Məhkəmə qərarları › İş №e-2(005)-1512/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1512/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1512/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X1 Mehdi qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə olunmuş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə olunmuş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1247,05 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,47 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirirlər ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdehin həmin kart hesabına (borcluya məxsus kart hesabının №********************) xx.xx.2020-ci il tarixində 1317.88 manat səhvən birdəfəyə mədaxil olmuş və borcalan tərəfindən müxtəlif istiqamətlərdə istifadə edilmiş,xx.xx.2020-ci il tarixində isə səhv mədaxil edilmiş vəsait Bank tərəfindən geri çəkilmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 1247.05 (min iki yüz qırx yeddi manat beş qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçının hesabına əsassız varlandığını nəzərə alaraq, Cavabdeh əldə etdiklərini İddiaçıya qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq Cavabdeh hüquqazidd yolla əldəetdiklərindən məhrum olmalı,onlardan əsassız olaraq məhrum olmuş İddiaçı isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir.Bankdan istifadə etdiyi,bu günə kimi qaytarmadığı pullara görə Cavabdeh həmin vəsait məbləğindən faizləri də İddiaçıya ödəməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, lakin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, göstərilənlərə əsasən iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus VSDC Electron Salary növlü kartdan xx.xx.2020-ci il tarixdə 1317,88 manat silinmişdir. Dövr üzrə 1317,88 manat məxaric olunub, 70,83 manat dövr üzrə mədaxil olunub. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh istifadəsində olmuş İddiaçı ASC-yə məxsus plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 1247,05 manat məbləğində borc yaranmışdır. Qeyd olunan vəsaitin 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunur. Əks təqdirdə məhkəməyə müraciət olunacaqdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlbatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart hesabından bankın vəsaitini xx.xx.2020-ci il tarixdə istifadə etməklə hesabın kreditləşməsi baş vermiş və Cavabdeh əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 1247,05 manat əsas borc tutulmalıdır. Məhkəmə eyni zamanda bank uçot dərəcəsi üzrə faizlərin tutulması tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, məhkəmənin bank uçot dərəcəsi üzrə faizlərin tutulması hissəsində ixtisaslı vərdişləri mövcud olmadığından, iddiaçı isə iddia tələbində hesablanmış məbləği konkret qeyd etmədiyindən həmin hissədə iddia tələbi təmin edilə bilməz. Əlavə olaraq iddiaçıya izah olunur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, əldən çıxmış fayda kimi ona dəymiş ziyanı tələb etmək hüququndan məhrum olmamışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32,47 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1247,05 manat və 32,47 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar