Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1375/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı ("X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiya tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxus və xüsusi mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi ərazisində 1 ha. torpaq sahənin iradəsinə zidd və əvəzi ödənilmədən geri götürülməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (“SOCAR”-ın) hərəkətinin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzi olaraq ağlabatan kompensasiya müəyyən edilərək cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon, Məmmədli kəndi ərazisində yerləşən 1 ha. torpaq sahəsi xüsusi mülkiyyət hüquqları əsasında ona, İddiaçı məxsusdur. Həmin torpaq sahəsini xx.xx.2013-cü il tarixdə əvəzini tam ödəməklə, alqı-satqı yolu ilə əldə etmişdir və həmin müddətdən torpaq sahəsi əməli istifadə və sərəncamındadır. Alqısatqıdan sonra torpaq sahəsinə xx.xx.2013-cü il tarixdə adına yeni, **********56 Reyestr nömrəsi ilə Dövlət qeydiyyatına alınmış, xüsusi mülkiyyət haqqında çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə təkrar qeydə alınmaqla, yeni qaydalar üzrə Reyestrdən elektron çıxarış verilmişdir. Sözü gedən 1 ha. torpaq sahəsi xüsusi mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı koteqoriyalı torpaqlara aiddir və təyinatı üzrə istifadə edillərək, əlindən alınana kimi hər il tərəfindən əkilmişdir. Qeyd olunan Abşeron rayonu, Məmmədli kəndində yerləşən, xüsusi mülkiyyətində olan 1 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, razılığı alınmadan, ondan xəbərsiz cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən girilərək, qazıntı işlərinə başlanmışdır. Buna etiraz və şikayətlərinə baxmayaraq, iradəsinə zidd zəbt edilərək, orada neft quyusu qazılmış, hazırda da istismar edilir və özbaşnalıq davam etməkdədir. Mülkiyyətçi olaraq iradəsinə zidd torpaq sahəsinin özgəsinin istifadəsinə alınması, məsuliyyətlə nəticələnən qanunsuz hərəkət olduğu bəllidir. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) rəhbərliyinə ünvanladığı müraciətinə SOCAR-in vitse-prezident cənab İsmayıl Zərgərlinin imzası ilə 08 iyul 2024-cü il tarixdə 14-2/2-Ə-2389- 39/2024 saylı cavab məktubunda xüsusi mülkiyyətində olan torpaq sahəsi “X6” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi və neft-qaz quyularının mühafizə zonası daxilində yerləşdiyi bildirilmişdir. Hazırki halında adı çəkilən torpaq sahəsində hal hazırda neft quyusu fəaliyyətdə olduğu, həmin sahənin hansısa OYL şirkətinə təhkim edildiyi və həmin buruğa nisbətdə, mühafizə zonasının daxilində olacağı bəllidir və torpaq sahəsi bu vəziyyətə cavabdeh tərəfindən gətirilmişdir. Adıçəkilən torpaq sahəsi xüsusi mülkiyyətindədir. Onunla bağlı hər hansı hərəkətə yol verilməmişdən əvvəl, mülkiyyətçi olaraq onunla razılaşdırılmalı idi və dövlət ehtiyatları üçün geri götürülürsə, bunun da əvəzində qanunvericilikdə müəyyən edildiyi kimi ağlabatan kompensasiya müəyyən edilməlidir. Lakin cavabdeh tərəfindən ona aid adı çəkilən 1 ha. torpaq sahəsinin əvəzində ona hər hansı kompensasiya ödənilmədən, geri götürülmüşdür. Hazırki bazarda müəyyən edilən qiymətlər baxımından mülkiyyətində olan 1 ha torpaq sahəsinin yerləşdiyi ərazidə 0,01 ha. torpaq sahəsinin qiyməti minimum 5.000 manat olduğu baxımından, ona 500.000 manat məbləğində ziyan vurulmuşdur. Ona görə də minimum halda həmin məbləğ ağlabatan kompensasiya hesab edilib, xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiklərini və mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X4 iddia tələbini qəbul etmədiklərini və işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Cavabdeh isə kommersiya hüquqi şəxsidir. Yuxarıda qeyd olunduğu kimi, ən azı iki qarşı tərəfin birgə və yaxud ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş üzrə isə kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin əvəzinə kompensasiya tələbi məhz tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gələn tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar olan iddiaçının kommersiya hüquqi şəxsi olan cavabdehə qarşı torpaq sahəsinin əvəzinə kompensasiya ödənilməsi tələbi məhz tərəflərin sahibkarlıq failiyyətindən irəli gəlir və həmin fəaliyyətin həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Bu baxımdan tərəflər arasındakı hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı ("X6" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1375/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1375/2025
26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver