Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1478/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 arasında bağlanılmış kooperativ binada mənzil alqı-satqısı haqqında 10 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, Cavabdeh3 MMC ilə İddiaçı2 arasında bağlanılmış 29 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsinin qüvvədə olması və etibarlılığının tanınması, cavabdehlərdən öhdəliklərini yerinə yetirmədiklərinə görə müştərək qaydada iddiaçıların xeyrinə 50 000 manat məbləğində dəbbə pulunun tutulması, cavabdehlərin əməllərinə hüquqi qiymət verilməsi, əməldə cinayət tərkibi olduğundan xüsusi qərardad çıxarılması və araşdırılması üçün prokurora göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçılar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulmasına istinad edərək, cavabdehlər arasında mübahisələndirilən daşınmaz əmlak üzərində bağlanmış müqavilənin etibarsız hesab edilməsini, eyni zamanda Cavabdeh3 MMC ilə İddiaçı2 arasında bağlanılmış müqavilənin etibarlı sayılmasını xahiş edirlər. Mübahisələndirilən mənzil Yasamal rayon ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən isə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Məhkəmə hazırki münasibətlərin hüquqi təbiətinə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, məhkəmə təcrübəsinə görə daşınmaz əmlaka olan hüquqlar üzərində tələblər ilə müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydaları üstünlük təşkil etməlidir. Hazırki mülki işdən də göründüyü kimi iddiaçının məhkəməyə müraciət etməsinin, iddianın verilməsinin əsas məqsədi müvafiq əmlakın başqasının sahibliyindən geri qaytarılması, mülkiyyət hüquqlarını məhkəmə qaydasında müəyyən etmək olduğundan, belə bir mübahisə əslində daşınmaz əmlaka əşya hüquqları ilə bağlıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki tələb daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında iddialara aid olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və iddia ərizəsi daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalı və ona ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, mədaxil qəbzinin nömrəsi – **********) rüsum ödəyicisi İddiaçı3 geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək hüquqları vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1478/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1478/2025
21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver