Məhkəmə qərarları › İş №e-2(005)-1518/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1518/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1518/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 27000 manat, hüquqi yardım üçün ödədiyi 150 manat, dövlət rüsumu olaraq ödədiyi 177,1 manat, borc məbləğinin ödənilməsini gecikdirdiyinə görə (27000 manat x 5% :100% : 1,5 il) = 2025 manat, cəmi 29352,1 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcun qaytarılma (ödənilmə) tarixindən 3 ay keçməsinə, dəfələrlə xatırlatmağına, rəsmi pretenziya göndərməyinə baxmayaraq, cavabdeh ona olan borcunu qaytarmamışdır. Onunla cavabdeh arasında Sumqayıt şəhəri 3 saylı notariat kontorunda bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” əsasında cavabdehə xx.xx.2021-ci il tarixədək borca 27000 manat pul vermişdir. Borcun qaytarılma (ödənilmə) tarixindən 1 il 6 ay keçməsinə, dəfələrlə xatırlatmağına baxmayaraq, borclu müqavilə şərtlərinə əməl etməmiş, borcunu qaytarmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Sadiq oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin formal mülahizələrə əsaslandığını, tərəflərin arasında borc münasibətlərinin olmadığını bildirdilər. Eyni zamanda işə mahiyyəti üzrə baxıb iddianın rədd edilməsi barəd qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, Cavabdeh iddiaçıdan icarəyə restoran götürmüş, buna görə də, iddiaçıya 16500 manat ödəmiş, borc müqaviləsi isə obyektin içindəki avadanlıqlara görə bağlanmışdır. Cavabdeh notarial qaydada 27000 manatlıq borc müqaviləsi bağlamaqla, iddiaçının təkidi ilə avadanlıqları götürmüşdür. Lakin sonra iddiaçı həmin avadanlıqları restorandan aparmışdır. X3 ifadəsində bildirmişdir ki, Cavabdeh sözügedən obyekti iddiaçı ilə danışdıqdan sonra icarəyə götürmüş, həmin obyekti təmir etdirmişdir. İddiaçı bir gün özünü binadan ataraq intihara cəhd etmiş, lakin İspəndiyar müəllim onun pulunu verdikdən sonra çıxıb getmişdir. İddiaçı demişdir ki, müqavilə formaldır, sonra özü ləğv edəcək. Hətta müqavilə bağlandıqdan sonra iddiaçı bütün avadanlıqları özü ilə aparmışdır. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli kredit (borc) müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alan) 27000 məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verir. “Borc alan” krediti xx.xx.2021-ci il tarixədək “Borc verənə” hər ay 2250 manat olmaqla qaytarmağı öz öhdəsinə götürür. İş üzrə mübahisəli hal ondan ibarətdir ki, iddiaçı bu müqaviləyə əsasən verilmiş pulun müqavilədə göstərilən tarixə kimi qaytarılmadığını mübahisələndirir. Tələbini Mülki Məcəllənin 385, 442, 443, 445 və 449-cu maddələri ilə əsaslandırır. Cavabdeh isə bu müqavilənin formal olması, əslində iddiaçının başqa şəxsdən icarəyə götürdüyü “Günaydın” restoranını ona icarəyə verməsi, bunun üçün iddiaçıya icarə haqqı ödəməsi, içindəki avadanlıqlar üçün borc müqaviləsi bağlaması, İddiaçı avadanlıqları borc müqaviləsi bağlanandan bir həftə sonra aparması, həmçinin müqavilə bağlandıqdan sonra depozit hesab vasitəsilə verilən pulu iddiaçıya dərhal geri qaytarması, əslində onun iddiaçıya borcunun olmaması barədə polisdə izahat verdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü hər iki tərəfin üzərinə düşür. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, 1 ədəd “Verbatim” markalı DVD-R diskdə olan K1 kimi işarə olunmuş səs Cavabdeh, K3 kimi işarə olunmuş səs isə İddiaçı məxsus olmuşdur. Ekspert rəyində olan fonoqramdan görünür ki, K1 kimi işarə olunmuş səs ilə K3 kimi işarə olunmuş səsin arasında olan danışıqlara əsasən Cavabdeh İddiaçı müqaviləni ləğv etməyi təklif edir, sonuncu isə aralarındakı məsələlər bitdikdən sonra ləğv edəcəyini bildirir. (call_12-14-07_İN_+**********04) K1 kimi işarə olunmuş səs ilə K3 kimi işarə olunmuş səsin arasında olan danışıqlara əsasən Cavabdeh İddiaçı 21500 manat pulu qaytarmağı tələb edir, sonuncu da Cavabdeh 27000 manat pulu alacağını bildirir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixində kredit (borc) müqaviləsi bağlanmışdır. Əslində bu müqavilə nisyə alqı-satqı müqaviləsinin şərtələrini özündə ehtiva etmişdir. Belə ki, iddiaçı cavabdehlə belə bir müqaviləni bağlayan zaman icarəyə verdiyi obyektdə olan avadanlıqlar üzrə yarana biləcək potensial zərərdən özünü müdafiə etmək məqsədi güdmüşdür. Tərəflər arasında olan telefon danışığı və şahid ifadələri də təsdiq edir ki, İddiaçı Cavabdeh avadanlıqlara görə əvvəlcə 3000 manat məbləğində pul almış, sonra isə bu kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtindən də görünür ki, “Borc alan” krediti xx.xx.2021-ci il tarixinədək “Borc verənə” hər ay 2250 manat olmaqla qaytarmağı öz öhdəsinə götürür. Əslinə bu bənd nisyə alqı-satqı baxımından avadanlıqlara görə pulun hissə-hissə ödənilməsinə yönəlmişdir. Belə olan halda isə bu müqavilə Mülki Məcəllənin müddəaları baxımından alqı-satqı müqaviləsinin şərtləri ilə eynilik təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, aşağıdakı normalar tətbiq edilməklə mübahisəyə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etməyə iddiaçı imkan verməmişdir. Belə ki, bu müqavilə bağlandıqdan sonra iddiaçı icarəyə verdiyi obyektdə olan avadanlıqları cavabdehin iradəsinə zidd olaraq ondan geri almışdır. Müqavilə üzrə nəzərdə tutulan pul bu avadanlıqlara görə ödənilməli olduğundan, iddiaçı da həmin avadanlıqları cavabdehin iradəsinə zidd olaraq restorandan götürərək müqavilə üzrə öz öhdəliyini icra etmədiyi üçün cavabdehin iddiaçıya qarşı müqavilə üzrə pulu ödəmək öhdəliyi, iddiaçının da cavabdehdən müqavilə üzrə ödənişləri tələb etmək hüququ yaranmamışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdehin təqdim etdiyi restoranda yerləşən avadanlıqlar şərti olaraq qiymətləndirilərək Cavabdeh verilmiş borcun tərkib hissəsi kimi nəzərdə tutulması tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsində nəzərdə tutulmasa da, tərəflər arasında bu formada razılığa gəlinməsi məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq olunduğuna görə cavabdehin restoranda yerləşən avadanlıqlar ilə bağlı belə bir borc müqaviləsini imzaladığı, iradə ifadəsinə zidd əqdi bağlamasa belə, məhkəmə üçün bu müqavilənin pərdələnmiş olduğu nəticəsinə gəlinməsinə kifayətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Konstitusiya Məhkəməsinin mövqeyinə görə məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bundan başqa qeyd olunur ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsi tərəfindən bu qəbildən olan əqdlərlə bağlı formalaşdırılmış hüquqi mövqe tərəflərin gəldiyi iddia edilən razılıq, onların əsl niyyətlərinin ifadə olunduğu müqavilənin mövcudluğunun müəyyən edilməsi vacib həlledici əhəmiyyət kəsb edir. Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərdən fərqli olaraq iddiaçı tərəfindən cavabdehə borc müqaviləsi bağlanarkən əslində restoran avadanlıqlarının verilməsi kimi bir razılaşma iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış, tərəflər arasında belə bir sövdələşmə barədə niyyət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri 3 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli kredit (borc) müqaviləsi etibarsızdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda sadalananlara əsasən qeyd olunan hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, prosessual qənaət prinsipi baxımından iddia tələbi borc münasibətləri baxımından əsassız olduğundan, qalan hissələrə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən də iddia tələbi Cavabdeh iddiaçının hüquqi yardım üçün ödədiyi 150 manat, dövlət rüsumu olaraq ödədiyi 177,1 manat, borc məbləğinin ödənilməsini gecikdirdiyinə görə (27000 manat x 5% :100% :1,5 il) = 2025 manat pulun tutulması hissəsində də əsassız hesab edilməli və rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, mülki iş üzrə aparılmış ekspertiza xərci və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, büdcə təsnifat kodu: 14259, büdcə səviyyəsinin kodu: 3) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar