Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1493/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-vərəsələr Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 757,66 manat əsas, 13,32 manat faiz, cəmi 770,98 manat və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 27% ödəmək şərtilə 837 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X4 vəfat etdiyi müəyyən olduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 6 saylı notariat ofisinə məktubla müraciət olunmuşdur. Bakı şəhəri 9 saylı notariat ofisinə məktub ilə X4 vəfat etməsi ilə əlaqədar cavabdeh vərəsələr Cavabdeh1 və Cavabdeh2 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-ci il tarixinə "xxxx" KB ASC-yə 757,66 manat əsas, 13,32 manat faiz, cəmi 770,98 manat borcu yaranmışdır. Bakı şəhəri 9 saylı Notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdığımız işlə bağlı cavabdeh-vərəsələr Cavabdeh1 və Cavabdeh2 borclu-mərhum X4 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olublar. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdeh-vərəsələr Cavabdeh1 və Cavabdeh2 borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Cavabdeh2 mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, 4690tkNFT/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, “borc verən” "xxxx" ASC “borc alan” X5 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), xx.xx.2021-ci il tarixinədək illik 27 faiz ödəmək şərtilə 800 manat məbləğində pul borc verir, “borc alan” isə krediti faizləri ilə birlikdə “borc verənə” qaytarmağı öhdəsinə götürür; "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, X4 hesabına tranzit hesaba köçürülmə təyinatı ilə 500 və 300 manat olmaqla toplamda 800 manat pul köçürülmüşdür; xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X4 4690tkNFT/14 saylı müqavilə üzrə əsas borcu 757,66 manat, faiz borcu 13,32 manat olmaqla, cəmi borcu 770,98 manat təşkil edir; "xxxx" ASC tərəfindən X5 ünvanlanmış xx.xx.2023-ci il tarixli bildirişin surətindən görünür ki, o, borcunun olması, onun 5 iş günü ərzində ödənilməsi və əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixində vəfat etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 9 Saylı Notariat Ofisinin 59 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü, xx.xx.2016-ci il tarixdə vəfat etmiş mərhum X4 miras əmlakına dair 9 saylı notariat ofisində mərhumun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olanlar: X9 və Cavabdeh2 yazılı ərizə ilə müraciət etmişdir- xx.xx.2016-cı il tarixdə 2V/193 reyestr sayda, xx.xx.2016-cı il tarixdə 2V/200 reyestr sayda, xx.xx.2019-cu il tarixdə 2V/21 reyestr sayda vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixində vəfat etmiş X4 vərəsəsi bunlardır: ünvan 2 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2- ¾ pay və xx.xx.1999-cu il təvəllüdlü qızı Cavabdeh1dır- ¼ pay. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən xx.xx.2016-cı il tarixində verilmiş, 2159 saylı məktuba əsasən miras qoyan X4 Nəsimi filialında ******************** saylı hesabında 304,19 manat məbləğində vəsaitdən ibarətdir; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixində vəfat etmiş X4 vərəsəsi bunlardır: ünvan 2 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2- ¾ pay və xx.xx.1999-cu il təvəllüdlü qızı Cavabdeh1dır- ¼ pay. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi, Bakı Şəhər Təcili və X7 Stansiyasında mərhum X4 adına xəstəlik vərəqəsi üzrə 174,90 manat və işçinin vəfatı ilə əlaqədar vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət (dəfn pulu) 1816,53 manatdan ibarətdir; "xxxx" ASC tərəfindən ünvan 3 ünvanlanan xx.xx.2019-cu il tarixli, 084/PB nömrəli məktubunun surətindən görünür ki, X1 "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli PB/0xx/xx/115906 saylı kredit müqaviləsinə əsasən təminat kimi 5 ədəd 750 əyarlı ümumi və xalis çəkisi 73,40 qr. olan qolbaq, 4 ədəd 750 əyarlı ümumi və xalis çəkisi 32 qr. olan üzük, 1 ədəd 750 əyarlı ümumi çəkisi 7,5 qr, xalis çəkisi 6,5 qr olan qızıl-zinət əşyaları saxlancdadır; Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixində vəfat etmiş X4 vərəsəsi bunlardır: ünvan 2 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2- ¾ pay və xx.xx.1999-cu il təvəllüdlü qızı Cavabdeh1dır- ¼ pay. "xxxx"ASC Nizami filialı ilə mərhum X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli PB/0xx/xx/115906 saylı kredit müqaviləsinə əsasən təminat kimi 5 ədəd 750 əyarlı ümumi və xalis çəkisi 73,40 qr. olan qolbaq, 4 ədəd 750 əyarlı ümumi və xalis çəkisi 32 qr. olan üzük, 1 ədəd 750 əyarlı ümumi çəkisi 7,5 qr, xalis çəkisi 6,5 qr olan qızıl-zinət əşyalarından ibarətdir; X2 ünvan 4 ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizənin notarial təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2016-cı ildə vəfat etmiş atası X3 qalmış miras əmlakdan arvadı X6 xeyrinə imtina edir. Ona çatası payı qəbul etmir, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir; Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras qoyan ilə iddiaçı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" ASC X5 800 manat məbləğində kredit verməyi, “borcalan” isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “borcalan” olan X8 xx.xx.2016-cı il tarixində vəfat etmişdir və iş üzrə cavabdehlər onun vərəsələridir (miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışlar). Hazırda iddiaçı borcluların öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək mərhum X4 vərəsələri Cavabdeh2 və Cavabdeh1 əsas borca görə 757,66 manat, faiz borcuna görə 13,32 manat olmaqla, cəmi 770,98 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş edir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən miras qoyana 84 ay müddətinə, illik 27 faiz olmaqla 800 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, həmçinin hesabdan çıxarış ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, mərhum borcalan və onun vərəsələri olan cavabdehlər isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Vərəsələrin məsuliyyəti məsələsinə gəlincə qeyd edilməlidir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. O da qeyd edilməlidir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1307). Cavabdeh2 miras qoyandan hər hansı bir əmlak qalmadığını, miras qalmış qızılların da mərhumun digər xərclərinin ödənilməsinə sərf edildiyini bildirsə də miras qoyanın borclarının miras əmlakdan çox olduğunu təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə, mərhum X8 tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının miras qoyanın vərəsələrindən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, borclu müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən Cavabdeh2 və Cavabdeh1 vərəsələri olduğu miras qoyanın risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün miras həddində cavabdehdir və miras qoyanın öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borca görə əsas borca görə 757,66 manat, faiz borcuna görə 13,32 manat olmaqla, cəmi 770,98 manat pulu iddiaçıya ödəməlidirlər. Məhkəmə cavabdehin müvafiq iddia tələbinin irəli sürülməsi üçün iddia müddətinin ötürülmüş hesab edilməsinə dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırki iş materiallarından göründüyü kimi, iddia müddəti ötürülməmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 84 ay müddətinə bağlanmış, yəni xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuşdur. Göründüyü kimi, müqavilə tələbi üzrə 3 illik iddia müddəti ötürülməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 757,66 manat, faiz borcuna görə 13,32 manat olmaqla, cəmi 770,98 manat məbləğində pul, ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 30,4 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 757,66 manat, faiz borcuna görə 13,32 manat olmaqla, cəmi 770,98 (yeddi yüz yetmiş manat, doxsan səkkiz qəpik) manat məbləğində pul, ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 30,4 (otuz manat, qırx qəpik) manat pul tutularaq iddiaçı “X12” ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1493/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1493/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver