Məhkəmə qərarları › İş №e-2(005)-1394/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1394/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1394/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə nadir qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Körpələr evi-uşaq bağçası MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Körpələr Evi-uşaq bağçası MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin təmiri üçün çəkilmiş 83.300 manat, invertar və avadanlıqlarının qiyməti isə 66000 manat olmaqla, ümumilikdə 149300 manat pul vəsaitinin, 440 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 İddiaçı Körpələr Evi-uşaq bağçası MMC adından Cavabdeh arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanılmışdır. Müqavilə 5 il müddətinə bağlanılmışdır və xx.xx.2019-cu il tarixindən qüvvəyə minmişdir. Bu müqavilənin 1.1, 1.2, 1.3-cü bəndlərinə əsasən Cavabdeh ona məxsus ümumi sahəsi 238,88 kv.m olan ünvan 1 ünvanında yerləşən sahəni X2 icarəyə verməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində X3 mülahizəsinə görə istənilən vaxt Cavabdeh şifahi razılığı ilə öz hesabına uşaq baxçasının fəaliyyəti ilə bağlı ünvan 1 ünvanında struktur dəyişiklikləri ( o cümlədən, kompüter, elektrik və s. sistemlərin avadanlıqların quraşdırılması ilə bağlı), təmir və yenidənqurma işləri apara bilər. Müqavilənin 3.1.3.-cü bəndinə əasən, bu müqavilənin qüvvədə olduğu müddətdə (istənilən uzadılma müddəti də daxil olmaqla) X3 heç bir fasilə və ya əngəllər olmadan ünvan 1 sahəsindən istifadə etmək hüququna malikdir. Müqavilənin 4.2-ci bəndinə müvafiq olaraq, icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-indən etibarən, başlanılacaq və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərtilə X3 tərəfindən Cavabdeh müvafiq bank hesabına köçürmə yolu ilə və ya nağd şəklində (razılaşmaya əsasən) ödəməlidir. İddiaçı qeyd edir ki, icarəyə götürülən obyekt yaşayış evi olaraq inşa edilmişdir, tam təmirsiz idi (padmoyak). Obyekt Cavabdeh tərəfindən qeyri-yaşayış obyekti təyinatlı istifadə ediləcəyini bilərək X2 verilmişdir. Bu obyekt X3 tərəfindən təmir edilmiş, yaşayış sahəsini qeyri-yaşayış obyektinə çevirmiş, xüsusilə uşaq bağçası kimi fəaliyyət göstərməsi üçün külli miqdarda vəsait qoyaraq təmir etdirmişdir. Eyni zamanda yaşayış sahəsinin həyəti xam torpaqdan ibarət idi. Uşaqların həyətdə gəzmələri, oynamaları üçün uşaq bağçası təssərüfatına uyğun olaraq təmir edilmişdir. Bu müqavilənin 1.5-ci maddəsinə əsasən, icarə obyektinin normal fəaliyyətinin bərpası üçün tələb olunan ilkin vəsaitin məbləği 32000 manat məbləğində müəyyənləşdirilmişdir və bu təmir xərcləri X1 öz vəsaiti hesabına olmuşdur. Təmirin bir hissəsi müqavilə bağlanan tarixədək aparılmış və müqavilədə ilkin xərclər 32000 manat müəyyən edilmişdir. X3 müqavilə bağlandıqdan sonra külli miqdarda vəsait qoyaraq təmir işlərini yekunlaşdırıb bağçanı işə salmışdır. Bağça işə düşəndən bir müddət sonra pandemiya şərtlərinə əsasən fəaliyyətini dayndırmalı olmuşdur. Həmçinin, Əmlak Qiymətləndirmə Mərkəzinə müraciət edilərək qiymətləndirmə rəyi hazırlanmışdır. Rəydə ünvan 1 ünvanında yerləşən yaşayış evinə sıfırdan çəkilən təmir xərcləri, həmçinin invetar və avadanlıqları ilə birlikdə bu günə olan dəyəri 149 300 manat təşikl edir. Belə ki, müvafiq ünvanda inşa edilmiş 238 kv.m-lik, 2 mərtəbədən ibarət binanın sıfırdan təmiri 1 kv.m-i üçün 350 manat olmaqla 83300 manat civarında, invertar və avadanlqılarının qiyməti isə 66000 manat təşkil edir. İddiaçı bağçanı işə saldıqdan sonra cavabdehin qızı bağçaya gəlmiş və bağçanı təmirli və işlək görəndən sonra bağçanı işlətmək həvəsinə düşərək müxtəlif bəhanələrlə müqavilənin ləğvinə nail olmağa çalışmışdır. Müqavilənin qüvvədə olduğu ilk 5 il müddət başa çatanadək Cavabdeh təşəbbüsü və ya təqsiri nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə və ümumi sahəsi 238,88 kv.m olan ünvan 1 ərazisi satılarsa cavabdeh iddiaçının icarə obyektinin təmiri və yenidənqurulması üçün çəkdiyi xərclərin 2 mislini (64000) manat iddiaçıya kompensasiya şəklində ödəniləcək. İddiaçı bildirir ki, cavabdeh onların mövcud obyektdə fəaliyyət göstərməsini istəmir. Belə ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli müvafiq icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin ona geri təhvil verilməsi, icarə haqları üzrə yaranmış 10880 manat pulun tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinni xx.xx.2021-ci il tarixli, 2(004)- 4035/2021 nömrəli qətnaməsi ilə 5440 manat pul vəsaiti Cavabdeh xeyrinə tutularaq qismən təmin edilmişdir. Daha sonra müvafiq qətnamədən X3 tərəfindən apellyasiya şikayəti verilmidir. İş hal-hazırda Bakı Apellyasiya Məhkəməsində icraatdadır. İcarə müqaviləsinin 8-ci maddəsinə əsasən, bu müqavilənin müddəalarının pozulmasına görə və müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia üzrə icarə obyektinə çəkilmiş təmir xərcləri və avadanlıqlar üzrə cavabdehdən 149300 manat pul tələb etmişdir. İddiasının hüquqi əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə istinad edərək müqavilə öhdəliklərinin cavabdehin, yəni icarədarın təqsiri üzündən pozulduğunu əsas gətirmişdir.Tərəflər arasında bağlanmış müqavilənin 10.3.2-ci bəndin görə əgər bu müqavilə qüvvədə olduğu ilk 5 il başa çatanadək icarəçinin təşəbbüsü və ya təqsiri üzündən vaxtından əvvəl pozularsa, obyektin təmiri və yenidən qurulması üçün çəkdiyi xərcləri icarəyə verəndən tələb edə bilməz. Həmin müqavilənin 1.6-cı bəndin görə icarəçi apardığı təmir və yenidən qurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra icarəçi həmin dəyişiklikləri aradan qaldırmağa, icarəyə verən isə onların dəyərini icarəçiyə ödəməyə borclu deyil. İlk olaraq işin hallarından da göründüyü kimi müqavilə şərtləri icarəçinin təqsiri nəticəsində (məhkəmə aktları ilə, yəni qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan qətnamələrlə təsdiq olunur) pozulmuş və pozulmaqda davam edir. Belə ki, həmin icarə müqaviləsinin 4.2-ci maddəsinə görə icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılır və hər aya görə 1360 manat həmin ayın 7dən gec olmamaq şərti ilə “İcarəçi” tərəfindən “İcarəyə verənin” bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilməlidir. Müqavilənin 7.1.2-ci bəndində isə “İcarəçi” icarə haqqını vaxtı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə, icarə müqaviləsi icarəçinin təqsiri səbəbindən pozulmuş sayılır. Bununla bağlı, yəni icarə haqlarının ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)4035/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Körpələr evi-X5 Məsuliyyətli Cəmiyyətindən 5440 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Daha sonra qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1249/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)-4035/2021 saylı qətnaməsi icarə haqqının qismən təmin edilən hissəsində dəyişdirilərək icarə haqqı 6800 manat müəyyən edilmiş, qətnamə gecikməyə görə 5 faiz pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə cavabdeh İddiaçı Körpələr evi-X5 Məsuliyyətli Cəmiyyətindən iddiaçı Cavabdeh xeyrinə 141 manat pul tutulmuşdur. Qətnamə qanuni qüvvəsinə alaraq icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Nəticə etibarı ilə cavabdehin icarə haqqlarını ödəməməsi, yəni müqavilə üzrə öz öhdəliyini kobud şəkildə pozması, müqavilə şərtlərinin icarəçinin təqsiri üzündən pozulması qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur. Qeyd olunur ki, X3 vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, intizamsız şəkildə məhkəmə məhkəmə qərarı ilə tutulan pulu və bundan sonrakı aylar üzrə də ödəməli olduğu iddia predmetindən kənar növbəti icarə haqqlarını ödəməyərək müqavilə şərtlərini pozmaqda davam etmişdir. Bu səbəbdən də Cavabdeh tərəfindən müqavilənin ləğvi və icarə haqqlarının tutulması ilə bağlı iddia qaldırılmış və Yasamal Rayon Məhkəməsinin 2(004)-3898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC ilə iddiaçı Cavabdeh arasında 5 saylı Notariat ofisində reyestrdə 3M-623 nömrə ilə qeydə alınaraq bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən icarə obyektinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, icarə haqları üzrə yaranmış 10.880 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu 123,40 cavabdeh İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Hər iki instansiya məhkəməsinin qətnaməsi ilə müqavilə öhdəliklərinin İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC tərəfindən pozulması faktı sübut olunmuş və buna əsas kimi artıq qanuni qüvvəsini almış məhkəmə aklarına istinad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində xüsusi ilə vurğulanmışdır ki, “cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi, icarə haqlarını gecikdirdiyi işin mübahisəsiz haldır. Cavabdehin öz öhdəliyini yerinə yetirməyə hazır olduğu, öhdəliyin iddiaçının təqsiri ucbatından icra edilməməsi də iş materialları ilə müəyyən edilmir. Bunun əksini təsdiq edən məhkəmə aktları da mövcuddur. Daha sonra iddiaçı vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək hazırki iddia üzrə təmir xərclərindən əlavə avadanlıqların dəyərini tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı bağça kimi fəaliyyət göstərir və aldığı avadanlıqlar bağçanın təyinatı üzrə alınmış və bu bağçanın öz fəaliyyətini davam etdirməsi üçün çəkməli olduqları zəruri istismar xərclərdir. Məsələn, uşaqların yataqları, stol, stullar, oyuncaqlar, mətbəx əşyaları, musiqi alətləri, kitab və dəftər ləvazimatları, gimnastika üçün ləvazimatlar, divarların uşaqlara uyğun boyanması, divar kağızları, həyətdə nəzərdə tutulmuş yellənçəklər, sürüşkənlər və.s. avadanlıqlar məhz obyektin bağça kimi işləməsi üçün nəzərdə tutulmuşdur və ayrıla bilən avadanlıqlardır. Həmçinin həmin avadanlıqlar təmir xərcləri ilə birlikdə vahid təyinat üçün nəzərdə tutulmuş mürəkkəb əşya sayılmaqla yalnız icarəçinin mənafeyinə uyğun gəlir. Çünki icarəçi həmin işləri öz gəlirləri, mənafeləri üçün görür və məqsədi həmin istismar xərclərindən bəhrələnməkdir. Qeyd edilir ki, bu səbəbdən də həmin xərclər icarəçinin özünə aid zəruri istismar xərcləridir ki, həmin xərcləri tələb etməkdə iddiaçı bir daha haqlı olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan; - xx.xx.2019-cu il tarixli Cavabdeh ilə İddiaçı Körpələr evi-uşaq bağçası MMC arasında bağlanan İcarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 89 ünvanında yerləşən ümumi sahəsi 238,88 kv.m olan 4 saylı mənzil icarəyə verilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən uşaq bağçası kimi işlədilməsi nəzərdə tutulmuş bu “sahə” hər ildə 2 ay, beş ildə cəmi 10 ay müddətində bu aylar üçün icarə haqqı ödənilməyəcək. Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılacaq və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənin müvafiq bank hesabına köçürmə yolu ilə və ya nağd şəklində ödənilməlidir. Müqavilənin 9-cu bəndinə əsasən qarşısıalınmaz qüvvənin yaratdığı hallar (təbii fəlakətlər, hərbi əməliyyatlar, iqtisadi böhran, devalivasiya, qanunvericilikdə dəyişikliklər və s.) nəticəsində Müqavilə üzrə öhdəliklərini yerinə yetirmək mümkün olmadıqda, Tərəflər onların yerinə yetirilməməsi üçün məsuliyyət daşımırlar o şərtlə ki, həmin hallar Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir etmiş olsunlar. Bu halda qarşısıalınmaz qüvvənin yaratdığı halların təsirinin müddəti ərzində Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi təxirə salınır. - "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən yaşayış evinə sıfırdan çəkilən təmir xərcləri, həmçinin, inventar və avadanlıqları ilə birlikdə bu günə olan dəyəri 149.300 manat; müvafiq ünvanda inşa edilmiş 238 kv.m-lik, 2 mərtəbədən ibarət binanın sıfırdan təmiri üçün 350 manat olmaqla, 83.300 manat civarında; invertar və avadanlıqlarının qiyməti isə 66.000 manat təşkil edir. - AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilən texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanı Cavabdeh məxsusdur. - AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 1 ünvanda yerləşən mənzil Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2014-cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-4035/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı Körpələr evi-uşaq bağçası MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı Körpələr evi-X5 Məsuliyyətli Cəmiyyətindən 5440 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1249/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edimiş, iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)-4035/2021 saylı qətnaməsi icarə haqqının qismən təmin edilən hissəsində dəyişdirilməsi, icarə haqqı 6800 manat müəyyən edilməsi; qətnamə gecikməyə görə 5 faiz pulun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi; cavabdeh İddiaçı Körpələr evi-X5 Məsuliyyətli Cəmiyyətindən iddiaçı Cavabdeh xeyrinə 141 manat pul tutulması, iddia 5 faizlə pulun tutulması ilə bağlı qalan hissədə təmin olunmaması və qətnamənin icarə haqqı ilə bağlı qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3898/2022 saylıi ş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, Cavabdeh İddiaçı Körpələr evi-uşaq bağçasına qarşı “müqavilənin ləğvi, obyektin təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC ilə Cavabdeh arasında 5 saylı Notariat ofisində reyestrdə 3M-623 nömrə ilə qeydə alınaraq bağlanmış xx.xx.2019cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən icarə obyektinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi; İcarə haqları üzrə yaranmış 10.880 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı Körpələr Evi-Uşaq Bağçası MMC-dən tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1482/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən aydın olur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci i tarixli, 2(004)- 3898/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı Körpələr Evi - X5 Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(004)-3898/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli Cavabdeh ilə İddiaçı Körpələr evi-uşaq bağçası MMC arasında bağlanan İcarə müqaviləsinə əsasən “İcarəyə verən” Cavabdeh ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 89 ünvanında yerləşən ümumi sahəsi 238,88 kv.m olan 4 saylı mənzili “İcarəçi” İddiaçı Körpələr evi-uşaq bağçası adından X2 icarəyə vermişdir. İddia tələbinin iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış İcarə müqaviləsinin 1.6-cı maddəsinə görə İcarəçi apardığı təmir və yenidən qurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra İcarəçi həmin dəyişiklikləri aradan qaldırmağa, İcarəyə verən isə onların dəyərini İcarəçiyə ödəməyə borclu deyil. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən mülki işlə bağlı müvafiq qərarlarından da aydın olur ki, Cavabdeh ilə İddiaçı Körpələr eviuşaq bağçası MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli İcarə müqaviləsi “İcarəçi” tərəfin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində pozulmuşdur. Qanunvericiliyə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417.3-cü maddəsinə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 680.2-ci maddəsinə əsasən, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə iddia tələbinin "təmir xərclərinin ödənilməsi" hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanılan müqavilənin 10.3.1-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu ilk 5 il müddət başa çatanadək “İcarəyə verən”in təşəbbüsü və ya təqsiri nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilərsə və “Sahə” sattılarsa “İcarəyə verən” “icarəçinin” icarə oyektinin təmiri və yenidənqurulması üçün çəkdiyi xərclərin iki mislini 64000 manat) “İcarəçi”yə kompensasiya şəklində ödəyir. Həmin müqavilənin 10.3.2-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu ilk 5 il başa çatanadək “İcarə” çinin təşəbbüsü və ya təqsiri üzündən vaxtından əvvəl pozularsa obyektin təmiri və ya yenidən qulurulması üçün çəkdiyi xərcləri “İcarəyə verən” dən tələb edə bilməz. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1249/2022 saylı, 09 fevral 2022-ci il tarixli və 2(103)- 1482/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnamələri ilə tərəflərin arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, obyektin təhvil verilməsi və icarə haqqlarının tutulması qət edilmişdir. Həmin qətnamələrdə İddiaçı tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilmədiyi, icarə haqlarını gecikdirfyi işin mübahisəsiz halı kiimi təsbit edilmişsir. Qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1249/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Belə olan halda, hazırki iş üzrə də tərəflərin arasında bağlanmış icarə müqaviləsinin iddiaçının təqsiri ucbatından pozulması mübahisəsiz hal kimi qəbul edilməlidir. Buna bamayaraq, iddiaçı tərəfindən məhkəmə qətnamələrinin icra edilmədiyi də tərəflərin izahatı ilə müəyyən edilir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, müqavilə icarəçinin təqsirindən pozulduğu halda təmir və yenidən qurma xərclərin icarəyə verəndən tələb edə bilməməsi barədə şərti razılaşdırmışlar. Müqavilənin etibarlılığı, o cümlədən həmin şərt iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin "inventar və avadanlıqların əvəzinin ödənilməsi" tələbi ilə bağlı qeyd dir ki, həm iddia ərizəsində həm də iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyində avadanlıqların konkret siyahısı, hər bir avadanlığın qiyməti qeyd edilməmişdir. eyni zamanda tərəflərin arasında bağlanmış müqavilənin 1.6-cı bəndinə əsasən, icarəçinin apardığı təmir və yenidənqurma işlərinin nəticəsində yaranmış və ayrılması sahəni zədələmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda Müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra İcarəçinin həminin dəyişiklikləri aradan qaldırmağa icraya verən isə onların dəyərini icarəçiyə ödəməyə borclu deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tərəflərin razılığına əsasən ayrılması mümkün olmayan inventar və avadanlıqların dəyərini tələb etməkdə haqlı olmamışdır. Digər tərəfdən ayrıla bilən avadanlıqlarla da bağlı cavabdehin hər hansı bir tələbi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Körpələr evi-uşaq bağçası MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar