhkəmə qərarları › İş №e-2(005)-1365/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1365/2022

11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1365/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2016ci il tarixli, 2(005)-1581/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, İddiaçı Cavabdeh ilə birgə nikahdan anadan olmuş övladları 09.01.2007-ci il təvəllüdlü X2 və 16.12.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya haqqı kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2016-ci il tarixli, 2(005)-1581/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Göyçay rayon VVADQ şöbəsində bağlanmış, 29 aprel 2006-cı il tarixli nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş 09.01.2007-ci il təvəllüdlü X2 və 16.12.2008-ci il təvəllüdlü X3 anaları iş üzrə İddiaçı yanında qalması, tərəflərin birgə nikahdan doğulmuş 09.01.2007-ci il təvəllüdlü X2 və 16.12.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tututlması qət edilmişdir. Bildirir ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən 6 ildən çox müddət keçmişdir. Qeyd edir ki, bu günə qədər bütün sahələrdə həmçinin ərzaq, dərman vasitələri, texnika, kommunal xərclər və s. qiymətlərdə xeyli artım olduğundan, infilyasiya faizi ilbəil yüksəldiyindən övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Məhkəmə qətnaməsi ilə övladları Leyla və Muradın saxlanılması üçün tutulmuş alimentin miqdarı çox azdır. Hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimetin miqdarı artırılmalıdır. O, övladlarının normal fiziki və mənəvi inkişafı üçün əlverişli şəraitdə böyüdülməsi üçün heç nəyi əsirgəmir. Lakin hamıya bəllidir ki, uşağın qidası, geyimi, baxım xərcləri yüksək məbləğ tələb edir və günü-gündən bahalaşır. Məhkəmə qətnaməsi ilə tutlmuş alimentlə isə bu xərcləri ödəmir. Cavabdeh bugünədək qət edilmiş alimenti ona ödəməmişdir, övladlarının maddi və mənəvi təminatı ilə maraqlanmamışdır. Öz atalıq vəzifələrini yerinə yetirməmişdir. Odur ki, hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1581/2016 saylı, 22.06.2016-cı il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, tərəflərin birgə nikahdan doğulmuş 09.01.2007-ci il təvəllüdlü X2 və 16.12.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 193 manat manat məbləğində aliment tutulmalıdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan bir övladı doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaq anasının yanında qalır və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 1581/2016 saylı, 22.06.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunur ki, X5 ilə İddiaçı arasında Göyçay rayon VVADQ şöbəsində 29 aprel 2006-cı İl tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 211 nömrə ilə qeyd edilmiş ;nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 09.01.2007-ci il təvəllüdlü X4 və 16.12.2008-ci ildə X6 anası İddiaçı yanında saxlanılmış, Tərəflərin birgə nikahlarından doğulmuş 09.01.2007-ci il təvəllüdlü X2 və 16.12.2008-ci ildə X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 09 fevral 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay, hər bir uşağa 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, Cavabdeh 09.01.2007-ci il təvəllüdlü X2 və 16.12.2008-ci ildə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. İddiaçının iddia tələbinin əlavə xərcin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, heç bir hüquqi əsasa söykənmədiyindən həmin hissədə iddia tələbi əsassızdır, belə ki iddiaçı məhkəmə araşdırması zamanı əlavə xərcin nədən ibarət olmasını, tələb hüququnun hansı əsaslardan irəli gəldiyini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.03.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 50 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1581/2016 saylı, 22.06.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 09.01.2007-ci il təvəllüdlü X2 və 16.12.2008-ci ildə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar