Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1381/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh2 və zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 6000 manat məbləğində əsas borc, 416 manat faiz borcu, 164 manat cərimə borcu olmaqla, cəmi 6580 manat məbləğində borc və 86 manat ödənilmiş dövlət rüsumunun kreditor "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmiş, cavabdehin müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, PKLMB-0892 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, cavabdehə 12 ay müddətinə illik 38 % olmaqla 6000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq borclu Cavabdeh2 zaminləri Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ilə PKLMB-0892 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi bağlandığı müddətdən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməmişdir. Hazırda isə borclular tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Təşkilatla borclu Cavabdeh2 zaminləri arasında bağlanmış xx.xx.2022-ci il tarixli PKLMB-0892 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz öhdəsinə götürmüşdürlər. Borclular dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdirlər. Borclu Cavabdeh2 və zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 6000 manat məbləğində əsas borc, 416 manat faiz borcu, 164 manat cərimə borcu olmaqla, cəmi 6580 manat məbləğində borc pul tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, iki yerə kredit, aliment verir. Maddi durumu çox pisdir. Onu kredit təşkilatında aldatmış və qızıl əşyalarının girov qoyulduğunu bildirmişlər. Buna inanaraq zamin durmağa razı olmuşdur. Həmçinin əsas borcluya 6000 manat deyil, cəmi 3000 manat pul verilmişdir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, ona pul müqavilədə göstərilən məbləğdə verilməmişdir. Hazırda maddi vəziyyəti yaxşı olmadığından borcunu ödəyə bilməmişdir. İddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0892 saylı kredit müqaviləsinə əsasən borc verən "xxxx" ASC borc alan Cavabdeh2 12 ay müddətinə illik 38% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 6000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0892 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixli, PKLMB- 0892 nömrəli kredit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0892 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, PKLMB- 0892 nömrəli kredit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PKLMB-0892 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli, PKLMB- 0892 nömrəli kredit müqaviləsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank qarşısında borcalanla eyni şərtlər daxilində birgə məsuliyyət daşıyır; xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 6000 manat pul Cavabdeh2 ödənilmişdir; xx.xx.2023-cü il tarixli, 37 nömrəli hesabdan çıxarışdan görünür ki, **********00944- 003462 saylı hesab üzrə 300 manat ödəniş edilmiş, qalıq borc 6000 manat əsas, 416 manat faiz və 164 manat cərimə borcu olmaqla, cəmi 6580 manat təşkil edir; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6000 manat əsas, 416 manat faiz, 164 manat cərimə borcu olmaqla, cəmi 6580 manat borcu yaranmışdır; "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, o borcun xx.xx.2023-cü il tarixinədək ödənilməsi barədə xəbərdar olunmuşlar; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 85,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh2 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri ilə təmin olunmuşdur. Həmin müqavilələrə əsasən digər cavabdehlər – zamin Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdirlər. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh - Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdehlər - Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 (zaminlərə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6000 manat əsas, 416 manat faiz, 164 manat cərimə borcu yaranmışdır. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 isə xx.xx.2022-ci il tarixində bankla bağladıqları zaminlik müqavilələrinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Qeyd olunmalıdır ki, kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən Cavabdeh2 12 ay müddətinə, illik 38 faiz olmaqla 6000 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış, kassa məxaric orderi ilə təsdiq olunur. Cavabdehlər izahatında 6000 manat deyil, 3000 manat verildiyini bildirsələr də, etirazının dəlillərini əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cərimənin ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6000 manat əsas, 416 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 6466 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 85,80 manat pulun 84 manatı tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 6000 manat əsas borc, 416 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 6466 (altı min dörd yüz altmış altı) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 85,80 manat pulun 84 (səksən dörd) manatı tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1381/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1381/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver