Məhkəmə qərarları › İş №e-2(005)-1409/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1409/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1409/2024 09.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5167.46 (beş min yüz altmış yeddi manat, 46 qəpik) manat-bundan 1076.77 (bir min yetmiş altı manat, 77 qəpik) manat əsas, 1789.43 (bir min yeddi yüz səksən doqquz manat, 43 qəpik) AZN faiz, 2143.46 (iki min yüz qırx üç manat, 46 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 157.80 (yüz əlli yeddi manat, 80 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 71.68 (yetmiş bir manat, 68 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədilə 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01/15 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6111.54 (altı min yüz on bir dollar, 54 sent) ABŞ dolları hesablanmışdır. Kredit müddəti xx.xx.2018-ci il tarixinədək təyin olunmuşdur. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4149.97 (dörd min yüz qırx doqquz dollar, 97 sent) ABŞ dolları manata konvertasiya edilməklə (1 USD=1.50 AZN) 6224.95 (altı min iki yüz iyirmi dörd manat, 95 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. Kredit müqaviləsinə əsasən Cavabdehmüəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri, ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 5167.46 (beş min yüz altmış yeddi manat, 46 qəpik) AZN təşkil edir. Bundan 1076.77 (bir min yetmiş altı manat, 77 qəpik) AZN əsas, 1789.43 (bir min yeddi yüz səksən doqquz manat, 43 qəpik) AZN faiz, 2143.46 (iki min yüz qırx üç manat, 46 qəpik) AZN cərimə,kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 157.80 (yüz əlli yeddi manat, 80 qəpik) AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********342 saylı xx.xx.2023-cü il tarixli, bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, ləğv prosesində olan İddiaçı ASC-dən xx.xx.2015 -ci il tarixdə ********* saylı kredit müqaviləsinə əsasən 6350 USD kredit götürmüşdür. Məlum məsələlərlə əlaqədar 2015-ci ilin fevral ayında baş vermiş devalvasiya prosesində öhdəliyinin icra edilməsində əsaslı çətinlik yaranmışdır. xx.xx.2015-ci il tarixdə banka müraciəti əsasında, həmin müqaviləyə N0:1/15 saylı əlavə saziş bağlamış və kreditinin aylıq ödənişini icra etməyə davam etmişdir. Lakin, 2015-ci ilin dekabr ayında baş vermiş təkrar devalvasiya onun vəziyyətini daha da çətinləşdirdi. Buna baxmayaraq imkan daxilində banka ödənişlərini icra edirdi. xx.xx.2017-ci il tarixdə kredit müqaviləsinə təkrar əlavə saziş bağladılar və qalıq 4149.97 USD borcunu 1.50 məzənnə ilə manata restrukturizasiya etdi. Yaranan 6224.95 manat cədvəl üzrə olan öhdəliyini 12 ay, vaxtında icra etmişdir. Lakin, sonradan ailə vəziyyətində yaranmış maddi çətinliklər öhdəliyinin icrasına imkan vermədi. Azərbaycan Respublikasının Prezidenti X2 müvafiq sərəncamı ilə devalvasiyadan əziyyət çəkmiş müştərilərə ödənilən kompensasiya nəticəsində bank qarşısında öhdəliyinin olmasına dair heç bir məlumat verilməyib. Bir iki il əvvəl bankların birinə kredit üçün müraciət etdi və onun adında problemli öhdəlik olduğuna aid məlumat aldı. Bundan sonra ləğv prosesində olan İddiaçıASC-ə müraciət etdi və bildirdilər ki, onun banka 1077 manat əsas, faiz və cərimə ilə bir yerdə 4000 manata yaxın borcu mövcuddur. Yaxın zamanlarda ləğv prosesində olan "xxxx"ASC-dən məsələnin həlli ilə bağlı çağırdılar. Görüş nəticəsində dedilər ki, borcu artıb və 5000 manatdan çoxdur. Təklif etdilər ki 2400 manat ödə borc bağlansın. Onun imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Bildirmək istəyir ki, hazırda onun ailə vəziyyəti yaxşı deyil və himayəsində yaşlı və insult xəstəsi atası, anası, həyat yoldaşı və üç övladı var . Bu öhdəliyin icrası onun üçün çox çətindir. Əgər zamanında bank qarşısında öhdəliyi haqqında ona bildiriş verilsəydi, Cənab Prezidentin sərəncamından o da faydalanardı və qalan öhdəliyinin icrası üçün bankla razılığa gələrdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş : Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsindən görünür ki, cavabdehə Şəxsi istehlak məqsədilə 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 6350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01/15 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6111.54 (altı min yüz on bir dollar, 54 sent) ABŞ dolları hesablanmışdır. Kredit müddəti xx.xx.2018-ci il tarixinədək təyin olunmuşdur. 26 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 30 dekabr 2023-cü il tarixinə yaranmış ümumi borc 5167 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/2576 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən verilmiş kredit üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan borcu əsas borc üzrə 1103,69 manat, faiz borcu 1585,29 manat, əldən çıxmış fayda borcu üzrə (5%) 159,27 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, tərəflər müqavilələr azadlığı prinsipindən çıxış edərək aralarında borc (kredit) müqaviləsi bağlamış, özləri üçün hüquq və vəzifələr müəyyənləşdirmişlər. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmişdir. Nəzərə alınsa ki, hər kəsin hüquqlarının məhkəmədə müdafiəsinə dövlət tərəfindən təminat verilir, iddiaçı haqlı olaraq kredit müqaviləsi üzrə yaranmış borcun cavabdeh tərəfindən ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, mülki iş üzrə icraat zamanı cavabdehin iddiaçıya olan borcun müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyi ilə əsas borcun məbləğinin iddia ərizəsində tələb edilən məbləğdən yüksək olması səbəbindən əsas borc hissəsinin iddia ərizəsində qeyd edilən məbləğdə, faiz borcunun isə rəydə daha aşağı müəyyən edilməsi səbəbindən faiz borcu hissəsinin ekspert rəyində qeyd edilən məbləğdə götürülməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimənin məbləği 10%-dək azaldılaraq cavabdehdən 107 manat məbləğində cərimə tutulmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 157,80 (manat faiz borcun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas prosedurlarına başlanılmışdır. Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğv edicisi təyin edilmişdir. Hüquqi nəticə etibarı ilə 27 dekabr 2017-ci il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Eyni zamanda məhkəmə etiraz ərizəsinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh etiraz ərizəsində bankın ona borc barəsində məlumat vermədiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iş materiallarından olan 08 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh bildiriş göndərilmiş və ondan 5163,71 manat borcun ödənilməsi tələb edilmişdir. Buradan cavabdehin etirazının mülahizələrdən ibarət olduğu müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1076,77 manat əsas, 1585,29 manat faiz, 107 manat cərimə İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 71,68 manat dövlət rüsumunun 38 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan hissəsi iddiaçıya aid edilsin Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 53 (əlli üç) manatı Cavabdeh, 47 (qırx yedi) manatı isə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ**********0000003944, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar