Məhkəmə qərarları › İş №e-2(005)-1367/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1367/2023

24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1367/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində əsassız yerə alınmış 6500 manat ödənişin mərhum X2 anası İddiaçı cavabdeh "xxxx" MMC-dən tutularaq geri qaytarılmasını və X2 ölümünü gizlədərək iddiaçıdan pul tələb etdiklərinə görə xüsusi qərardad çıxardaraq prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsəslandırmışdır ki, X5 avtomobil qəzasında xəsarət alaraq xx.xx.2022-ci il tarixdə X9 Reanimasiya şöbəsinə yerləşdirilmiş və bu müddətdə aşağıdakı ödənişlər edilmişdir: xx.xx.2022-ci il tarixdə 3000 manat; xx.xx.2022-ci il tarixdə 2950 manat; xx.xx.2022-ci il tarixdə 50 manat; xx.xx.2022-ci il tarixdə 1000 manat; xx.xx.2022-ci il tarixdə 200 manat; xx.xx.2022-ci il tarixdə 1500 manat; xx.xx.2022 il tarixdə 1000 manat. Ailə üzvlərinin X3 görməsinə şərait yaradılmamış, ailə üzvləri narahat olaraq xx.xx.2022-ci il tarixdə zorla onun yerləşdirildiyi palataya daxil olanda X2 vəfat etdiyini görmüş və ölünün verilməsini tələb etmişlər. Ailə üzvləri hesab edirlər ki, X5 2 gün əvvəl ölmüşdür. Lakin xəstəxana pul almaq üçün ölüm haqqında məlumatı gizlətmiş və onun yaxın qohumlarından ölümdən sonra 6500 manat pul almışlar. Hətta ölümünü gördükləri gün belə 2500 manat pul alınmışdır. İddiaçı tərəfindən cavabdeh EGE Hospital rəhbərliyinə pretenziya ilə müraciət edilmiş, xx.xx.2022-ci il tarixində əsassız yerə alınmış 6500 manat ödənişin mərhum X2 anası İddiaçı geri qaytarılması xahiş edilmiş, əks təqdirdə hadisə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər hüquq mühafizə orqanlarına məlumat veriləcəyi, X2 ölüm faktının gizlədilməsi, əsassız yerə vəsaitin alınmasına görə Hospitalın və bu hadisədə iştirak etmiş həkimlərin, işçi heyətinin məsuliyyətə cəlb edilməsi üçün müraciətlər ediləcəyi, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş bir sıra addımlar atılacağı, bunlarla yanaşı, X2 ölüm vaxtının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi üçün müraciət ediləcəyi bildirilmişdir. Lakin pretenziya tələbi cavabsız qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər. Eyni zamanda iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin xx.xx.2023-cü il tarixli, KEŞ-291 nömrəli rəyinə əsasən 1973-cü il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir : tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X5 Cavabdehda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olduğu müddət ərzində onun vəziyyəti xx.xx.2022-ci il tarixdə ağırlaşmışdır. Aparılmış laborator analizlərin cavablarında kreatinin miqdarının kəskin şəkildə yüksəlməsini nəzərə alaraq ona dializ prosedurunun icra olunduğu qeyd edilmişdir. Xəstəyə aparılmış dializ proseduru tibbi göstəriş əsasında düzgün təyin edilmişdir; X4 dializ prosedurunun aparılmasına əks göstəriş olmamışdır. Kompleks müalicə müddətində kreatinin miqdarının yüksəlməsi zamanı müalicə həkimi tərəfindən dializ proseduru təyin oluna bilər. Bakı Şəhəri Nərimanov Rayon prokurorluğu tərəfindən İddiaçı X2 "xxxx" hospitalın həkimləri tərəfindən müalicə olunması, tibbi xidmət üçün ödənilmiş 6500 manat pulun geri qaytarılmaması barədə müraciətinə cavab məktubda qeyd olunur ki, yaranmış mübahisə mülki mühakimə icraatı qaydasında həll edilməli olduğundan iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. "xxxx" Hospitalın xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, X4 xidmətlərin göstərilməsi üçün xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 50 manat və 2950 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat və 200 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat və 1000 manat ödənişlər edilmişdir. "xxxx" Hospital tərəfindən verilmiş epikrizdə X2 xx.xx.2022-ci il tarixdə saat 02:35-də öldüyü qeyd olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X5 avtomobil qəzasında xəsarət alaraq xx.xx.2022-ci il tarixdə X9 Reanimasiya şöbəsinə yerləşdirilmiş və ona göstərilən tibbi xidmətlərlə bağlı xx.xx.2022-ci il tarixdə 3000 manat; xx.xx.2022-ci il tarixdə 2950 manat; xx.xx.2022-ci il tarixdə 50 manat; xx.xx.2022-ci il tarixdə 1000 manat; xx.xx.2022-ci il tarixdə 200 manat; xx.xx.2022-ci il tarixdə 1500 manat; xx.xx.2022 il tarixdə 1000 manat ödənişlər edilmişdir. "xxxx" Hospital tərəfindən verilmiş epikrizdə X2 xx.xx.2022-ci il tarixdə saat 02:35-də öldüyü qeyd olunur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 2 gün daha əvvəl öldüyünü, bu faktın cavabdeh tərəfindən qəsdən gizlədirək iddiaçı tərəfdən tibbi xidmət haqqı olaraq əlavə pullar aldığını bildirir və xx.xx.2022-xx.xx.2022-ci il tarixdə etdiyi cəmi 6500 manat ödənişin cavabdehdən tutulmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ekspert rəyini əsas götürərək Cavabdeh MMC-də X4 göstərilmiş ixtisaslı tibbi yardımın təyin edilmiş diaqnoza uyğun aparılmasını vurğulayır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vahid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 2 gün daha əvvəl öldüyünü, bu faktın cavabdeh tərəfindən qəsdən gizlədirək iddiaçı tərəfdən tibbi xidmət haqqı olaraq əlavə pullar alındığını və xx.xx.2022-xx.xx.2022-ci il tarixdə etdiyi cəmi 6500 manat ödənişin cavabdehdən tutulmasını xahiş etsə də, bu tələbini əsaslandıran heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin xx.xx.2023-cü il tarixli, KEŞ-291 nömrəli rəyi ilə cavabdeh tərəfindən müayinə və müalicələrin düzgün aparıldığı qeyd olunmuşdur. İddiaçı tələblərini X2 2 gün əvvəl ölməsi ilə əsaslıdırsa belə həmin tarixədək, yəni xx.xx.2022-xx.xx.2022-ci il tarixdə etdiyi ödənişlərin nə üçün geri tələb etdiyinə dair heç bir mülahizə bildirməmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsasızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 85 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar