Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1513/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Cavabdeh2 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Cavabdeh2 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Xüsusi X1 tərəfindən ondan 25.010 manat pulun Cavabdeh2 xeyrinə tutulması barədə aparılmış xx.xx.2018-ci il tarixli, 8İ-4853 nömrəli icra qeydinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xüsusi X1 tərəfindən İddiaçı 25.010 manat pulun Cavabdeh2 xeyrinə tutulması barədə xx.xx.2018-ci il tarixli icra qeydi aparılmış və aidiyyəti üzrə icraya yönəldilmişdir. Həmin icra qeydindən iddiaçı yalnız icra zamanı məlumatlı olmuşdur. İddiaçı qeyd edir ki, Cavabdeh1 xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. İddiaçı bildirir ki, Notariat Ofisi borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “borc verən” Cavabdeh2 25.000 manat pulu İddiaçı vermiş, İddiaçı isə bu pulu qəbul etmiş və xx.xx.2017-ci il tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. - Cavabdeh1 xüsusi X1 tərəfindən ünvanlanan 11 iyul 2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 3-M/494 nömrəli kredit müqaviləsinə əsasən 25000 manat pul məbləğini 30 gün ərzində qaytarmayacağı halda icra qeydi aparılacağına dair məlumat verilmişdir. - İş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh1 icra qeydi barədə məktubu xx.xx.2017-ci il tarixdə İddiaçı – ünvan 1 ünvanına göndərilmişdir. - Cavabdeh1 xüsusi X1 tərəfindən tərtib olunan icra qeydindən məlum olur ki, xx.xx.2017-ci il tarixli, 3-M/494 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 xeyrinə İddiaçı xx.xx.2017-ci il tarixədək vaxtında ödənilməmiş 25000 manat pul məbləği tutulmalıdır. İcra qeydi xx.xx.2018-ci il tarixdə aparılmışdır. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-528/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 25000 manat, vəkilə ödənilmiş 200 manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4256/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-528/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, Cavabdeh2 İddiaçı qarşı pul tələbi barədə iddiasına dair mülki işin icraatına xitam verilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-5792/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4256/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 06 may 2017-ci i tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, sonuncu 25000 manat məbləğində pulu 06 iyul 2017-ci il tarixədək qaytarılması şərtilə İddiaçı borc olaraq vermişdir.Həmin kredit müqaviləsi əsasında tələbkar Cavabdeh2 tələbi ilə Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən 27 sentyabr 2018-ci il tarixli icra qeydi aparılmışdır. Daha sonra tələbkar iddia ərizəsi ilə məhkəmə müraciət edərək kredit müqaviləsi üzrə borcun İddiaçı tutulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə iki dəlillə əsaslandırır:
1. İcra qeydinin aparılmasına dair bidirişi almaması;
2. Kredit müqaviləsi üzrə borcun mübahisəli olması. İş materiallarına əlavə edilmiş məktubdan müəyyən olunur ki, 9 saylı Notariat Kontorunun xüsusi X1 tərəfindən İddiaçı 11 iyul 2017-ci il tarixdə məktub ünvanlanaraq icra qeydinin aparılacağına dair məlumat verilmişdir. Eyni zamanda xəbərnamədən də görünür ki, məktub iddiaçının ünvanına göndərilsə də, “köçməsi" səbəbindən onun tərəfindən əldə edilməmişdir. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvanla xəbərnamədəki ünvanın eyni olduğu görünür. İkinci dəlillə bağlı məhkəmə qeyd edir ki, notarius tərəfindən borcun mübahisəsizliyi müvafiq kredit müqaviləsinin mövcudluğu ilə öz təsdiqini tapır. Qanunvericilikdə bununla bağlı hər hansı bir başqa sənədin tələb edilməsi və ya araşdırılmanın aparılması ilə bağlı tələb nəzrdə tutulmamışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı tərəfindən müqavilə bağlanan andan etibarən onun etibarsızlığı mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni notarius tərəfindən icra qeydi aparılarkən qanunvericiliyin tələblərinin pozulduğu öz təsdiqini tapmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”-nın 39.1-ci bəndinə əsasən, icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.22-ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Yuxarıda sadalanan mülki iş materiallarından və qanunvericilik müddəalarından aydın olur ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3-M/494 nömrəli kredit müqaviləsi əsasında tələbkar tərəfindən edilmiş müraciət əsasında Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisinə, Cavabdeh2 qarşı "27 sentyabr 20128-ci il tarixli, 8İ-4853 nömrəli icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə