Məhkəmə qərarları › İş №e-2(005)-1367/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1367/2025

08.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1367/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" BOKT ASC-dən müştərək qaydada avtomobilə dəymiş zərərə görə çəkilmiş xərcin əvəzi olaraq 4340 manat, bir ay işləyə bilmədiyinə görə əldən çıxmış faydanın əvəzi olaraq 2000 manat, hüquqi xidmət göstərilməsi üçün ödədiyi 1500 manat olmaqla, cəmi 7840 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində idarə etdiyi “X9” markalı, 77CE747 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi ilə hərəkət edərkən Cavabdeh2 idarə etdiyi, "xxxx" BOKT ASC-nin mülkiyyətində olan "xxxx" markalı, 77YL935 dövlət qeydiyyat nişanlı avtomobillə geriyə doğru hərəkət edərkən avtomobilini sağ hissədən vuraraq avtomobilin qabaq, orta qapılarını, qapı motorunu, arxa krılonu, spollerləri və s. hissələri yararsız hala salmışdır. Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli X7 Protokol və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli X8 haqqında qərar qəbul edilmişdir. Cavabdehin idarə etdiyi avtomobil digər cavabdeh "xxxx" BOKT ASC-dən lizinq müqaviləsi əsasında götürülmüşdür. Avtomobil lizinqə götürülməsinə baxmayaraq icbari sığortası olmamışdır. Ona görə də, avtomobilinə dəymiş zərəri icbari sığorta qarşılamamış, cavabdehlərə müraciət etdikdə isə avtomobili düzəltdirməyəcəklərini bildirmişlər. "xxxx" MMC tərəfindən verilmiş 41 saylı, xx.xx.2024-cü il tarixli nöqsan aktına əsasən 2720 manat məbləğində ehtiyyat hissəsi, 1620 manat məbləğində isə zəhmət haqqı qiymətləndirilmişdir. İdarə etdiyi avtomobillə ölkənin müxtəlif bölgələrinə turist apararaq əldə etdiyi gəlirlə ailəsinin 2 azyaşlı uşağının, ahıl ata-anasının dolanışığını təmin etmişdir. Cavabdehlərin avtomobili düzəltdirməyəcəklərini görüb məcbur qalıb borc alaraq özü düzəltdirmişdir. Lakin, bir ay işsiz qalmışdır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh2 və "xxxx" BOKT ASC-dən müştərək qaydada avtomobilə dəymiş zərərə görə çəkilmiş xərcin əvəzi olaraq 4620 manat, bir ay işləyə bilmədiyinə görə əldən çıxmış faydanın əvəzi olaraq 2000 manat, hüquqi xidmət göstərilməsi üçün ödədiyi 1500 manat, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 200 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 8320 manat məbləğində pulun və ödənilmiş 103,20 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək, onlara münasibətdə iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin idarə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, "xxxx" markalı, 77YL935 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair səlahiyyəti ötürən "xxxx" ASC nəqliyyat vasitəsini Cavabdeh2 etibar etmişdir. Etibarnamə 1 ay müddətinə verilmişdir; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" markalı, 77YL935 qeydiyyat nömrəli avtomobil "xxxx" ASC-nin mülkiyyətindədir; X7 İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" markalı, 77YL935 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “X9” markalı, 77CE747 qeydiyyat nömrəli avtomobilə işçilərin zəhmət haqqısı 1620 manat, ehtiyyat hissələri 2720 manat olmaqla, cəmi 4340 manat məbləğində ziyan dəymişdir; Hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı hüquqi yardıma görə 1480 manat və 20 manat marka pulu ödənilməlidir; xx.xx.2024-cü il tarixli Maliyyə lizinq müqaviləsindən görünür ki, “lizinq verən” "xxxx" ASC “lizinq alan” X1 ilə "xxxx" markalı, 77YL935 dövlət qeydiyyat nişanlı avtomobili ASCnin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin 6.3-cü bəndində əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektini icbari dövlət sığortası ilə təmin edilməsi lizinq alanın hüquqi vəzifəsi kimi müəyyən edilmişdir; “X6 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, YDMQ 005-075/2025 nömrəli rəyindən görünür ki, “X9” markalı, 77CE747 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 4620 manat təşkil edir. Avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün köhnəlmə əmsalı nəzərə alınmaqla tələb olunan vəsait və nəqliyyat vasitəsinə vurulmuş zərərin həcmi (yuvarlaqlaşdırılmış şəkildə): 4456 manat təşkil edir. Ekspertiza tədqiqatının xərci 200 manat İddiaçı tərəfindən alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 tərəfindən idarə edilən "xxxx" markalı, 77YL935 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “X9” markalı, 77CE747 dövlət qeydiyvat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzini cavabdehlər tərəfindən ödənilməsini tələb edir. Cavabdeh "xxxx" ASC nəqliyyat vasitəsini lizinqə verdiklərini, avtomobilin etibarnamə əsasında verildiyini və həmçinin icbari sığorta lizinq alan tərəfindən aparılmalı olduğunu bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Bu baxımdan iddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2nun qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilin sıradan çıxması və nəticədə maddi ziyanın yaranması məhz Cavabdeh2nun idarə etdiyi nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. İnzibati protokoldan göründüyü kimi, həmin hadisənin baş verməsində birbaşa məsuliyyət daşıyan şəxs Cavabdeh2 olmuşdur. Təqdim olunmuş sübutlardan və tərəflərin izahatlarından məlum olmuşdur ki, hadisənin baş verdiyi tarixdə hadisəni törədən "xxxx" markalı, 77YL935 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-nin mülkiyyətində olmuş, lakin həmin avtomobil lizinq müqaviləsi əsasında X2 və istifadəsinə verilmişdir. "xxxx" ASC “Lizinq alan”ın iradəsi əsasında avtomobilə dair Cavabdeh2 etibarnamə vermişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə, yəni nəqliyyat vasitəsinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsə aiddir. Bu halda nəqliyyat vasitəsini faktiki olaraq idarə edən şəxs Cavabdeh2 olmuşdur. "xxxx" ASC həmin avtomobilin mülkiyyəçisi olsa da, təqdim edilmiş lizinq müqaviləsindən də göründüyü kimi avtomobil üçüncü şəxsin istifadəsinə verilmişdir. Daha sonra həmin avtomobildən istifadə hüququ etibarnamə əsasında Cavabdeh2 ötürülmüşdür. Zərərin əvəzini ödəmək vəzifəsi yalnız mülkiyyətçiyə deyil, icarə, etibarnamə və digər qanuni əsasla nəqliyyat vasitəsinə faktiki sahiblik və idarə edən şəxsə də tətbiq olunur. Bu baxımdan, avtomobilin mülkiyyətçisinin "xxxx" ASC olmasına baxmayaraq, hadisə zamanı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinə faktiki nəzarəti həyata keçirən şəxs Cavabdeh2 olduğuna görə, zərərin əvəzini ödəmək öhdəliyi də onun üzərinə düşür. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli Maliyyə lizinq müqaviləsinə əsasən "xxxx" markalı, 77YL935 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari dövlət sığortası ilə təmin edilməsi lizinq alanın uzərinə düşmüşdür. Avtomobili həmin sığorta ilə təmin etməməsinə görə lizinq verən hər hansı məsuliyyət daşımır. Qanunvericiliyin bu tələbləri kontekstində, hadisə nəticəsində dəymiş zərərə görə məsuliyyət Cavabdeh2nun üzərində olduğundan, iddia yalnız ona münasibətdə təmin edilməlidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyində tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “X9” markalı, 77CE747 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 4620 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün “X9” markalı, 77CE747 qeydiyyat nömrəli avtomobilini "xxxx" MMC-nin təmir-bərpa xidmətinə vermiş, görülən işlər nəticəsində xx.xx.2024-cü il tarixli arayışa əsasən çəkilmiş xərclər 4340 manat məbləğində hesablanmışdır. “X6 Mərkəzi” MMC tərəfindən xx.xx.2025-ci il tarixli, YDMQ 005-075/2025 nömrəli rəyi təqdim edildikdən sonra iddiaçı tərəfindən iddia ərizəsinə dəqiqləşdirmə verilməklə, maddi ziyan qismində 4620 manat tələb etsə də, məhkəmə bu əsasla məbləğin artımını əsaslı görmür. Belə ki, əmlaka dəymiş maddi ziyana görə tələb hüququ faktiki zərərin kompensasiyasına yönəlməklə, mülkiyyətçiyə əlavə gəlir qazandırmaq məqsədini güdmür. İşin hallarından da göründüyü kimi artıq iddiaçının avtomobili təmir edilmiş və mötəbər sübut kimi çıxış edən "xxxx" MMC-nin arayışında ziyan məbləği 4340 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə bu arayışı rəhbər tutmaqla, faktiki ziyan həcmini aşmamaq, 4620 manat pul tələbini 4340 manat həcmində təmin etmək qənaətindədir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda qismində 2000 manat pulun cavabdehlərdən tutulması ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasını iddia ərizəsində və məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 1500 manat pulun cavabdehdən tutulması hissəsində də iddia tələbi qismən əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 1500 manat pulun 500 manatını ağlabatan məbləğ olduğunu və cavabdehin öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə 500 manat məbləğində təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 103,2 manatın 66 manatı Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 manatın 72 manatı iddiaçıya, 128 manatı isə Cavabdeh2 aid edildiyindən və ekspertiza xərci iddiaçı tərəfindən ödənildiyindən, 128 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərə görə 4340 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat məbləğində pul, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 103,2 manatın 65,7 manatı və ekspertiza xərcinin əvəzi olaraq 128 manat Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş zərərə görə 4340 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat məbləğində pul, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 103,2 manatın 65,7 manatı və ekspertiza xərcinin əvəzi olaraq 128 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar